Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvlərinə təlim keçirilib

15 sentyabr 2025    116 share share

Sentyabrın 13-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı; qeydiyyata alınmış qeyri-kommersiya qurumlarının təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatı" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı və təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatı hüquqi fəaliyyət imkanlarının təmin olunması və ictimai maraqların müdafiəsi baxımından əhəmiyyətlidir. Bu proseslər həm dövlətin hüquqi sabitlik siyasətinə, həm də vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, hüquqi şəxslərin qeydiyyatı məsələləri üzrə ekspert Aytən Abbasova qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı, təsis sənədlərinin hüquqi statusu, Ədliyyə orqanlarının qeydiyyat səlahiyyətləri, dövlət qeydiyyatında şəffaflıq prinsipi, hüquqi şəxs statusunun əldə olunmasının hüquqi nəticələri və digər mühüm məsələlər barədə geniş çıxış edib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 41 üzvü iştirak edib.