Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Daşqın Qənbərovun “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Avropa dövlətlərinin hüquq sistemlərində və Azərbaycan Respublikasında ödənişsiz (dövlət hesabına) hüquqi yardımın müqayisəli təhlili: normativ və institusional aspektlər” adlı elmi məqaləsini təqdim edirik:
Annotasiya
Bu məqalədə aparıcı Avropa ölkələrində və Azərbaycan Respublikasında
dövlət vəsaiti hesabına – ödənişsiz hüquqi yardım sistemləri normativ və
institusional çərçivələr baxımından müqayisəli şəkildə təhlil edilir. Böyük
Britaniya, Fransa, Almaniya, İspaniya və Azərbaycanın nümunəsində hüquqi
yardımın qanunvericilik əsasları, hüquqi yardıma çıxış meyarları, təqdim olunan
xidmətlərin xarakteri və vəkillərə ödəniş mexanizmləri araşdırılır. Hüquqi
yardımın təqdim olunmasında mövcud olan iki əsas model – “judicare” və
“welfare” sistemləri təhlil olunur və bu modellərin Azərbaycan kontekstində tətbiqi
qiymətləndirilir. Tədqiqatda vurğulanır ki, ədalət mühakiməsinə çıxış hüququnun
təmin edilməsi üçün hüquqi yardım yalnız formal deyil, real və effektiv
olmalıdır. Bu prinsip Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda
da təsbit olunmuşdur. Araşdırmada, həmçinin dövlət tərəfindən təyin olunan vəkillərin
peşəkarlıq səviyyəsi, onların dəyişdirilməsi prosedurları, hüquqi yardımın rəqəmsallaşma
səviyyəsi və qeyri-hökumət təşkilatlarının bu sahədəki rolu təhlil obyektidir.
Məqalənin sonunda Azərbaycan Respublikasında hüquqi yardım sisteminin təkmilləşdirilməsi
ilə bağlı tövsiyələr irəli sürülür. Bunlara “Pulsuz Hüquqi Yardım haqqında”
xüsusi qanunun qəbul edilməsi, dövlət maliyyələşməsinin artırılması, vəkillərin
ixtisasartırma sisteminin gücləndirilməsi və beynəlxalq standartlarla, xüsusilə
BMT və Avropa Şurası tövsiyələri ilə uyğunluğun təmin edilməsi daxildir.
Açar
sözlər: hüquqi yardım, ədalət mühakiməsinə çıxış, judicare modeli, welfare
modeli, Azərbaycan, müqayisəli hüquq, Avropa İnsan Hüquqları Məhkəməsi,
qeyri-hökumət təşkilatları.
I.
Giriş
Avropa və Azərbaycan hüquq sistemlərində ödənişsiz (dövlət hesabına)
hüquqi yardımın qanunvericilik, institusional və funksional aspektləri bu məqalədə
müqayisəli hüquq metodologiyası ilə araşdırılır. Eyni zamanda, təhlil hüquqi
yardım sisteminin tarixi formalaşma prosesi və beynəlxalq tələblərlə uzlaşması
kimi mühüm məqamları da əhatə edir.
