2025-ci ilin oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb. Assambleyanın Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisi, eyni zamanda Azərbaycanda son illər həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının nəticəsidir. Xüsusən də məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində son iki ildə aparılmış islahatlar beynəlxalq hakim ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilib.
Assambleyanın açılış mərasimində
dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə, hakimlər, vəkillər, hökumət rəsmiləri
və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər
iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
süni intellekt obrazlarının təqdimatında ölkəmiz haqqında tanıtım videoçarxı
nümayiş etdirilib.
Azərbaycan Hakimlər
İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına
müraciətini oxuyub.
Açılış mərasimində çıxış
edən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri
İnam Kərimov bildirib ki, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə
sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa
başlayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya
hazırlanaraq qəbul olunub, orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin
təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edilib. Bu təməllər
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da
möhkəmləndirilib. Diqqətə çatdırılıb ki, bu gün bütün dünyada ədalət mühakiməsi
ölkələr arasında sıx əməkdaşlıq tələb edir. Bu istiqamətdə Beynəlxalq Hakimlər
Assosiasiyasının rolu böyükdür, çünki ədalət mühakiməsinin bütün dünyada daha
da təkmilləşdirilməsinə xidmət edir. Bildirilib ki, hazırda dünyanın məhkəmə
sistemi qlobal çağırışlarla üz-üzədir və bunlara hazır olmalıdır.
Sonra çıxış edən Azərbaycan
Respublikasının ədliyyə naziri Fərid Əhmədov bildirib ki, məhkəmə hakimiyyəti hər
hansı bir cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir
qarantdır. Məhkəmə hakimiyyəti insanları səhvlərdən qoruyur, üzərlərinə düşən vəzifənin
lazımi şəkildə icrasında istiqamətləndirir. Hər kəs məhkəməyə hörmət etməlidir.
Çünki vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq, insanların hüquqlarının
qorunduğunu son nöqtə məhz ədalət mühakiməsini həyata keçirən hakim
olacaq.
Beynəlxalq Hakimlər
Assosiasiyasının prezidenti Duro Sessa isə çıxışında doğru ədalət mühakiməsinin
heç zaman diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Qeyd edilib ki, məhkəmə
hakimiyyətinin səsinin hər tərəfdə eşidilməsi üçün anlaşma və etimadın
qurulmasında məhz konstitusion strukturların fəaliyyətinin tarazlı şəkildə həyata
keçirilməsi önəmlidir. Bütün bu dəyərlər çox məhkəmə hakimiyyətinin müstəqilliyini
qoruyub saxlaya bilməsi baxımından çox vacibdir.
Daha sonra Beynəlxalq
Hakimlər Assosiasiyasının “Məhkəmə müstəqilliyi mükafatı”nın təqdimetmə mərasimi
keçirilib. Mükafatı Beynəlxalq Hakimlər Assosiasiyasının Baş katibi Giacomo
Oberto təqdim edib.
Tədbir bədii hissə ilə
davam edib.
Bununla yanaşı, tədbir çərçivəsində
“Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunub. Sərgidə dünyanın 80 ölkəsindən
gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr,
ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdirilir.
Oktyabrın 17-dək davam edəcək
Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək,
müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və
müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq
sistemi ilə tanışlıq da nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən tədbirdə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovla yanaşı, VK-nın ümumilikdə 100 vəkili iştirak edib.






