2025-ci il oktyabrın 20-də Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun şagirdlərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə
açan Məktəbin direktoru Rəna Həsənova görüşün əhəmiyyətindən danışıb, qeyd edib
ki, bu cür tədbirlər şagirdlərdə hüquq sahəsinə marağın artırılmasına, onların
peşə yönümündə maarifləndirilməsinə və gələcəkdə hüquq ixtisasını seçmək istəyən
gənclər üçün motivasiya mənbəyinə çevrilir.
Görüşdə çıxış edən Kollegiya
sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara təhsillərində və gələcək fəaliyyətlərində
uğurlar arzulayıb. Sədr şagirdlərlə təcrübələrini bölüşərək vəkillik peşəsinin üstünlükləri,
VK-nın tarixi inkişaf yolu, son illərdə həyata keçirilən mühüm islahatlar və vəkillik
institutunun gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat
verib.
Kollegiya ilə hüquq fakültələri
fəaliyyət göstərən bütün universitetlər arasında əməkdaşlıq memorandumu
imzalandığını qeyd edən Anar Bağırov bu əməkdaşlığın nəticəsində bir çox
faydalı təşəbbüslərin reallaşdırıldığını bildirib.
Sədr vurğulayıb ki, VK tərəfindən
həyata keçirilən layihələrin əksəriyyəti gənclərin hüquqi biliklərinin
artırılmasına və onların vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib.
Anar Bağırov qeyd edib ki, bu gün vəkilliyə üz tutan hüquqşünasların böyük hissəsi
gənclərdir və onların fəaliyyəti institutun inkişafına yeni dinamika gətirir.
Eyni zamanda Anar Bağırov VK-nın
hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatlarından biri
olduğunu dilə gətirib. Nəzərə çatdırılıb ki, Kollegiyanın tam dəstəyi ilə hər
il gənc hüquqşünaslar tədbirlər keçirir, yüzlərlə tələbə isə müxtəlif vəkil
qurumlarında təcrübə keçir və real iş mühiti ilə tanış olmaq imkanı qazanır. Həmçinin
fərdi təqaüdlərin ayrılması, hüquq fakültələrinin layihələrinə sponsorluq edilməsi
və tələbə təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması bu
istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Daha sonra şagirdləri maraqlandıran
suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda Dünya Məktəbinin rəhbərliyinə VK-nın dəstəyi ilə dərc edilmiş nəşrlər və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.









