2025-ci il sentyabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası açan VK-nın sədri
Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran
vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas
imtahanlarının yazılı, şifahi mərhələlərini və icbari təlim proqramını uğurla
başa vuran 3 vəkilliyə namizədin, habelə bir hüquq elmləri
doktorunun andiçmə mərasimi keçirilib. Onlar vəkil etikası və peşə
borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.
Həmçinin bəzi vəkillərin
digər vəkil qurumlarına keçməsi, vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə
xitam verilməsi, vəkillərin təhsili ilə əlaqədar müəyyən müddətdə üzvlük
haqqından azad olunması, o cümlədən bir neçə vəkilin vəkil kabineti yaratmaq, vəkil
kabinetinin ünvanını dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar
çıxarılıb.
Bundan başqa, VK Rəyasət
Heyətinə daxil olan bəzi müraciətlərin araşdırılaraq müvafiq rəy verilməsi üçün
Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.