Ümumi yanaşma
1940-ci ildə Türkiyədə dövrünün tanınmış vəkili Ali Heydər
Özkəntin (1887-1961) müəllifi olduğu
“Vəkilin kitabı” (“Avukatın kitabı”)
adlı kitab nəşr olundu və müəllifin vəkilliklə bağlı mövqeləri zamanı üçün gözlənilməz
və bir az da mübahisəli bir vəziyyət yaratdı.
Vətən, millət, dövlət ruhundan
çıxış edən müəllif sözügedən kitabında ilk dəfə olaraq bir türk vəkilinin necə
olmasından, necə görünməsindən və necə davranış sərgiləməsindən ətraflı bəhs
edirdi.
Ali Heydər Özkənt
kitabında yaxından tanış olduğu Avropa dövlətlərinin (Fransa, Böyük Britaniya, Rusiya, İtaliya) və Amerika Birləşmiş Ştatlarının
vəkillik hüququ barədə ətraflı və müqayisəli məlumat verməsinə baxmayaraq bəzi
Avropa nümayəndələri “Vəkilin kitabı”nı hüquq deyil, millətçilik və kişilik
ruhunda yazılmış bir əsər kimi qiymətləndirirdilər. Buna baxmayaraq türk millətinə
və dövlətinə qarşı yürüdülmüş çirkin siyasətə qarşı mübarizə ruhu ilə yazılmış kitab
bu gün istər vəkillik təcrübəsində, istərsə də nəzəriyyəsində istinad olunan
başlıca mənbələrdən biri hesab edilir.
“Vəkilin kitabı”nda müəllif bir çox məsələlərə, o
cümlədən vəkilin xüsusi geyiminə (cübbəsinə, Türkiyə vəkilin xüsusi geyimini “cübbə” adlandırırlar, əslində Türkiyə
“Vəkillik Qanunu”nun 49-cu maddəsində işlənilən “cübbə” sözü “xüsusi geyim”
kimi nəzərdə tutulmuşdur) də toxunur və öz dəyərli fikirlərini açıq şəkildə
ifadə edir. “...ən yüksək məqam vəkillikdir,
ən dəyərli geyim isə cübbədir” deyən müəllif daha sonra cübbəni “ədalətə riayət etmək və etdirmək simvolu”
kimi qələmə verir.
Ali Heydər Özkəntin yaradıcılığını yüksək qiymətləndirən
vəkil Mehmet Haşim Mısır (1948-2019) müəllifi
olduğu “Vəkillik intizam hüququ” (“Avukatlıq
disiplin hukuku”) kitabında vəkilin xüsusi geyimindən bəhs edərkən hüquq aləmində
silinməz iz buraxan bir hadisəni xatırlatmışdır. Hadisəyə görə Fransada yeni “Vəkillik
Qanunu”nun qəbulu ilə bağlı parlamentdə müzakirə aparılarkən qanunda nəzərdə
tutulan vəkilin xüsusi geyiminə görə mübahisə yaranmış və bir qrup parlament
üzvü xüsusi geyimə ehtiyac olmadığını, bu müddəanın “Vəkillik Qanunu”ndan çıxarılmasının
zəruriliyini irəli sürmüşdülər. Həmin dövrlərdə məhkəmə iclasına gecikməmək üçün
Paris Ədliyyə Sarayının dəhlizində xüsusi geyimlə qaçmaqda olan vəkil Paris Vəkil
Bürosunun başçısı vəkil Carpertiers ilə qarşılaşır. Vəkil dərhal dayanır və
hörmət əlaməti olaraq həfif şəkildə əyilərək peşə ustasına salam verir. Bəyaz
saçları ilə həmkarının təlaşlı, dağınıq bir vəziyyətdə dəhlizdə qaçmasını görən
Paris Vəkil Bürosunun başçısı həmkarına belə bir xəbərdarlıq edir: “Öncə əyilmə,
üzərindəki şərəfli geyim sənin heç bir vəzifə və şəxs önündə əyilməməni tələb
edir. Sonra qaçma, bu geyim ilə yüz illərin şərəf və ləyaqətini daşıyırsan, bu
geyim ilə başını dik tutmalı və təntənəli gəzməlisən.”
