Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillər üçün növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, oktyabrın 15-də distant
qaydada keçirilən təlimdə VK üzvü Anar Məmişov təlimçi qismində çıxış edib.
Təlimdə mülki mühakimə
icraatının əsas əlamətləri, mülki mühakimə icraatının cinayət və inzibati
mühakimə icraatından oxşar və fərqli cəhətlərinin qarşılıqlı tədqiqi, mülki
mühakimə icraatı ilə bağlı beynəlxalq yanaşma, subyektiv hüquq və cavabdehin
subyektiv vəzifəsi, mülki mühakimə icraatında iddianın əsası və predmeti, məhkəmənin
iddia tələbindən kənara çıxmasının mümkün olduğu hallar, iddia tələbinin həcminin
dəyişdirilməsi, əqdlərin mübahisələndirilməsi və digər məsələlər ətrafında
geniş müzakirələr aparılıb.
Oktyabrın 17-də isə distant
qaydada təşkil olunan digər təlimdə Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil
Bürosunun müdiri Anar Qasımlı təlimçi qismində çıxış edib.
Təlimdə işgəncə cinayəti
ilə bağlı aktual məsələlər, Avropa İnsan Hüquqları Məhkəməsinin işgəncə ilə
bağlı qərarları, pis rəftarın və işgəncənin anlayışları, "İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 3-cü
maddəsində nəzərdə tutulan işgəncələrin qadağan olunması aspektləri və digər məsələlərlə
bağlı ətraflı müzakirələr aparılıb.
Hər iki təlimin sonunda təlimçilər
tərəfindən dinləyicilərin sualları dinlənilib.
Təlimlərdə VK-nın ümumilikdə 66 üzvü iştirak edib.



