2025-ci il sentyabrın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
VK-nın inzibati binasında
baş tutan görüşdə sədr Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları
yeni fəaliyyət mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, gələcək
işlərində uğurlar arzulayıb və son dövrlər Kollegiyada görülən işlərdən
danışıb.
Anar Bağırov çıxışında
qeyd edib ki, vəkil köməkçiliyi vəkilliyə aparan yolun mühüm mərhələsidir və
peşəkar vəkillərin yetişməsində əhəmiyyətli rol oynayır. O vurğulayıb ki, hüquq
sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər
xüsusi yer tutur, bu səbəbdən savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman
ehtiyac var.
Vəkil köməkçilərinin peşə
hazırlığının artırılması Kollegiyanın daim diqqət mərkəzində saxlanıldığını deyən
sədr gəncləri fəal olmağa, təcrübəli vəkillərin bilik və təcrübəsindən
faydalanmağa, eyni zamanda öz peşəkar inkişaflarını davamlı surətdə təkmilləşdirməyə
çağırıb.
Həmçinin Anar Bağırov VK Rəyasət
Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün
vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən
güzəştdən bəhs edərək, bu qərarın gənc hüquqşünasların gələcək karyerası
baxımından mühüm təşviq olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.