Bu hadisədən 430 il öncə, hadisənin baş verdiyi ərazidə
1540-cı ildə Fransa kralı I Fransisk (1494-1547)
tərəfindən qəbul edilən bir fərmanda deyilirdi: “...vəkillər xüsusi paltar, uzun geyim, yuvarlaq baş örtüyü geymədikcə, üzləri
təmiz olmadıqca, üstləri və ayaqqabıları təmiz görünməyincə hakimin qarşısına
çıxmaqları qadağan edilir.” Məhz kralın rəsmi olaraq ənənəsini qoyduğu “vəkilin
xüsusi geyimi” Fransa parlamentində müzakirə edilsə də yekun olaraq qanunda öz əksini
tapmışdı.
Vəkilin xüsusi geyimi ilə bağlı bu gün dünya ölkələrinin
əksəriyyətində (Türkiyə, Böyük Britaniya, Braziliya, Kanada, Almaniya,
Portuqaliya, Polşa və s.) hüquqi təcrübə mövcuddur və bu ölkələrin vəkilləri
iştirak etdikləri məhkəmə iclaslarında xüsusi geyimlə çıxış edirlər.
Zəruri yanaşma
Unutmaq lazım deyil ki, vəkil özünü vəkil kimi təqdim
etmədən öncə, onun əynindəki xüsusi geyim hələ kənardan onun hansı peşəyə mənsub
olduğunu diqqətə çatdırır, çünki bu xüsusi geyim formasından istifadə yalnız vəkillik
peşəsinin mənsubları üçün nəzərdə tutulmuşdur. Odur ki, vəkil üçün ilkin görünüş
çox önəmlidir, çünki vəkilin şüuruna, onun peşəkarlığına qiymət verilmədən öncə
onun görüntüsü diqqət mərkəzində və fikir predmetində olur.
İlk baxışdan görüntü artıq vəkil barəsində müəyyən
fikirin formalaşmasına gətirib çıxardır ki, burada geyim, geyimin görünüşü
xüsusi əhəmiyyətə malikdir. Təbii ki, vəkilin şüurunun gücü, peşəkarlığı onun
geyimindən asılı deyildir, lakin geyimi onun peşəkarlığına dəlalət edən bir əlamət
kimi sayılmaqdadır.
Vəkilin xüsusi geyimi eyni zamanda vəkilliyin, onu
daşıyan vəkilin şərəfinə çevrilməkdədir. Bir insan öz şərəfinə nə qədər əhəmiyyətli
yanaşırsa, bir vəkil də öz xüsusi geyiminə o qədər diqqətli və məsuliyyətli
yanaşmalıdır. Odur ki, vəkil nəinki xüsusi geyiminə hörmət etməli, hətta onu
qorumalıdır, öz dəyərli, xüsusi bir əmlakı kimi. Bir əşyanı dəyərli edən ona
göstərilən etimaddır, diqqət və qayğıdır. Etimad,
diqqət və qayğı nə qədər yüksək səviyyədə olarsa həmin əşyanın da dəyəri yüksəlməkdə
davam edər, yüksəldikcə həm öz dəyərini nümayiş etdirər, həm də sahibinin necə
bir dəyərə malik olduğunu göstərər.
