Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Kənan İsmayılovun “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Cinayət prosessual hüquqda müdafiə aktı – tərəflərin hüquq bərabərliyinin və çəkişmənin təmin edilməsinin vacib elementi kimi” adlı elmi məqaləsini təqdim edirik:
Annotasiya
Açar sözlər: müdafiə aktı, ittiham aktı, tərəflərin bərabərliyi, çəkişmə
prinsipi, təqsirsizlik prezumpsiyası, hüquqi yardım, cinayət prosessual hüququ.
I. Giriş
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya)
12-ci maddəsində insаn və vətəndаşlаrın hüquq və аzаdlıqlаrının təmin
еdilməsi dövlətin аli məqsədi еlаn оlunmuş və Kоnstitusiyаdа sаdаlаnаn insаn və
vətəndаş hüquqlаrı və аzаdlıqlаrının Аzərbаycаn Rеspublikаsının tərəfdаr
çıхdığı bеynəlхаlq müqаvilələrə uyğun tətbiq еdilməsi göstərilmişdir.
Konstitusiyamızda hər kəsin qanun və məhkəmə qarşısında bərabər olması
və hər bir şəxsin qanunla qadağan olunmayan vasitələrlə öz hüquq və
azadlıqlarını müdafiə etmək hüququna malik olması müəyyən edilmişdir [6].
Konstitusiyasının 60-cı maddəsinə
əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat
verilir. İşlərə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə
baxılması və şəxslərin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ
müəyyən edilir. Vətəndaşların dövlət orqanlarının, siyasi partiyaların, hüquqi
şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən
inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir. İstər
Əsas Qanunumuzda və ona uyğun qəbul edilmiş digər milli qanunvericilik
aktlarında, istərsə də beynəlxalq hüquqi aktlarda ən təməl haqlardan biri kimi
məhkəmə müdafiəsi hüququna təminat verilir. Bu həm də ona görə müstəsna önəm
kəsb edir ki, digər hüquq və azadlıqların təminatı da son mərhələdə məhkəmə
müdafiəsi hüququ ilə kəsişir, başqa sözlə, bu hüququn mahiyyəti bərabərində
pozulmuş hüquq və azadlıqların məhkəmə vasitəsilə bərpa ediləcəyinə dair gözləntini
təlqin edir [6].
Konstitusiyanın 61-ci maddəsində isə hər kəsin yüksək
keyfiyyətli hüquqi yardım almaq hüququ öz əksini tapmışdır [6].
Konstitusiyanın 63-cü maddəsinə əsasən müəyyən edilmişdir ki, hər kəsin
təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən
hər bir şəxs barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, şəxs təqsirsiz
sayılır. Həmin maddəyə əsasən şəxsin təqsirli
olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir, cinayətin
törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi
daşımamaqdadır [6].
Konstitusiyada qeyd edilən
hüquqların təmin edilməsi məqsədilə cinayət prosessual qanunvericiliyi ilə
cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən, hər bir cinayət təqibinin
qanuniliyini və əsaslılığını müəyyən edən, insan və vətəndaş hüquq və
azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəni təmin etməyə yönələn prinsiplər qəbul
edilmişdir.
Yuxarıda qeyd etdiyimiz prinsiplər əsasında ittiham və müdafiə tərəfinin
prosessual hüquq və vəzifələrinin bərabərliyi, bununla da tərəflərin hüquqi bərabərliyi
və hüquqi çəkişməsinin həyata keçirilməsi təmin edilir.
Qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən
hüquq və azadlıqların təmin edilməsi üçün məhkəmə-hüquq sistemində mütəmadi
islahatlar keçirilməklə qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir.
Aydındır ki, cinayət prosesində tərəflərin bərabərliyi və hüquqi çəkişmənin
təmin edilməsi bütövlükdə cinayət prosesinin ədalətlə nəticələnməsinin təminatlarından
biridir.
Bildirək ki, cinayət prosesində tərəflərin hüquqi bərabərliyi və tərəflərin
çəkişməsinin təmin edilməsi onlara bərabər imkanların verilməsi hüquqi müdafiə
vasitələrindən bərabər imkanlarla istifadə imkanlarının olması ilə şərtləndirilir.
Avropa İnsan Hüquqları Məhkəməsi Dombo Beheer B.V. v. Netherlands, işində də
qeyd etmişdir ki, tərəflərin bərabərliyi prinsipi-ədalətli məhkəmə anlayışının əsas
elementlərindən biri olaraq hər bir tərəfin öz işini təqdim etmək üçün
ağlabatan imkanlarla təmin edilməsini tələb edir. Bu imkanlar tərəflərdən
birini digərinin qarşısında əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətə
salmamalıdır [5, s. 8].
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən prosessual iştirakçılar
(ittiham, müdafiə, mülki işlərdə tərəflər) qarşı tərəfin təqdim etdiyi sübut və
arqumentlərlə tanış olmaq və onlara münasibət bildirmək imkanına malik
olmalıdır [11].
Cinayət prosesində çəkişmə - ibtidai araşdırma və məhkəmə baxışının elə
quruluşudur ki, burada, prosesin ittiham və müdafiə tərəfindən olan
iştirakçılarının öz prosessual funksiyalarını həyata keçirmək və müstəqil məhkəmənin
rəhbərliyi ilə özünə aid, yaxud təmsil etdiyi tərəfin hüquq və mənafelərini
bütün qanuni üsul və vasitələrlə prosessual bərabərlik əsasında müdafiə etmək
imkanı təmin olunur. Çəkişmə prinsipi prosesin dövlətçilik başlanğıcından və
maddi həqiqətdən təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz [1, s. 115].
