Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə "İnzibati məhkəmə icraatının aktual məsələləri" mövzusunda təlim keçirilib

28 iyul 2025    391 share share

İyulun 26-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati məhkəmə icraatının aktual məsələləri" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunub. Qeyd olunub ki, təlimçi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılovun 2024-cü ildə nəşr olunmuş “İnzibati orqanların diskresion səlahiyyətlərinin sərhədləri və inzibati məhkəmə nəzarəti” və 2025-ci ildə çapdan çıxmış “İnzibati müqavilə” adlı yeni kitablarında əksini tapan məsələlər, inzibati hüququn inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, vəkillərin praktik fəaliyyətində də mühüm rol oynayır, inzibati qərarların qanunauyğunluğuna nəzarət, inzibati aktların hüquqi qüvvəsi və dövlət orqanları ilə fiziki və hüquqi şəxslər arasında bağlanan inzibati müqavilələrin hüquqi təhlili baxımından aktual yanaşmalar təqdim edir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov inzibati məhkəmə islahatları, normativ-hüquqi aktların uyğunlaşdırılması, Avropa təcrübəsi və harmonizasiya, məhkəmə nəzarətinin effektivliyi, yerli qanunverici-normativ baza və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.

Eyni zamanda təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.

Təlim interaktiv formada davam edib və təlimçi tərəfindən iştirakçılara mövzu üzrə təqdim edilmiş kazuslar geniş müzakirə olunaraq praktiki məsələlər qeyd olunub.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev də daxil olmaqla, Vəkillər Kollegiyasının 43 üzvü iştirak edib.