Vəkilin xüsusi geyimi vəziyyətinə, görkəminə və
istifadəsinə görə vəkil və vəkillik barəsində kənardan mənfi fikir
formalaşdırmamalıdır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzən məhkəmə dəhlizlərində
məhkəmə iclasına gecikməmək üçün tələsən (hətta qaçan), bəzən məhkəmə binasının
önündə, yaxud dəhlizlərdə tələsik xüsusi geyimi geyinən, bəzən də xüsusi geyimə qulluğu diqqətdən
kənar saxlayan vəkillərlə rastlaşırıq. Bu barədə Ali Heydər Özkəntin müəllifi
olduğu “Vəkilin kitabı”ndan xüsusi olaraq seçilmiş ifadələri elan etməkdə fayda
bilirəm: “...məhkəmədə soyuq-isti bəhanəsilə,
cübbənin palto və ya istənməyərək daşınılan bir yük kimi qolda daşınması və
yaxud çiyinə atılması doğru deyildir. Cübbənin ... təmiz saxlanılması, kirləndikcə,
yağlandıqca, orası-burası sökülüb deşildikcə yenisi düzəldilməsi kimi bir vəziyyətdə
kiçik; fəqət peşə bağlılığına, ədalət simvoluna sayğı və təmizliyə sevgiyi göstərməsi
etibarıyla böyük olan incəliklərə etinasızlıq etməmək peşə vəzifələrindəndir.”
Qeyd olunan arzuolunmaz halların baş verməməsi üçün
vəkil yetərincə diqqətli olmalı, bilərəkdən, yaxud bilməyərəkdən buna şərait
yaratmamlıdır. Vəkilə məhkəmə iclasında xüsusi geyimsiz iştirak etməsi, yaxud xüsusi
geyimi kənarda deyil, məhkəmə iclasında geyinməsi ilə bağlı irad bildirə bilər,
lakin peşəkar vəkil bunu diqqətdə saxlamalı, iradın meydana gəlməsinə şərait
yaratmamalıdır. Çünki kimsə yüz illərin sınağından çıxmış və öz nüfuzunu
qorumaqda davam edən vəkillik peşəsinin daşıyıcısına onun yaratdığı şəraitdən kənar
irad formalı münasibət bildirə bilməz.
Məhkəmə dəhlizlərində bəzən sellafon torbada gəzdirilən,
zərurət olduqda harda olmasından asılı olmayaraq o sellafon torbada əzilmiş vəziyyətdə
çıxardılan və birbaşa əyinə geyilən xüsusi geyim sahibi olan vəkillərin də
mövcudluğu danılmazdır. Nə yazıq ki, belə vəkillərə söz deməkdə çətinlik çəkirik,
çünki vicdanlı vəkilin peşə simvoluna – özünə aid xüsusi geyiminə belə davranması
inandırıcı deyildir. Vəkillik peşəsini həyata
keçirən şəxsin vicdanlı olması məsələsinə gəlincə, unutmaq olmaz ki, hər bir vəkil,
öncəliklə bir insandır və hər bir insanın vicdanlı olması yaxşı mənada tövsiyə
və təqdirəlayiq bir haldır. Eyni zamanda hər bir insanın vicdanlı olmaması
halında onun digər insanlar tərəfindən qəbul edilməsində mövcud çətinlik eyni
zamanda başa düşülən olmalıdır və fərdi baxımından şəxsin vicdanlı olması onun
subyektiv bir hüququdur və bu hüquqa kənar təsirin mövcudluğu qəbul edilən
deyil. Lakin vəkil bir insanla yanaşı bir peşə daşıyıcısıdır və bu peşə
daşıyıcısının üzərinə hüquqi baxımdan vicdanlı olmaq kimi bir nəzarət mexanizmi
qoyulub və artıq vicdanlı olub-olmamaq kimi vəkilin bir seçimi yoxdur, o, peşəsinə
münasibətdə birmənalı şəkildə vicdanlı olmalıdır. Bu yerdə Əbül Fərəcin
münasibətinə toxunaraq qeyd etməyi zəruri hesab edirəm ki, vicdanlı şəxs özünü
həmişə layəqətli aparan şəxsdir, o heç vaxt əzab çəkməz.