Ölkəmizdə hüquqi sahədə daim aparılan islahatların məntiqi davamı kimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı
xüsusilə fərqlənir. Fərmanda hüququn
bütün sahələrində islahatların dərinləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələr,
o cümlədən məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və
normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan
olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə
təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması
mexanizminin təsbit edilməsi üçün qanunvericilik təkliflərinin hazırlanması barədə
tövsiyəsi öz əksini tapmışdır [12].
Qeyd etdiyimiz dəyişiklərlə müvafiq qanunvericilik aktlarına, o cümlədən
cinayət prosessual və mülki prosessual məcəllələrinə mütərrəqqi əlavə və dəyişikliklər
edilmiş, bununla da Azərbaycan Respublikasında hüquq sistemində məhkəmə
presedentlərinin geniş yayılmasının təmin edilməsinin əsası qoyularaq, digər
hüquq sistemlərinin mütərəqqi təcrübələri və elementləri yuxarıda qeyd
etdiyimiz Fərman ilə hüquq sistemimizə beləcə daxil edilmişdir.
Yuxarıda qeyd etdiyimiz Fərmanda həmçinin ölkəmizdə yüksək keyfiyyətli
hüquqi yardımın həyata keçirilməsinin, nüfuzlu vəkillik institutunun və onun
maddi-texniki bazasının daim inkişaf etdirilməsi vurğulanmış, vəkillərin dövlət
hesabına hüquqi yardım əvəzi kimi ödənilən məbləğ artırılmasının daim diqqətdə
saxlanılması qeyd edilmişdir.
Fikrimin davamı olaraq qeyd edim ki, vəkillərin o cümlədən müdafiə tərəfinin
prosessual bərabərliyi və məhkəmə proseslərində çəkişmələrinin bərabər təmin
edilməsi üçün qanunvericlik aktlarına çox saylı dəyişikliklər edilmişdir.
Bununla belə hesab edirəm ki,
cinayət prosesində tərəflərin çəkişməsinin və bərabərliyinin təmin edilməsi
istiqamətində zəruri olan elementlərdən biri də digər ölkələrin qanunvericiliyində
mövcud olan bütövlükdə müdafiə tərəfinin mövqeyini sistemli şəkildə əks etdirən,
ittiham aktının mahiyyətinə mütənasib olan və yuxarıda qeyd edilən tərəflərin bərabərliyinin
və real çəkişməsinin təmin edilməsinə töhvə verə biləcək “Müdafiə Aktı” institutunun
qanunvericiliyə daxil edilməsidir.
II. Xarici ölkələrin qanunvericiliyində öz əksini tapmış müdafiə aktı
anlayışlarının təhlili
Hüquq sisteminin xüsusilə insanların hüquq və azadlıqlarının dövlət tərəfindən
qorunmasının vəzifə kimi müəyyən edildiyi cinayət və cinayət prosessual hüquq
sahəsində də bu proqnozlaşdırılmasını təmin etmək üçün hüquqi elementlər daxil
edilərək məhkəmə təcrübəsinin vahidliyi təmin edilmişdir.
Xarici dövlətlərin cinayət prosessual hüququnda müdafiə mövqeyinin
strukturlaşmış şəkildə təqdim edildiyi “Müdafiə Aktı”na oxşar, müdafiə tərəfinin
mövqeyini əks etdirən, şəxsin peşəkar müdafiəsinin nəticəsi kimi “Müdafiə
Aktı”nın formasının qanunvericilikdə qəbul edilməsi zərurəti yaranmışdır. Bu, tərəflərə
bərabər imkanlar yaradılması prisinipinin tətbiq edilməsi və tərəflərin çəkişməsi
və cinayət hüququnda arbitr rolunu oynayan hakimin qarşısında bərabər təmsil
olunmasını daha da təkmilləşdirəcəkdir.
Bildirək ki, prosessual hüququmuzda “Müdafiə Aktı” anlayışı olmasa da
Azərbaycan hüquq sisteminin aid olduğu roman-german (civil law) və anqlo-sakson (common law) hüquq sistemində
qeyd edilən müdafiə mövqeyi müxtəlif formalarda öz əkslərini tapmışdır.
İngiltərədə –
müdafiə bəyanatı (Defence Statement) adlanan bu sənəd Cinayət prosessual və istintaq
aktında (Criminal Procedure and Investigations Act (CPIA) 1996) öz əksini
tapmışdır [8].
Böyük Britaniya hökumətinin tapşırığına əsasən, Sir Robin Ernest Auld
(Lord Justice Auld) rəhbərliyi ilə 2000-ci ildə hazırlanmış və 2001-ci ildə dərc
edilmiş “Review of the Criminal Courts of England and Wales” adlı hesabatda
müdafiə bəyanatının məqsəd və rolu xüsusi olaraq vurğulanır. Hesabatda qeyd
olunur ki, müdafiə bəyanatı cinayət prosesində yalnız formal xarakter daşıyan
bir sənəd deyil, həm də ədalətli məhkəmə araşdırmasının mühüm təminatıdır [3].
Cinayət işində təqsirləndirilən şəxs istintaq başa çatdıqdan sonra rəsmi
şəkildə aşağıdakı strukturda olan müdafiə bəyanatı (defence statement) təqdim
etməlidir:
- təqsirləndirilən şəxsin özünü təqsirli hesab edib-etməməsi;
- ittihamda qeyd edilən faktlara
münasibəti;
- müdafiəsi üçün irəli sürdüyü dəlillər, arqumentlər (hüquqi əsasları,
sübutların pozulması toplanması zamanı pozuntulara məruz qalıb qalmaması və
s.);
- müdafiə tərəfinin ittiham tərəfindən gözlədiyi sübutlar (ittihamı təkzib
edən sübutlarının qarşılığında gözlədiyi sübutlar);
“Müdafiə Bəyanatı”nın təqdim
edilməsi prokurorun sübutların təqdim olunması (“disclosure”) vəzifəsini
müəyyənləşdirir.
