2025-ci il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan, Böyük Britaniyanın Kembric Universitetinin Korporativ Hüquq magistratura proqramına bu il qəbul olunan VK-nın üzvü Gülzada Mirzəməmmədova ilə görüş keçirib.
Kollegiyanın inzibati binasında baş tutan görüşdə sədr Anar Bağırov gənc
vəkili təbrik edərək bu nailiyyəti həm şəxsi uğur, həm də Azərbaycan vəkilliyi
üçün qürurverici hadisə kimi qiymətləndirib.
Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan sədr
Gülzada Mirzəməmmədovaya akademik fəaliyyətində və gələcək peşə karyerasında uğurlar
arzulayaraq, belə nümunələrin ölkəmizdə gənc hüquqşünasların inkişafına müsbət
təsir göstərəcəyini vurğulayıb.
Eyni zamanda Azərbaycanda elm və təhsilə göstərilən davamlı dövlət
qayğısı diqqətə çatdırılıb, gənc hüquqşünasların peşə hazırlığının yüksəldilməsinin
vacibliyi dilə gətirilib.
Gülzada Mirzəməmmədova səmimi görüşə görə minnətdarlığını bildirib, təhsil planları və gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb.