Oktyabrın 18-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Vəkillik psixologiyası" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və mövzunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki,
vəkillik psixologiyası həm vəkillərin peşəkar fəaliyyətinin effektivliyini
artırmaq, həm də onların şəxsi rifahını təmin etmək baxımından mühüm əhəmiyyətə
malikdir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr
edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində ədliyyə
müşaviri, kliniki (tibbi) psixoloq Vidadi Mayıl vəkillik psixologiyasının
predmeti, psixi proseslər və vəziyyətlər, vəkilin psixoloji portreti, ünsiyyət
psixologiyası və mövzu üzrə digər əlaqəli məsələlər barədə geniş çıxış edib.
Təlim interaktiv formada
davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları
cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 33 üzvü iştirak edib.





