Sentyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Polisin inzibati fəaliyyətində hüquqi bilik və bacarıqların rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Təşkil olunmuş seminarın məqsədi
hüquq sahəsində elmi biliklərlə praktiki təcrübənin inteqrasiyası, eyni zamanda
daxili işlər orqanlarının əməkdaşlarında və kursantlarda inzibati fəaliyyət sahəsində
zəruri hüquqi bilik və bacarıqların inkişaf etdirilməsidir.
Seminarda iştirak edən Vəkillər
Kollegiyasının Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Vəkillər
Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi adından salamlayıb və “Hüquqi maarifləndirmənin
vətəndaş-dövlət münasibətlərində rolu” mövzusu üzrə çıxış edib. Qeyd olunub ki,
hüquqi maarifləndirmə vətəndaşların hüquqi biliklərə yiyələnməsi, hüquq mədəniyyətinin
inkişafı və hüquq pozuntularının qarşısının alınması baxımından mühüm əhəmiyyətə
malikdir. Bu baxımdan, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bu sahədəki
fəaliyyəti xüsusi vurğulanmalıdır. Kollegiyanın üzvləri tərəfindən ölkə üzrə
müxtəlif bölgələrdə maarifləndirici tədbirlər, seminarlar və ictimai görüşlər təşkil
olunur. Son dövrlər Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən hüquqi
maarifləndirmə tədbirləri vasitəsilə vətəndaşlara onların hüquq və vəzifələri
izah edilir, bu istiqamətdə görülən işlər müvafiq praktiki hallar və statistik
göstəricilər əsasında qiymətləndirilir.
Həmçinin elmi-praktik
seminarda yeni nəşr olunmuş “İnzibati hüquq” və “İnzibati-prosessual hüquq” dərslikləri,
eləcə də “Daxili işlər orqanlarının inzibati fəaliyyətində sənədləşdirmə” dərs
vəsaitinin təqdimatı keçirilib, “Hüquqi maarifləndirmənin vətəndaş-dövlət münasibətlərində
rolu”, “Dövlət idarəçilik orqanlarının inzibati fəaliyyətinin hüquqi tənzimlənməsi”,
“İnzibati hüquq kontekstində müasir polisin geosiyasi çağırışları” mövzuları
üzrə müzakirələr aparılıb.
Seminarda respublikanın
müxtəlif ali təhsil və hüquq qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislər
iştirak ediblər.
Tədbir interaktiv müzakirə formatında davam edib, iştirakçılar öz təcrübələrini bölüşüb, gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.