Hüquqi yardıma çıxış ədalət mühakiməsinin əsas prinsipidir və bu yardımın
vətəndaşlara ödənişsiz (dövlət hesabına) şəkildə təmin olunması aztəminatlı şəxslərin
hüquq sisteminə bərabər çıxış imkanlarını təmin edir. Vəkil tərəfindən göstərilən
hüquqi yardımın xarakteri, həcmi və hüquqi əsasları Azərbaycan Respublikasının
Konstitusiyası [8], xüsusilə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanunu [9], Cinayət Prosessual Məcəlləsi, Mülki Prosessual Məcəllə
(m.67-1) və digər normativ-hüquqi aktlarla tənzimlənir. Hüquq münasibətlərinin
subyektlərinin hüquq və qanuni maraqlarının müdafiəsinin təmin olunması hüquqi
dövlətin əsas məqsəd və vəzifələrindən birini təşkil edir. Bu məqsəd və vəzifələrin
həyata keçrilməsində mühüm rol vəkilliyin üzərinə düşür [3, s. 8]. Vəkil tərəfindən
göstərilən hüquqi yardımın xarakteri müxtəlif ola bilir və adətən aşağıdakı
formaları əhatə edir: Məsləhət vermək (şifahi və yazılı hüquqi məsləhətlər);
Hüquqi sənədlərin hazırlanması (iddia ərizəsi, şikayət, müqavilə, ərizə, vəsiyyət
və s.); Məhkəmədə və digər orqanlarda təmsilçilik (cinayət, mülki, inzibati,
kommersiya mübahisələr üzrə); Cinayət işlərində müdafiə (təqsirləndirilən şəxsin
müdafiəsi, zərərçəkmişin və ya şahidin təmsil edilməsi); Notariat hərəkətlərində
iştirak; Barışıq və mediasiya proseslərində iştirak; İcraat proseslərində
hüquqi yardım göstərilməsi və s. Vəkilin göstərdiyi hüquqi yardımın həcmi
müraciət edən şəxsin hüquqi probleminin mahiyyətindən, işin mürəkkəbliyindən, məhkəmə
və ya orqanın səviyyəsindən (birinci instansiya, apellyasiya, kassasiya, polis,
prokuroluq və s.), müştəri ilə vəkil arasında bağlanmış müqavilədən və s.
xüsusatlardan asılı ola bilir.
Keçən əsrin ortalarından etibarən ödənişsiz (dövlət hesabına) hüquqi
yardımın göstərilməsi məsələsinin öyrənilməsi ilə, əsasən, sosioloqlar məşğul
olmuşlar. Onlar ödənişsiz hüquqi yardımın göstərilməsinin iki modelinə -
“judicare” və “welfare”ə əsaslanıldığını qeyd etmişlər. Judicare modelinin əsasında
ilk dövrlər xeyriyyə işinin görülməsi dururdu. Belə xeyriyyə fəaliyyəti çərçivəsində
hüquqşünaslar heç bir ödəniş almadan insanlara hüquqi yardım göstərirdilər. Belə
yardım müxtəlif əlamətdar günlərdə həyata keçirilirdi və hüquqşünaslar bunu
boyunlarının borcu hesab edirdilər. Hüquqi yardımın göstərilməsi zaman isə
yardım göstərilən şəxslərin seçimində xüsusi meyarlar mövcud olmamışdır.
Könüllülük əsasında hüquqi yardımın göstərilməsi tendensiyası təqribən keçən əsrin
80-ci illərinin ortalarına, ta ki judicare modelinin qəbulunadək davam
etmişdir. Bu sistem çərçivəsində dövlətin maliyyəsi əsasında fərdi vəkillərə müəyyən
olunmuş şəxslər qrupuna hüquqi yardım göstərilməsi üçün pul ödənilir. Bu sistemə
əsasən hüquqi yardım xidmətini ya istənilən hüquqşünas və ya xüsusi şirkətlərlə
bağlanmış müqavilə əsasında peşəkar vəkillər göstərə bilərlər. Lakin burada həmin
hüquq firmalarının ixtisaslaşmaları nəzərə alınır. Ödənişsiz hüquqi yardımın
göstərilməsi üzrə welfare modeli 1960-cı illərdə ABŞ-də o zamankı Prezident
Lindon Consonun “Yoxsulluqla mübarizə” 1 proqramı əsasında tətbiq olunmağa
başlanılmışdır. Bu model, həmçinin “ştatda olan hüquqşünaslar” da adlanır. Bu
sistemə əsasən, yerli icmaların nəzdində daimi hüquqşünas ştatları
formalaşdırılır və bu hüquqşünaslar judicare sistemində çalışan peşəkar vəkillərin
qatılmadıqları işlərə cəlb olunurlar. Kanada və Avstraliya kimi ölkələr welfare
modelindən istifadə edənlər sırasındadırlar [7, s. 3-4].
Bu konteksdə qeyd edə bilərik ki, Azərbaycan Respublikasında yuxarıda
qeyd edilən hər iki model - “judicare” və “welfare” tətbiq olunur. “Judicare”
modelinə nümunə olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əlamətdar
günlərdə müxtəlif rayon və şəhərlərdə az təminatlı ailələrə, cəzaçəkmə müəsisələrində
məhkumlara, müxtəlif sosial müdafiə müəssisələrində yaşayan, müalicə alan şəxslərə
və s. bu kimi oxşar kateqoriyadan olan, maddi durumu ədalət mühakiməsinə çıxış
üçün lazımi informasiyaları əldə etməyə imkan verməyən şəxslərə ödənişsiz
(pulsuz) hüquqi yardım aksiyaları təşkil etməsini göstərmək olar. “Welfare”
modeli isə Azərbaycan Respublikasında dövlət hesabına hüquqi yardım modeli ilə,
demək olar ki, eyni mahiyyəti özündə ehtiva edir.
