Sentyabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Daşınmaz əmlakla bağlı mübahisələrin xüsusiyyətləri" mövzusunda əyani qaydada təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin
elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və layihənin gənc
hüquqşünaslar üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Vəkillər Kollegiyası
tərəfindən gənclərin hüquq sahəsində inkişafını və peşəkar formalaşmasını dəstəkləmək
məqsədilə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Gənc
hüquqşünasların bilik və bacarıqlarının artırılması, hüquqi maarifləndirmə səviyyəsinin
yüksəldilməsi Kollegiyanın əsas prioritetlərindən biridir.
Eyni zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti
iştirakçıların diqqətinə çatdırılıb, həmçinin gənc hüquqşünaslar jurnalda məqalələrlə
çıxış etməyə dəvət edilib.
Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS
Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək bildirib ki,
"Vəkildən gənc hüquqşünasa" layihəsi təcrübəli vəkillər ilə gənc
hüquqşünasların bilik və təcrübə mübadiləsini təşviq edən mühüm bir təşəbbüsdür.
Gənc hüquqşünaslar bu təcrübədən faydalanaraq, hüquq sahəsində sürətli və
effektiv inkişaf edə bilərlər.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil
Bürosunun vəkili, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Lalə Məmmədli
daşınmaz əmlakın hüquqi aspektləri, əmlakın mülkiyyət hüququ, əmlakın təyinatı
və dəyişdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası və digər əlaqəli məsələlər
barədə geniş çıxış edib.
Həmçinin təlimdə iştirak edən Kollegiyanı üzvü, hüquq üzrə fəlsəfə
doktoru, dosent Fərhad Mehdiyev mövzu ilə bağlı öz təcrübəsinə uyğun müxtəlif məsələləri
gənc hüquqşünaslarla bölüşüb.
Sonda mövzu üzrə iştirakçıları maraqlandıran çoxsaylı suallar ətraflı
cavablandırılıb.
Qeyd edək ki, təlimdə 41 gənc hüquqşünas iştirak edib.