2025-ci il oktyabrın 8-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan VK-nın sədri
Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran
vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas
imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını
uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil
etikası və peşə borcuna sadiq qalacağına dair and içərək Kollegiyanın
sıralarına qəbul olunub. Ona vəsiqə təqdim edilib və gələcək fəaliyyətində
uğurlar arzulanıb.
Bundan başqa, Avropa
Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən
təşkil ediləcək “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XI və Milli
Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi,
eləcə də “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə
maliyyə yardımının verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
müraciətləri müzakirə olunaraq müsbət qərar qəbul edilib.
Eyni zamanda “Hüquqi
yardımın göstərilməsi haqqında müqavilə”nin standart formasına “Xüsusi şərtlər”
adlı yeni bölmənin əlavə olunması ilə bağlı müraciət müzakirə edilib. Nəzərə
çatdırılıb ki, bu dəyişiklik vəkilə müraciət edən şəxs arasında bağlanan
müqavilələrdə fərdi razılaşmaların daha aydın və şəffaf ifadə olunmasına, həmçinin
hüquqi müəyyənliyin və müdafiənin gücləndirilməsinə xidmət edəcək.
Həmçinin iclasda bəzi vəkillərin
digər vəkil qurumlarına keçməsi, bir vəkilin vəkil kabineti yaratmaq barədə
müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə
yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə
dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.