Qanunvericiliklə “Müdafiə Bəyanatı”nın təqdim edilməsi Magistrat məhkəməsində
(Magistrates’ Court) bəzi cinayətlər üçün könüllü təqdim edilməsi müəyyən edilsə
də, Kraliyyət Məhkəməsində (Crown Court)
bu sənədin təqdim edilməsi vəzifə kimi müəyyən edilmişdir.
Məhkəmə təcrübəsində “Müdafiə Bəyanatı” təqdim olunmadıqda və ya
sonradan dəyişdirildikdə məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyini şübhə
altına ala bilər. Müdafiə tərəfi “Müdafiə Bəyanatını” istintaq başa çatdıqdan
sonra, lakin məhkəmə baxışı başlamamışdan əvvəl təqdim edir. Bu sənəd adətən
prokurorluğa (Crown Prosecution Service – CPS) göndərilir, lakin lazım gəldikdə
məhkəmə də onun məzmunu ilə tanış olur. Bu sənədin əsas məqsədi müdafiənin
mövqeyini açıqlamaq və prokurordan gözlənilən sübutların təqdim edilməsini təmin
etməkdir.
Qeyd etdiyimiz kimi, İngiltərə qanunvericiliyində sturkturlaşdırılmış
sənəd kimi Müdafiə bəyanatının təqdim edilməsi təqsirləndirilən şəxsin vəzifəsi
kimi müəyyən edilmişdir. Müdafiə Bəyanatının təqdim olunması Cinayət Prosessual
və İstintaq Aktı 1996 (CPIA) əsasında qanuni bir öhdəlikdir. Bu səbəbdən, vəkilin
təqsirləndirilən şəxsə müdafiə bəyanatını təqdim etməməyi məsləhət görməsi
müdafiəçinin etik davranış qaydalarının pozuntusu hesab olunur. Müdafiə Bəyanatı
faktiki olaraq cinayət işi üzrə istintaq edilən halların əsasında konkretləşdirilmiş
təfsilatı ilə tərtib olunmalı, yalnız müvafiq və dolğun göstərişlər əsasında
hazırlanmalı və mümkün olduqda təqsirləndirilən şəxs tərəfindən imzalanmalıdır
(Wheeler (2001) 1 Cr App R 10 və R (Sullivan) v Maidstone Crown Court [2002]
EWHC Admin 967) [15; 16].
Məcburi xarakter daşıyan “Müdafiə Bəyanatı”nın təqdim edilməsi ilə əlaqədar
təcrübədə “Müdafiə Bəyənatı”nın ümumiyyətlə
təqdim edilməməsi, “Müdafiə Bəyanatı”nın
müəyyən edilmiş müddətdən sonra təqdim edilməsi, məzmununda daxili
ziddiyyətlərin mövcudluğu, təqsirləndirilən şəxsin məhkəmədə əvvəlki ifadələrində
yer almayan müdafiə mövqeyinə istinad etməsi, müdafiə açıqlamasında qeyd
olunmalı olan, lakin qeyd edilməmiş məsələyə əsaslanması, təqsirləndirilən şəxsin
alibi təqdim etməsi, lakin bu barədə qanunvericilikdə nəzərdə tutulmuş
qaydalara uyğun olaraq əvvəlcədən məlumat verməməsi kimi hallar təqsirləndirilən
şəxsin müdafiə mövqeyini bütövlükdə zəiflədən hal kimi qiymətləndirilməsinə səbəb
ola bilir.
Bununla belə isə yuxarıda qeyd etdiyimiz hallar şəxsin
məhkum edilməsi məhkumluq üçün hüquqi əsas təşkil etmir, bu halda ittiham tərəfi
bu əsasla “cavab verməyə əsas yoxdur” (no case to answer) vəsatətini rədd etmək
üçün istifadə edə bilməz, “Müdafiə Bəyanatı”nın təqdimindəki qısamüddətli
gecikmə prokurorun öz açıqlama öhdəliklərindən azad olmasına əsas vermir.
“Müdafiə Bəyanatı”nda yer almayan şahidinin ifadə verməsi barədə vəsatət vermək
hüququ məhdudlaşdırıla bilməz.
Bundan əlavə qeyd edilməlidir ki, “Müdafiə Bəyanatı”nın təqdim edilməsi
ilə əlaqədar müdafiəçinin təqsirləndirilən şəxsə qanuni öhdəliyə zidd hərəkəti
tövsiyə etməsi yolverilməzdir.
Əgər təqsirləndirilən şəxsin müdafiə etmək üçün irəli sürəcək müsbət
arqumentləri yoxdursa və o, etiraf etməkdən imtina edirsə, bu zaman müdafiə bəyanatında
açıq şəkildə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittihamı qəbul etmir və
sübutetmə özünü müdafiə üçün hər hansı mövqeyini bildirmədən ittiham tərəfindən
sübutetmə prosesi davam etdirilməlidir.
İngiltərədə Bar Standards Board (BSB) tərəfindən hazırlanmış peşə
etikası haqqında təlimata əsasən: “Müdafiəçilər təqsirləndirilən şəxsə müdafiə
bəyənatını təqdim etməməyi və ya qanunda nəzərdə tutulan həll edilməli olan
halları həll etməməyi tövsiyə edə bilməz. Şəxslərin qanuni vəzifələrini və
onlara əməl etmədikdə ortaya çıxan hüquqi nəticələrini aydın izah etməlidir
[4].
“Müdafiə Bəyanatı” təfsilatlı, qanunvericiliyin tələbləri nəzərə
alınmaqla tərtib olunmalı konkret müdafiə mövqeyini aydın şəkildə ifadə etməli,
bu kontekstdə isə müdafiə açıqlaması həm “lövbər” funksiyasını yerinə yetirir,
yəni təqsirləndirilən şəxsin mövqeyini sabitləşdirir, həm də “məcburedici vəsatət”
funksiyasın, yəni ittiham tərəfini istintaq hərəkətləri aparmağa məcbur edən əsas
vasitə rolunu oynayır.
