“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının
Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq
əsasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə
regionlarda sosial hüquqi aksiyalar davam etdirilir.
Bu çərçivədə iyulun 10-da və 11-də deputatların təşəbbüsü ilə Şirvan,
Göyçay, Bərdə, Tərtər və Qusar rayonlarında vətəndaşlarla görüşlər keçirilib.
Aksiyalar Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının inzibati binalarında
və Heydər Əliyev Mərkəzlərində təşkil olunub.
Deputatlar Heydər Əsədov (Şirvan), Məzahir Əfəndiyev (Göyçay), Fatma
Yıldırım (Bərdə), Anar Məmmədov (Tərtər) və Azər Badamovun (Qusar) təşəbbüsü ilə
keçirilən tədbirlərdə VK-nın Hüquqi Yardım Mərkəzinin sədr müavini Afət
Qazıyeva və Kollegiyanın müvafiq region vəkil qurumlarının, Tərtərdə isə
Goranboy rayon Vəkil Bürosunun vəkilləri iştirak ediblər.
Vəkillər ümumilikdə 70-ə yaxın aztəminatlı vətəndaşı qəbul edərək müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə məsləhətlər veriblər, həmçinin vətəndaşların müraciətləri dinlənilərək aidiyyəti üzrə yönləndirilib.