Oktyabrın 4-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Həbslər, dindirilmə prosedurları və məhkəmə araşdırması" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və mövzunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki,
təlim mövzusu cinayət-prosessual hüququn əsas anlayışlarından biri olmaqla
yanaşı, hüquq sistemində insan hüquq və azadlıqlarının qorunması baxımından da
mühüm əhəmiyyət kəsb edir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillərin
İxtisas Komissiyasının üzvü, ADA Universitetinin müəllimi Fərid Həsənov həbs və
azadlıqdan məhrumetmənin əsasları, əsaslandırılmış həbs qərarı, dindirilmə
qaydaları, məhkəmə qərarlarının əsaslandırılması və digər praktiki məsələlər
barədə geniş çıxış edib.
Sonda vəkillərin müvafiq
sahədə çoxsaylı sualları cavablandırılıb və xatirə şəkli çəkilib.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 53 üzvü iştirak edib.






