Cari il oktyabr ayının 12-də Vyetnamın Hanoy şəhərində Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA) tərəfindən təşkil edilən 38-ci beynəlxalq konfrans keçirilib.
Tədbirdə bir sıra beynəlxalq
təşkilatların nümayəndələri, Vəkillər kollegiyalarının və dövlət qurumlarının rəhbərləri,
eləcə də fərqli ölkələrdən hüquq mütəxəssisləri iştirak edib.
Konfransda Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “İnsan resurslarının inkişafı:
Sərhədlərarası “Bir Kəmər - Bir Yol” layihələrində hüquqi bacarıqların
formalaşdırılması” mövzusunda videoformatda çıxış edib.
Kollegiyanın sədri Anar
Bağırov videoçıxışında son illər dövlət başçısının rəhbərliyi ilə müasir dövrün
çağırışlarına uyğun həyata keçirilən məhkəmə-hüquq islahatlarından bəhs edib. Sədr
qeyd edib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrdə iş
yükünün azaldılması və vətəndaşların məhkəmələrə əlçatanlığının təmin olunması
istiqamətində mühüm addımlar atılıb.
Eyni zamanda Anar Bağırov Azərbaycanın
azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata
keçirildiyini vurğulayıb. Nəzərə çatdırılıb ki, bu proses təkcə iqtisadi və
sosial baxımdan deyil, həm də hüquqi müstəvidə ədalətin bərpası kimi mühüm əhəmiyyət
daşıyır.
Həmçinin sədr gələcəkdə Zəngəzur
dəhlizinin açılmasının regional əməkdaşlıq və hüquqi inteqrasiya baxımından
mühüm əhəmiyyət kəsb edəcəyini ifadə edib. Bu dəhlizin fəaliyyətə başlaması təkcə
iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda beynəlxalq hüquq
normalarına əsaslanan sabit və dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına
töhfə verəcək.
Anar Bağırov qeyd edib ki,
Azərbaycanın Şərqlə Qərb, Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi,
habelə “Böyük İpək Yolu” üzərində yerləşməsi ölkəmizə əsrlər boyu mədəniyyətlər,
sivilizasiyalar və iqtisadi mərkəzlər arasında mühüm körpü rolunu oynamağa
imkan verib. Bu gün də Azərbaycan həmin tarixi missiyanı müasir dövrün tələblərinə
uyğun şəkildə davam etdirir və beynəlxalq əməkdaşlığın genişləndirilməsində
hüquqi mexanizmlərin möhkəmləndirilməsinə xüsusi önəm verir.
Sədr çıxışının davamında
vurğulayıb ki, VK davamlı təlim proqramları, rəqəmsal hüquqi platformalar və
beynəlxalq tərəfdaşlıqlar vasitəsilə hüquqşünasların peşəkar inkişafına, etik dəyərlərin
və peşə standartlarının qorunmasına böyük diqqət yetirir. Kollegiyanın əsas məqsədi
hüquqi xidmətlərin keyfiyyətini artırmaq, vəkillik fəaliyyətinin beynəlxalq
hüquq normalarına uyğun aparılmasını təmin etməkdir.
Sonda Anar Bağırov əlavə edib ki, “Bir Kəmər – Bir Yol” təşəbbüsünün uğuru təkcə iqtisadi əməkdaşlıqdan deyil, həm də güclü hüquqi baza, şəffaf institutlar və səmərəli insan resurslarının inkişafından asılıdır.