II. Hüquqi yardım sisteminin prinsipləri və qanunvericilik bazası
Cədvəl 1. Hüquqi yardım sisteminin qanunvericilik əsasları
|
Ölkə |
Qanunvericilik aktı |
Əhatə dairəsi |
|
Böyük Britaniya |
Legal Aid, Sentencing and Punishment of Offenders Act 2012, əlavə
olaraq, İngiltərədə hüquqi yardım sistemində “Legal Aid Agency” (LAA) və ya
“Civil Legal Aid” [22; 23]. |
Cinayət və mülki işlər, bütün ölkə ərazisində. |
|
Fransa |
Code de l'organisation judiciaire, Loi n°91-647 du 10 juillet 1991
[25]. |
Cinayət, mülki işlər, bütün ölkə ərazisində. |
|
İspaniya |
Ley 1/1996, de asistencia jurídica gratuita [24]. |
Mülki, inzibati və cinayət işləri, bütün ölkə ərazisində. |
|
Almaniya |
Beratungshilfegesetz (BerHG), Prozesskostenhilfe (PKH) [10; 11]. |
Mülki, cinayət, əmək, inzibati, bütün ölkə ərazisində. |
|
Azərbaycan |
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, Konstitusiya (m.61), MPM (m.67-1) [9]. |
Cinayət işlərində və xüsusi hallarda mülki işlər, bütün ölkə ərazisində |
Qeyd: Azərbaycanda “Dövlət hesabına (ödənişsiz) hüquqi
yardım haqqında” Qanun hələ qəbul edilməmişdir. Mövcud sistem Konstitusiyanın
61-ci maddəsinə, Mülki Məcəlləyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına əsaslanır.
III. Pulsuz hüquqi yardım almaq üçün meyarlar
Böyük Britaniyada dövlət hesabına hüquqi yardım (legal aid) yalnız müəyyən
maliyyə meyarlarına cavab verən şəxslərə təqdim olunur. Məsələn, 2024-cü il üzrə
belə müəyyən edilib ki, aylıq xalis gəliri (disposable income) 733 funtsterlinqdən
aşağı olan, habelə ümumi kapitalı (bankda əmanət, əmlak və digər aktivləri)
8000 funtsterlinqdən az olan şəxslər pulsuz hüquqi yardıma (mülki və cinayət
işlərində) çıxış hüququ qazana bilərlər. Kapitalın 8000–16000 funtsterlinq
aralığında olması hallarında isə qismən hüquqi yardım və ya müəyyən məbləğdə ödənişli
yardım tətbiq olunur. Göstəricilər ailə vəziyyəti, yaşayış xərcləri və hüquqi
problemin növünə görə dəyişə bilər. Əlavə olaraq, istintaq zamanı və ya təcili
məhkəmə müdaxiləsi tələb olunduqda bu meyarlardan kənar hallar da nəzərdən
keçirilə bilər [28; 30].
Fransada hüquqi yardım sistemi (aide juridictionnelle), əsasən “Loi
n°91-647 du 10 juillet 1991” qanunu və əlaqəli inzibati qaydalarla tənzimlənir.
Bu qanun, maddi vəziyyəti məhdud olan şəxslərə pulsuz və ya azaldılmış qiymətə
hüquqi xidmətlər (məsələn, vəkillik, məsləhət, məhkəmə xərcləri) göstərilməsini
nəzərdə tutur. 2024-cü il üçün hüquqi yardıma uyğunluq üçün şəxsin aylıq gəliri
1 nəfərlik ailə üçün təxminən 1250 avro, 2 nəfərlik ailə üçün isə 1560 avro
civarındadır. Əmlak və əlavə gəlirə görə yardımın tam və ya qismən göstərilməsi
mümkündür. Vətəndaşlıq və ya Fransa ərazisində qanuni rezidentlik tələbi
mövcuddur [27].