İngiltərədə qanunvericiliyində öz əksini tapan oxşar forma Şotlandiya
qanunvericiliyində də öz əksini tapmışdır [7; 10].
Şotlandiya hüquqşünası Gillian Mawdsley “Journal of the Law Society of Scotland”da dərc
olunmuş məqaləsində Criminal Procedure (Scotland) Act 1995-də edilmiş dəyişikliklərin
praktiki nəticəsini aşağıdakı kimi izah edir: Bu yanaşma müdafiə bəyanatını sadəcə
müdafiə mövqeyinin açıqlanması vasitəsi yox, həm də təqsirləndirilən şəxsə öz
müdafiəsini təmin etməyin alternativ hüquqi üsulu kimi təqdim edir [14].
ABŞ-də müdafiə tərəfinin ittiham aktına qarşı təqdim edilən müxtəlif
mərhələlərdə müxtəlif formalarda ola bilir, bu həm federal qanun - Federal
Prosessual Məcəllə (Federal Rules of Criminal Procedure (FRCP)) ilə həm də
ştatların özlərinin qanunvericiliklərində nəzərdə tutulan formada müəyyən
edilmişdir [13].
Belə ki, bizim qanunvericilikdə olduğu kimi cinayət təqibinə xitam
verilməsi kimi vəsatət (Motion to Dismiss),
məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi
barədə vəsatət (Motion to Suppress Evidence) ola bilir. İttiham aktına cavab
(Answer to Indictment) formasında isə bəzi ştatlarda təqsirləndirilən şəxs rəsmi
şəkildə ittihama münasibət bildirir. Əsas müdafiə mövqeyini isə - şəxsin özünü
təqsirsiz bilməsinə dair mövqeyi (Plea of Not Guilty) qanunvericilikdə öz əksini
tapmışdır. Bundan əlavə olaraq şəxsin özünü təqsirli (guilty) bilməsinə dair
ittihama etiraz etməsə də, təqsirini etiraf etməyən mövqeyini əks etdirən (nolo
contendere) müdafiə mövqeləri mövcuddur ki, hüquqi prosedurların tətbiqi
baxımından da bu bəyanatların mühüm əhəmiyyəti vardır [13].
Bu mövqelər birbaşa məhkəməyə təqdim olunur və adətən ilkin dinləmə mərhələsində
(preliminary hearing) və ya rəsmi ittihamın elan olunması (arraignment) mərhələsində
irəli sürülür.
ABŞ-də müdafiə tərəfi çoxsaylı yazılı sənədlərlə ittiham aktına qarşı
mövqe bildirə bilir və bu sənədlər strukturlaşdırılmış şəkildə təqdim
olunur.
III. Azərbaycan Respublikası
Cinayət-Prosessual
Məcəlləsinə “Müdafiə Aktı”nın daxil edilməsi perspektivləri
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra CPM) 289–292-ci
maddələri ittiham aktının tərtibi və təsdiqi qaydalarını tənzimləyir [9].
Müdafiə tərəfinin ittiham
aktına yazılı, strukturlaşdırılmış şəkildə cavab vermək hüququ ayrıca normativ
qayda kimi nəzərdə tutulmamışdır. Mövcud təcrübədə müdafiə tərəfi yalnız vəsatət,
çıxış, izahat və etiraz və s. formalı sənədlərlə mövqeyini ifadə edə bilir.
İttiham aktına qarşı konkret hüquqi və faktoloji müdafiə aktı tərtib etmək
imkanı olmadan məhkəmə keçirilir ki, bu da hesab edirəm ki, müdafiə hüququnun
effektivliyini zəiflədir.
Hesab edirəm ki, Qanunverici orqan tərəfindən “Müdafiə Aktının” qəbul
edilməsi ölkəmizdə mütərəqqi addım olar, bu həm insanların hüquqlarının müdafiə
edilməsinin keyfiyyətini, həm də vəkillik institutunun və hüquqi xidmətlərin
daha da peşəkarlaşmasına töhfə verə bilər.
İttiham tərəfinə ittiham aktı tərtib etmək vəzifəsi verildiyi kimi,
müdafiə tərəfinə də öz mövqeyini təqdim etməsi vəzifə kimi müəyyən edilməklə,
müdafiə tərəfinə cinayət işində öz mövqeyini strukturlaşdırılmış və bərabər əsaslarla
təqdim etmək imkanı yaranacaqdır.
Bundan sonra CPM-in 1-ci maddəsinə əsasən cinayət prosessual
qanunvericiliyinin təyinatı əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə
təqsirləndirilən şəxslərin təqsirli olub-olmamasını, şübhəli və təqsirləndirilən
şəxsin cinayət təqibinin və müdafiəsinin və hüquqi şəxslərin barəsində cinayət
hüquqi tədbirlərin tətbiq edilməsinin əsaslarını müəyyən edərək:
1. cinayət əməlini törətmiş şəxsləri
ifşa etmək və cinayət məsuliyyətinə cəlb etməyi;
2. təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların
vəzifəli şəxslərinin, o cümlədən hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz
olaraq şübhə altına alınmamasının, ittiham elan edilməməsinin və ya barəsində
qanunsuz hökm qəbul edilməsinin mümkünsüzlüyünü;
3. qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə,
digər məhdudiyyətlərə məruz qalmamasını
təmin edir [9].
CPM-in 7.0.4-cü maddəsinə əsasən isə cinayət-prosessual fəaliyyət olan
cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətmiş şəxsin müəyyən edilməsi, ona ittihamın elan edilməsi,
ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda
prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata
keçirilir [9].
