2025-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Kollegiyanın inzibati binasında təşkil olunan görüşdə VK sədri Anar
Bağırov vəkil köməkçilərini salamlayaraq onları təbrik edib və gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Sədr qeyd edib ki, vəkil köməkçiliyi vəkilliyə gedən yolun mühüm mərhələsidir
və peşəkar vəkillərin formalaşmasında əhəmiyyətli rol oynayır.
Anar Bağırov hüquq sisteminin möhkəmlənməsində və cəmiyyətin hüquqi
maariflənməsində vəkillərin mühüm rol oynadığını, bu sahədə savadlı və məsuliyyətli
hüquqşünaslara hər zaman ehtiyac olduğunu söyləyib.
Vəkil köməkçilərinin peşə hazırlığının artırılmasının Kollegiyanın daim
diqqət mərkəzində olduğunu bildirən Anar Bağırov onları aktiv olmağa, təcrübəli
vəkillərdən öyrənməyə və biliklərini davamlı şəkildə təkmilləşdirməyə çağırıb.
Eyni zamanda sədr çıxışının davamında VK Rəyasət Heyətinin 14 oktyabr
2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə
ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştin əhəmiyyətindən
danışıb.
Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.