Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Abşeron rayon Vəkil Bürosunun rəhbəri dəyişmişdir

31 oktyabr 2018    2093 share share

Dünən Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov da iştirak etmişdir.

Tədbirin açılış nitqi ilə çıxış edən Anar Bağırov Kollegiyada son zamanlar həyata keçirilmiş mütərəqqi yeniliklər, Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı və Sərəncamda nəzərdə tutulmuş tövsiyələrin icrası, o cümlədən vəkil qurumlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, qurumların maddi-texniki bazasının yaxşılaşdırılması barədə görülən işlər barədə məlumat vermişdir.

Bundan başqa, Abşeron rayon Vəkil Bürosunun cari fəaliyyəti, yol verilən nöqsanlar, onların həlli yolları, büronun işinin təkmilləşdirilməsi üçün görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirdə həmçinin, Abşeron rayon Vəkil Bürosunun müdiri Füzuli Ələkbərov müdir vəzifəsindən azad olunması ilə bağlı Ümumi Yığıncaq iştirakçılarına müraciət etmiş, Ümumi Yığıncağın qərarı ilə onun müraciəti təmin olunmuşdur.

Daha sonra vəkil bürosunun rəhbəri vəzifəsinə Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Muğan Əliyevin namizədliyi irəli sürülmüş, Ümumi Yığıncağın yekdilliklə qəbul etdiyi qərara əsasən Muğan Əliyev Abşeron rayon Vəkil Bürosunun müdiri seçilmişdir.

Vəkillər Kollegiyasının rəhbərliyi vəkil bürosunun yeni seçilmiş müdiri Muğan Əliyevi təbrik etmiş, onun gələcək fəaliyyətində uğurlar diləmiş, qurumun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı öz tövsiyələrini bölüşmüşdür.