CPM-ə əsasən tərəflər çəkişmə və
hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata
keçirən cinayət prosesinin iştirakçıları kimi iki qismə ayrılmış və hər biri
üçün hüquqlar və müdafiə vasitələri müəyyən edilmiş, tərəflərin riayət etməli
olduqları digər prinsiplər qanunvericilikdə əks olunmuşdur.
Tərəflərin anlayışını verən zaman qanunverici orqanın cinayət
prosesində xüsusi əhəmiyyət kəsb edən bu iki prinsipə tərəflərin anlayışı maddəsində
istinad etməsi cinayət prosesinin təməlini təşkil etməsindən irəli gəlir.
Qanunvericilikdə cinayət təqibinin bəzi şəxslərə münasibətdə (həmin şəxslərin
tutduqları vəzifədən azad edilməsi prosedurları baxımından) müəyyən edilən
istisnalarından başqa şəxslərin hər hansı əsaslarla birinin digərinə münasibətdə
üstünlüyü istisna edilmişdir [9].
Azərbaycan Respublikasında ədalət mühakiməsi tərəflərin bərabərliyi və
çəkişmə prinsipləri əsasında həyata keçirilir [2, s. 423].
Tərəflərin çəkişməsini təmin etmək üçün hər bir tərəfin məhkəmədə təmsil
olunması, öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik
olması və bununla bağlı hər bir tərəfin prosessual mövqeyinə uyğun olaraq hüquqlar müəyyyən edilmişdir.
CPM-in 219.1-ci maddəsinə əsasən ibtidai araşdırma ittiham aktının tərtib
edilməsi, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət
işinin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilməsi və ya cinayət işi
üzrə icraata xitam verilməsi haqqında qərarla qurtarır [9].
Yuxarıda qeyd etdiyimiz kimi ibtidai araşdırma zamanı cinayət təqibinin
həyata keçirilməsi mərhələsində ibtidai istintaq orqanının müvafiq əməkdaşı
istintaq hərəkətlərini keçirdikdən sonra istintaqı yekunlaşdırmaq mərhələsində
(ittiham aktını tərtib etməmişdən öncə) topladığı sübutları sübut mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirir. Cinayət təqibi üzrə toplanmış
bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən
qiymət verilməlidir. CPM-ə əsasən təhqiqatçı, müstəntiq, prokuror,
hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli,
tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutların qiymətləndirməsini
həyata keçirir. Qeyd edilməlidir ki, qanunvericilikdə sübutların qiymətləndirilməsinə
dair istintaq orqanının qəbul etdiyi qərarının müəyyən edilmiş forması yoxdur
burada qanunverici bu qərarının sərhədlərini müəyyən edən prinsipləri müəyyən
etmişdir.
Sübutların qiymətləndirilməsindən sonrakı (bəzən yenidən ittiham elan
edilməsi və s) mərhələ sayılan ittiham aktının tərtib edilməsi mərhələsində isə
artıq qanunverici konkret forma və məzmununu
dəqiq müəyyən etmişdir.
Hesab edirəm ki, ibtidai istintaqın yekunlaşmasına qədər olan müddətdə
qanunverici tərəfindən müdafiə tərəfi üçün hüquqlar müəyyən edilməsinə
baxmayaraq müdafiə tərəfinin strukturlaşdırılmış müdafiəni təmin etmək üçün təqdim
edə biləcəyi və qanunla müəyyənləşdirilən özünü müdafiə aktının olmaması tərəflərin
məhkəmədə çəkişməsinə və bərabərliyinə xələl gətirən haldır.
Bildirim ki, yuxarıda qeyd etdiyimiz hüquqlardan irəli gələrək
verilmiş vəsatətlər, toplanmış sübutlar ibtidai istintaq mərhələsində istintaq
orqanına təqdim edilir və əksər hallarda həmin vəsatətlərlə toplanmış sübutlar
və ya müəyyən edilmiş hallara, o cümlədən istintaq orqanının diqqətinin yönəldiyi
digər hallara məhz eyni istintaq orqanı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorluq orqanı tərəfindən qiymət verilir.
Diqqətə çatdırmaq istədiyim məqam odur ki, müdafiə tərəfi təqsirləndirilən
və müdafiəçi ilə hər iki mərhələdə təmsil
olunur, ittiham tərəfi ibtidai istintaq zamanı bir orqan, iş baxılması üçün məhkəməyə
göndərildikdən sonra isə digər bir orqan tərəfindən təmsil olunur. Həm də məlumdur
ki, məhkəmə istintaqı dövlət ittihamçısının istintaq orqanının tərtib etdiyi
ittiham aktından ittihamı oxuması ilə başlanır.
Hesab edirəm ki, iştirakçı kimi dəyişməz tərkibdə fəaliyyət göstərən
müdafiə tərəfinin ittiham aktı elan olunması zamanı özünü müdafiə etmək üçün
heç bir söz deyə bilməməsi və ya həmin anda hər hansı müdafiəsi üçün məhkəməyə
təqdim edilmiş sturukturlaşmış aktının olmaması, yəni müdafiə tərəfinin hüquqi
imkandan məhrum olması elə tərəflərin bərabərsizliyi və çəkişmənin pozulması kimi qiymətləndirilməlidir.
Bu aktın olması istər şəxsin öz müdafiəsini qurması üçün istərsə də,
onun hüquqlarını müdafiə edən müdafiəçinin - vəkilin peşəkar müdafiəsini təqdim
etməsi baxımından vacib element kimi qiymətləndirmək mümkündür.
Belə ki, yuxarıda qeyd etdiyim kimi istintaq orqanı müəyyən edilmiş
prinsiplərə riayət edərək sübutlara qiymət verdikdən sonra ittiham aktında
ancaq elan etdiyi ittihamın mahiyyətini və onları təsdiq edən sübutları
sadalamaq vəzifəsini icra edir, yalnız şəxsin özünümüdafiəsi üçün gətirdiyi dəlillər
və onları necə qiymətləndirməsini və əməli yüngülləşdirən hallar varsa, onu
müdafiə tərəfinin xeyrinə əks etdirir.
