2025-ci il iyulun 14-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.
Tədris zamanı VK sədri ədliyyə sisteminə yeni qoşulan əməkdaşları təbrik
edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında vəkillik
institutunun inkişafı istiqamətində son illər ərzində həyata keçirilən
islahatlardan, göstərilən dövlət dəstəyindən və bu sahədə qarşıya qoyulan mühüm
hədəflərdən ətraflı danışıb.
Anar Bağırov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 22
fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkilliyin inkişafı yeni mərhələyə qədəm
qoyub, bunun nəticəsində hüquqi yardımın keyfiyyəti və vəkillərin sayı əhəmiyyətli
dərəcədə artıb. Bu dəyişikliklər ədliyyə sistemində də peşəkar və vətəndaş
yönümlü yanaşmaların gücləndirilməsinə xidmət edir.
Tədris zamanı sədr iştirakçılara hüquqi biliklərin artırılması, etik
davranış standartlarının gözlənilməsi, qeyri-prosessual münasibətlərdən yayınma
və vəkillərlə işgüzar əməkdaşlıq prinsipləri haqqında vacib tövsiyələr verib. Eyni
zamanda Anar Bağırov vəkillərin hüquq sistemindəki rolu, ədliyyə orqanları ilə
qarşılıqlı münasibətləri və etik çərçivələrin praktik əhəmiyyəti barədə geniş
izahlar təqdim edib.
Tədrisin sonunda iştirakçılarla interaktiv müzakirə aparılıb, onların sualları cavablandırılıb və təcrübəyə əsaslanan fikir mübadiləsi həyata keçirilib.