2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası açan VK-nın sədri
Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran
vəzifələr barədə ətraflı məlumat verib.
Sonra Rəyasət Heyətinin
üzvləri VK-nın sabiq sədr müavini, uzun illərdir vəkillik fəaliyyəti ilə məşğul
olan Fərhad Nəcəfovu 75 illik yubileyi münasibətilə təbrik ediblər. Onun vəkilliyin
inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirilib, zəngin peşə təcrübəsi
və vəkilliyə verdiyi töhfələr xüsusi qeyd olunub. Fərhad Nəcəfova uzun ömür,
möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra iclasın gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. İxtisas imtahanlarının
yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını müvəffəqiyyətlə
başa vuran namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və
peşə borclarına sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul
olunublar. Onlara vəsiqələr təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar
arzulanıb.
Bundan başqa, iclasda vəkillik
fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi,
müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və
mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar
qəbul edilib.
Eyni zamanda bir neçə vəkilin
vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və
qanunvericiliyə uyğun olaraq təsdiqlənib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə
yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq
onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar
verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə
töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.