Beləcə, iki tərəfin olduğu prosessual fəaliyyət olan cinayət təqibinin
ibtidai araşdırma mərhələsi bununla da hüquqi baxımdan qeyri-bərabər şəkildə
yekunlaşır.
Hesab edirəm ki, qanunvericinin ittiham aktının forması və zəruri sənəd
kimi tərtib olunması ilə bağlı tələbi, cinayət işi üzrə toplanmış sənədlərin,
müəyyən edilmiş faktların və yekun ittihamın bir sənəddə xülasə şəklində əks
etdirilməsinə xidmət edir.
Məlumdur ki, təcrübədə 1 cilddə, 10 cilddə, hətta yüzlərlə cilddə
toplanmış cinayət işlərinin istintaqı aparılır və baxılması üçün məhkəməyə göndərilir.
Bu cinayət işlərində isə itiham aktı artıq məhkəmə üçün cinayət işi üzrə ilkin məlumat ala biləcəyi struktur formada təqdim edilmiş sənəddir. Bu zaman məhkəmə yalnız şəxsin öz müdafiəsi
üçün irəli sürdüyü və istintaq orqanı tərəfindən qısaca əks etdirilən dəlilləri
və istintaq orqanının həmin halı təkzib edən münasibət və yüngülləşdirici
hallar barədə məlumatlı olur.
Bu halda hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və bu baxımdan
sadəcə təqdim edilmiş sübutlara qiymət vermək vəzifəsi daşıyan məhkəmədə isə
baxılması üçün göndərilmiş cinayət işi üzrə ilkin təssüratların sadəcə ittiham
tərəfinin təqdim etdiyi ittiham aktında yazılanlardan irəli gələrək yaranması
inkar edilə bilməz.
Bu baxımdan qanunvericilikdə müdafiə aktı anlayışı və onun formasının
müəyyən edilməsi hesab edirəm ki, tərəflərin bərabərliyi və çəkişmənin həyata
keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər.
Bununla bağlı, həm də diqqətinizə çatdırmaq istəyirəm ki, CPM-in
298-ci maddəsinə əsasən cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmə 15
(on beş) gün müddətində hazırlıq iclası təyin etməli, əgər cinayət işinin həcmi
böyükdürsə, təqsirləndirilən şəxslərin sayı çoxdur və ya hazırlıq iclasının təşkil
edilməsinin xüsusilə mürəkkəb olması ilə əlaqədar isə bu müddət məhkəmənin qərarı
ilə 30 (otuz) günədək uzadıla bilər [9].
Fikrimizi əsaslandırmaq üçün diqqətinizə çatdıraq ki, CPM-də böyük
ictimai təhlükə törətməyən cinayət işləri üçün ilkin istintaq müddəti 2 (iki)
ay, az ağır cinayətlər üzrə 3 (üç) ay, ağır və xüsusi ilə ağır cinayətlər üzrə
isə ilkin istintaq müddəti isə 4 (dörd) ay təşkil edir, hər bir halda bir işin
ibtidai araşdırılmasını ilkin istintaq müddətində tamamlana bilməsini nəzərə
alsaq, belə istintaq orqanının ən yaxşı halda 2 ay, ən pis halda 4 ayda
araşdırdığı və baxılması üçün məhkəməyə göndərilən bir cinayət işi ilə ilkin
tanış olması və hazırlıq iclasını təşkil edə bilməsi üçün hakimə ən çox 30 günədək
vaxt verilməsi qanunvericiliklə müəyyən edilmişdir [9].
Təcrübədə hakimlərin iş yükünün olmasını və məhkəmə
zallarında iclaslarını keçirməsini də nəzərə alsaq, qəbul edilməlidir ki,
ittiham aktı ilkin məlumat sənədidir, bu sənəddə isə sadəcə və sadəcə şəxsə
elan edilmiş ittiham və onu təsdiq edən sübutlar öz əksini tapır və bu elementlər sənədin 99%-ni təşkil edir.
Bundan əlavə qeyd etmək istəyirəm ki, müdafiəçilərin qaldırdıqları vəsatətlərindən
başqa topladıqları sübutlara istintaq orqanının qiymət verməsi baxımından da
müdafiə tərəfinin sturukturlaşmış müdafiə aktını zəruri edir.
Belə ki, hesab edirəm ki, ittiham tərəfinin tərtib etdiyi ittiham
aktına müdafiə tərəfinin müdaxilə imkanları olmadığı kimi sonda təqdim edilən
müdafiə aktı bu baxımdan istisna olmalı, yekunda istintaq orqanının bu və ya
digər formada qiymətləndirilməsi imkanlarından məhrum edilməklə tamamlanmış
istintaqın sonunda ittiham aktının qəbul edilməsindən sonra müdafiə tərəfinin
mövqeyini əks etdirən sənəd kimi təsbit edilməlidir. Bu onun üçün vacibdir ki,
istintaq orqanlarının müdafiə tərəfinin təqdim etdiyi sübutların effektivliyini
və ya tətbiq etmək imkanlarını qabaqlayaraq onları neytrallaşdırmaq imkanları
olmasın.
Təcrübədə rast gəlinir ki, ittiham aktının tərtib edilərək təsdiq
edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora verildikdən sonra müdafiə tərəfinin mövqeyini əks etdirən vacib
halları neytrallaşdırmaq məqsədilə cinayət işi yenidən ibtidai istintaqa
qaytarılır və ya müdafiə tərəfi olaraq təqdim edilən vəsatətlərdə qeyd edilən
hallar açıq-aşkar əsassız şəkildə təmin edilməyərək müdafiə imkanlarından məhrum
edilirlər.
