2025-ci il iyulun 8-də Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.
Tədris zamanı VK sədri hakimliyə namizədləri təbrik edərək onlara uğurlar
arzulayıb, son illər Kollegiyada görülən işlər, vəkillik institutunun inkişafı
istiqamətində aparılan islahatlar və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı
məlumat verib.
İcbari tədrisin əhəmiyyətinə toxunan Anar Bağırov namizədlərə nəzəri
biliklərin artırılmasının, peşə hazırlığının gücləndirilməsinin, praktiki
bacarıqların inkişafının və beynəlxalq təcrübənin mənimsənilməsinin zəruriliyini
vurğulayıb.
Həmçinin sədr son illər vəkillərin sayının nəzərəçarpacaq dərəcədə
artdığını və vəkilliyin artıq məhkəmə hakimiyyəti üçün də ciddi kadr bazasına
çevrildiyini bildirib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan vəkillərin
öz bilik və təcrübələri ilə islahatlara töhfə verəcəyinə əminliyini ifadə edib.
Eyni zamanda sədr icbari tədris zamanı qeyri-prosessual münasibətlərə yol
verilməməsinə, vəkillərin etik davranış qaydaları ilə bağlı ən çox yol verilən
pozuntulara, habelə hakim-vəkil münasibətlərin etik tərəfinin praktiki məqamlarına
toxunub.
Tədris proqramı çərçivəsində namizədlərlə interaktiv fikir mübadiləsi
aparılıb.
Sonda VK sədri Anar Bağırov hakimlərin və hakimliyə namizədlərin tədrisində göstərdiyi səmərəli fəaliyyətə görə Ədliyyə Akademiyası tərəfindən Fəxri Fərmanla təltif olunub.