2025-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər
və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas
imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını
uğurla başa vuran namizədlər, habelə
əvvəllər hakim və ya vəkil işləmiş vəkilliyə qəbulla
bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış şəxslərin
andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq
qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqə
təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bundan başqa, VK Rəyasət
Heyətinin üzvü İlhamə Həsənova tərəfindən hazırlanmış “İstintaq hərəkəti
protokolunun rəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı” adlı
metodik tövsiyənin təsdiq edilməsi məsələsi müzakirə edilib. Müzakirədən sonra Rəyasət
Heyəti metodik tövsiyəni təsdiq olunmasını qərara alıb.
Eyni zamanda iclasda bəzi
vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin dövlət qulluğuna qəbul
olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətləri
müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda Kollegiyanın
sədr müavinləri tərəfindən regionlarda keçirilmiş monitorinqin nəticəsinə dair
məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə
yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə
dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilib və 1 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.