IV. Nəticə
CPM-də ibtidai istintaq zamanı məhkəmə nəzarəti imkanlarının məhdudluğunu
da nəzərə alsaq, müdafiə aktı hesab edirəm ki, strukturlaşmış sənəd kimi vacib əhəmiyyət
daşıyacaqdır.
Qeyd edim ki, ümumilikdə, müdafiə prosesinə xidmət edən müdafiəçinin
ibtidai araşdırma zamanı cinayət təqibinə xitam verilməsi barədə vəsatəti, o
cümlədən digər vəsatətləri, məhkəmədə müdafiə çıxışı və məhkəmədə təqsirləndirilən
şəxsin son söz ilə çıxış etməsi ilə strurukturlaşdırılmış müdafiə aktının
qarışdırılmamalı olduğunu düşünürəm.
Belə ki, sadaladığım hər bir mərhələni bütövlükdə
müdafiənin ayrılmaz tərkib hissəsi hesab etməklə vurğulamaq istədiyim məqam
verilmiş vəsatətlərdə, o cümlədən son söz mərhələsinə qədər keçən zaman ərzində
cinayət işi üzrə “elan edilmiş” ittihamı təkzib edən müdafiə mövqeyinin
bütövlükdə sistemləşdirilməsi və sturukturlaşdırılaraq əks etdirilməsinin
vacibliyini diqqətə çatdırmaqdır.
Qeyd etdiyimiz kimi ittiham
aktı artıq məhkəmədə dövlət ittihamını müdafiə edən ittihamçı üçün necə “mayak”
rolunu oynayırsa, mümkün olan müdafiəçi dəyişikliyi zamanı da ilk növbədə
keyfiyyətli müdafiə üçün artıq iş materiallarında müdafiə tərəfinin vahid
mövqeyini əks etdirən sənəd olacaqdır.
Qeyd edilə bilər ki, qanunvericilikdə müdafiə tərəfinin
məhkəməyə məhkəmənin yekun qərarına dair öz təkliflərini verməsi imkanları müəyyən
edilmişdir ki, müdafiə mövqeyini orada da əks etdirmək imkanları mövcuddur.
Hesab edirəm ki, bu hüquq son məhkəmə qərarının qəbul edilməsi baxımından sonda
edilən prosessual hərəkət olmaqla nəticə etibarilə isə əvvəlcədən hazırlanmış
sturukturlaşdırılmış bir müdafiə aktının davamı olması halında effektiv və məhkəmədə çəkişmənin tamamlayan element ola
bilər.
Qanunvericilikdə ittiham aktı tərtib edilib müdafiə tərəfinə təqdim
edildikdən sonra konkret olaraq müəyyən edilmiş müddət ərzində tərtib edilməli olan
“Müdafiə Aktı”nın müdafiəçi və ya təqsirləndirilən
şəxs tərəfindən tərtib edilərək hazırlanması öz əksini tapmalıdır. Əgər ibtidai
istintaq dövründə müdafiəçi iştirak etməmişdirsə, ibtidai araşdırmanı aparan şəxs
ittiham aktını təqsirləndirilən şəxsə təqdim edərkən bu barədə ayrıca protokol
tərtib olunaraq təqsirləndirilən şəxsin
ittiham aktı ilə tanış olmasından sonra öz münasibətini bildirdiyi müdafiə aktı
tərtib etmək hüququ, qaydası və müddəti barədə hüquqlarını izah etməlidir.
“Müdafiə Aktı”nda müdafiə tərəfinin elan edilmiş
ittihama münasibəti, şahidlərin ifadələrinə olan mövqeyi (təsdiq etmədiyi və həmin
ifadəsinə qarşı müdafiəsi üçün gətirdiyi
dəlillər və ifadəsi), müdafiəsi üçün gətirdiyi sübutlar və həmin sübutların
ittiham tərəfinin sübutları ilə müqayisəsi, istintaq orqanının şəxsin müdafiəsi
üçün istintaq orqanına təqdim etdiyi, lakin istintaq orqanı tərəfindən qəbul
edilməyən sübutlar və onların şəxsin öz müdafiəsi baxımından əhəmiyyəti, məruz
qaldığı hüquq pozuntularının təsviri və CPM-in 297-307-ci maddələrinə əsasən məhkəmənin
hazırlıq iclasında müzakirə edilən məsələlərə münasibətinin əksini tapması
müdafiənin qurulması üçün təcrübi əhəmiyyət daşıyar.
Beləliklə təklif edirəm ki, Cinayət-Prosessual Məcəlləyə aşağıdakı məzmunda
Müdafiə Aktı maddəsi əlavə edilsin:
289-1. Müdafiə Aktı
289-1. Bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər
yerinə yetirildikdən sonra təqsirləndirilən şəxs və müdafiəçi müdafiə aktı tərtib edir.
289-1.2. Müdafiə aktının giriş hissəsində aşağıdakılar göstərilir:
289-1.2.1. müdafiə aktının tərtib edilməyə başlandığı tarix, vaxt və
yer;
289-1.2.2. müdafiə aktını tərtib edən təqsirləndirilən
şəxs və müdafiəçinin soyadı adı və
atasının adı;
289-1.2.3. barəsində müdafiə aktı tərtib edilmiş cinayət işi haqqında
ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən
başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli
sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin
seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın
dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi).
289-1.3. Müdafiə aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar
göstərilir:
289-1.3.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad
edilən şəxsə qarşı irəli sürülmüş ittihama təqsirləndirilən şəxsin münasibəti,
ifadəsi və digər mühüm hallar;
289-1.3.2. təqsirləndirilən şəxsin təqsirsizliyi təsdiq edən sübutlar
və həmin sübutların ittiham tərəfinin sübutları ilə müqayisəsi, müdafiəsi üçün
istintaq orqanına təqdim etdiyi, lakin istintaq orqanı tərəfindən qəbul edilməyən
sübutlar və onların əhəmiyyətinə dair
hallar;
289-1.3.3.məruz qaldığı hüquq və azadlıqlarının pozuntularının təsviri;
289-1.3.4.CPM-in 297-307-ci maddələrinə əsasən məhkəmənin hazırlıq
iclasında müzakirə edilən məsələlərə dair mövqeyi;
289-1.3.5.təqsirləndirilən şəxsi səciyyələndirən hallar, təqsirləndirilən
şəxsin məsuliyyətini yüngülləşdirən halların təsviri.