Təklifi yanaşma
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsində vəkilliyin rəmzləri sırasında (Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və vəkilliyin rəsmi
emblemi) vəkilin xüsusi geyim forması nəzərdə tutulmamışdır. Hesab
edirəm ki, vəkilin xüsusi geyimi də vəkilliyin rəmzi sayılmalı və bu barədə
müvafiq əlavə və dəyişiklik sözügedən normativ hüquqi aktda öz əksini
tapmalıdır.
Bundan əlavə, “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə
Azərbaycan Respublikasının vəkilləri məhkəmə
iclaslarında xüsusi geyimdə iştirak edirlər. Hesab edirəm ki, vəkillər peşə fəaliyyətini
həyata keçirərkən nəinki məhkəmə iclaslarında eləcə də digər orqanlarda,
ümumiyyətlə peşə fəaliyyətini həyata keçirən zaman xüsusi geyimdə olmaları zəruri sayılmalı və bu hal
gələcəkdə normativ hüquqi akt səviyyəsində müəyyən olunmalıdır.
Həmçinin Vəkillər
Kollegiyasının orqanlarında (Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin, Vəkillərin İntizam Komissiyasının və Vəkillərin
İxtisas Komissiyasının vəkil olan üzvləri) üzv olan vəkillər də üzv
olduqları orqanın iclaslarında xüsusi geyimdə iştirak etmələri bu peşənin əzəmətinə
bir dəyər qatmış olar.
“Vəkillərin davranış qaydaları
haqqında” Əsasnamənin 4.7-ci bəndinə
əsasən, vəkil məhkəmə iclaslarında xüsusi geyimdə iştirak etməlidir. Nəzərə
alsaq ki, Əsasnamənin 6.4-cü bəndinə görə, bu Əsasnamədə qeyd olunan davranış
qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır,
o zaman vəkilin məhkəmə iclaslarında xüsusi geyimdə iştirak etməməsi davranış
qaydasının pozuntusu kimi qiymətləndirilə bilər. Lakin vəkil tərəfindən xüsusi
geyim formasından istifadə ilə bağlı müvafiq vəzifənin mövcudluğu hüquqi aktda
öz əksini tapmamaqdadır. Odur ki, vəkilin xüsusi geyim formasından istifadəsi (əldə
etməsi, saxlaması və s.) ilə bağlı müvafiq qaydaların mövcudluğuna, eləcə də bu
qaydaların tələblərinin pozulması halında vəkilin müvafiq məsuliyyət daşıması zəruriliyinə
ehtiyac vardır.
Xüsusi yanaşma
Vəkilin xüsusi geyim formasını əksər hallarda
“mantiya” adlandırırlar, hətta əksər vəkillər tərəfindən bu terminin “cübbə”
kimi işlədilməsi təklifi də irəli sürülür. Bildirirəm ki, nə “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də ki, “Vəkillərin
davranış qaydaları haqqında” Əsasnamədə “mantiya”, yaxud digər termin işlədilməmişdir,
yalnız “vəkilin xüsusi geyimi” ifadəsi nəzərdə tutulmuşdur. Odur ki, vəkilin
xüsusi geyiminin adı “xüsusi geyim” kimi qalmaqla başqa ad altında (mantiya, cübbə, xalat və s.) diqqətə
çatdırılmasına zərurət yoxdur.
Xüsusi geyim formasında olan rənglərin hansı mahiyyət daşıması barədə rəsmi və qeyri-rəsmi müxtəlif fikirlər mövcuddur. Vəkilin hazırkı xüsusi geyimində olan yaşıl rəng subyektiv mülahizəmə görə sülh tərəfdaşı və səbirli olmaq mahiyyəti daşıyır. Həmçinin bu rəng İslamın rəngidir, İslam isə bizə paltarımızı təmiz saxlamağı (Quran, 74:4) məsləhət görür.
Paşa Səfərov
Vəkillərin İntizam Komissiyasının üzvü
Vəkillərin Deontologiya Komitəsinin sədri