İyulun 5-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Evlərin söküntüsü və yaranan problemlərin məhkəmədə həlli qaydası” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin
elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti
barədə bəzi məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının
müəllimi Qumru Eyvazova söküntünün hüquqi əsasları, tikinti şirkətləri tərəfindən
qaldırılan iddialar, sakinlərin hüquqları və müdafiə üsulları, mövzuya məhkəmələrin
praktiki yanaşmaları, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin
mövzu üzrə müxtəlif qərarları barədə geniş çıxış edib.
Həmçinin təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər
barədə öz təcrübəsini bölüşüb və müxtəlif kazuslar səsləndirilib.
Təlim interaktiv formada davam edib və sonda vəkillərin mövzu üzrə bir
çox sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 78 vəkil distant, 17 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 95 üzvü iştirak edib.