289-1.4. Müdafiə aktının nəticəvi hissəsində təqsirləndirilən
şəxsin məhkəmədən xahişi əks etdirilir.
289-1.5. Müdafiə aktı cinayət işi üzrə toplanmış materialları və cinayət
işinin vərəqlərinə istinadı əks etdirməlidir.
289-1.6. Müdafiə aktının tərtib edilməsinin
qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır.
289-1.7. Müdafiə aktına məhkəmə
iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda çağırılmalı olan şəxslərin olduqları yeri və
onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir.
Hesab edirəm ki, “Müdafiə Aktı”nın qanunvericilikdə müəyyən edilməsi
hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və optimallaşdırılması
istiqamətində atılacaq addımların, müdafiə hüququnun effektivliyinin təmin
edilməsi, hüquqi yardımın keyfiyyətinin artırılması, vətəndaşların hüquqlarının
təmin olunmasına zəmanət imkanlarını genişləndirə bilər. Müdafiə aktı təkcə
insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiə hüququnun həyata keçirilməsi,
vəkillik fəaliyyətinin daha da gücləndirilməsi baxımdan deyil, həm də
dövlətin hüquqi mexanizmlərinin daha şəffaf və ədalətli etmək baxımından əhəmiyyətli
olacaqdır.
REFERENCES (ƏDƏBİYYAT):
1.
Abbasova F. M. Criminal Procedure.
Textbook. General Part. Revised and supplemented second edition. (in Azerbaijani / Abbasova F. M. Cinayət Prosesi. Dərslik.
Ümumi Hissə. Yenidən işlənmiş və əlavə edilmiş ikinci nəşr). Baku: Zardabi LTD
Publishing House, 2015, 410 p.).
2.
Aliyev A. İ. Human Rights.
Coursebook. Revised and supplemented second edition.Baku: “Nurlar” Publishing,
2019, 352 p. (in Azerbaijani / Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Yenidən
işlənmiş və əlavə edilmiş ikinci nəşr).
3.
Auld, R. (2001).
Review of the Criminal Courts of England and Wales. Criminal Courts Review.
URL:
https://www.criminal-courts-review.org.uk/ccr-10.htm (last access: 27.05.2025).
4.
Bar Standards Board, BSB Handbook
(Bar Standards Board, 2025)
URL: https://www.barstandardsboard.org.uk/bsb-handbook.html
(last access: 26.05.2025).
5.
Case of Dombo Beheer B.V. v. The
Netherlands (Application No. 14448/88), The European Court of Human Rights
judgment. Strasbourg, 27 October 1993.
6.
Constitution of the Republic of
Azerbaijan (in Azerbaijani / Azərbaycan
Respublikasının Konstitusiyası).
URL:
http://www.e-qanun.az/framework/897 (last access: 26.05.2025).
7.
Criminal Justice and Licensing
(Scotland) Act 2010. Scottish Government. (2010).
URL:https://www.legislation.gov.uk/asp/2010/13/introduction
(last access: 27.05.2025).
8.
Criminal Procedure and Investigations
Act 1996.
URL:
https://www.legislation.gov.uk/ukpga/1996/25 (last access: 26.05.2025).
9.
Criminal Procedure Code of the
Republic of Azerbaijan (in Azerbaijani / Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi).
URL:
https://e-qanun.az/framework/46950) (last access: 26.05.2025).
10.
10. Criminal Procedure (Scotland) Act
1995. Scottish Government. (1995).
URL:https://www.legislation.gov.uk/ukpga/1995/46/section/70A (last access:
27.05.2025).
11.
European Convention on Human Rights
(ECHR), Official title: Convention for the Protection of Human Rights and
Fundamental Freedoms, Adopted: 4 November 1950, Entry into force: 3 September
1953, Council of Europe.
URL:
https://www.echr.coe.int/documents/convention_eng.pdf (last access:
27.05.2025).
12.
On Deepening Reforms in the
Judicial-Legal System, Decree of 3 April 2019 (in Azerbaijani / “Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli
Fərman).
URL:
https://e-qanun.az/framework/41813 (last access: 26.05.2025).
13.
The Federal Rules of Criminal
Procedure, (The original rules were adopted by order of the Supreme Court on
December 26, 1944, transmitted to Congress on January 3, 1945, and effective
March 21, 1946. The Criminal Rules were last amended in 2023.)
URL:https://www.uscourts.gov/forms-rules/current-rules-practice-procedure/federal-rules-criminal-procedure
(last access: 26.05.2025).
14.
Mawdsley, G. (2018). “New questions
over statements.” Journal of the Law Society of Scotland, Vol. 63, Issue 05.
URL:
https://www.lawscot.org.uk/members/journal/issues/vol-63-issue-05/new-questions-over-statements/
(last access: 27.05.2025).
15.
R (Sullivan) v Maidstone Crown
Court[2002] EWHC 967 (Admin) -High Court of Justice, Queen’s Bench Division
(Administrative Court) - Judgment date: 22 May 2002-
URL:
https://www.casemine.com/judgement/uk/5b46f1ee2c94e0775e7ee4ca (last access:
27.05.2025).
16. R v
Wheeler[2001] 1 Cr App R 10 — Court of Appeal (Criminal Division), England and
Wales- Judgment date: 2000 (reported in 2001).
URL: https://www.judiciary.uk/wp-content/uploads/JCO/Documents/Reports/disclosure_criminal_courts.pdf (last access: 26.05.2025).