Almaniyada hüquqi yardım Hüquqi Məsləhət Yardımı Qanunu
(Beratungshilfegesetz (BerHG)) və Məhkəmə Xərcləri Yardımı (Prozesskostenhilfe
(PKH)) qanunlarına əsasən təqdim olunur. 2024-cü il üçün ailə strukturu və
yaşayış xərcləri nəzərə alınmaqla pulsuz hüquqi yardıma uyğunluq üçün orta
aylıq gəlir 1400–1600 avro həddində hesablanıb. Kapital meyarı isə təxminən
5000–8000 avro aralığında dəyişir. Yardımın göstərilməsi üçün müraciətçinin məhkəməyə
verilən xüsusi ərizə (PKH-Antrag) vasitəsilə və ərizədə hüquqi yardıma ehtiyacı
və şəxsi imkanının olmaması əsaslandırılır [11].
İspaniyada hüquqi yardım 1/1996 saylı Pulsuz Hüquqi Yardım Haqqında Qanun
(Ley 1/1996 de asistencia jurídica gratuita) ilə tənzimlənir. 2024-cü ilə əsasən,
illik gəliri İctimai Gəlir Göstəricisinin (IPREM) 2 mislinə qədər olan şəxslər
(təxminən 15876 avro) pulsuz hüquqi yardım almaq hüququna malikdir. Rezidentlik
statusu, hüquqi əsas və müraciətin ciddiliyi nəzərə alınır [24].
Cədvəl 2. Yuxarıda qeyd edilən dövlətlərdə pulsuz
hüquqi yardım üçün tələblər:
|
Ölkə |
Maliyyə meyarı |
Digər şərtlər |
|
Böyük Britaniya |
Aylıq gəlir: 733 funtsterlinqdən az; əmlak 8000 funtsterlinqdən az |
Hüquqi əsas və ictimai maraq |
|
Fransa |
1 nəfər: 1200 avro; 2 nəfərlik ailə: 1500-1600 avro |
Vətəndaşlıq və ya leqal rezidentlik |
|
İspaniya |
İllik gəlir: 2x IPREM (15876 avro) |
Rezidentlik, hüquqi əsas |
|
Almaniya |
20000 avroya qədər (ailə, xərc faktoru əsasında) |
Hüquqi zərurilik, imkan məhdudluğu |
|
Azərbaycan |
Orta aylıq gəlirinin cari il üçün yaşayış
minimumundan əhəmiyyətli dərəcədə aşağı olması |
Aztəminatlı sosial qruplar, insan alveri qurbanları və s. |
IV. Dövlət tərəfindən təyin olunan
vəkillər: rolu, effektivliyi və tətbiq praktikası
Dövlət tərəfindən təyin edilən
vəkillər (İngiltərədə “duty solicitor”, Fransada “avocat commis d’office”)
istintaq, məhkəmə prosesləri və apellyasiya mərhələlərində şəxsi təmsil edir, dəlillərin
toplanmasında iştirak edir və müdafiə strategiyası hazırlayır. Bu sistemin
effektivliyi, vəkillərin peşə hazırlığı və dövlət tərəfindən ayrılan vəsaitlə
sıx bağlıdır.
CEPEJ-in (“Commission
Européenne pour l’Efficacité de la Justice” - Avropa Şurası tərəfindən 2002-ci
ildə təsis edilmiş ekspert qurumudur. Onun əsas məqsədi Avropa ölkələrində ədalət
sistemlərinin səmərəliliyini, keyfiyyətini və işləkliyini yaxşılaşdırmaqdır.)
2024-cü il hesabatına və Böyük Britaniya Ədliyyə Nazirliyinin məlumatlarına əsasən:
Böyük Britaniyada 2024-ci
ildə hüquqi yardım üçün dövlət tərəfindən ayrılmış büdcə təxminən 156 milyon
funtsterlinq olmuşdur [22].
Fransada hüquqi yardım xərcləri 500 milyon avro, hüquqi yardımdan
yararlanan şəxslərin sayı isə təxminən 950000 nəfər olmuşdur [10].
Almaniyada hüquqi yardım üçün ayrılan vəsait təxminən 400 milyon avro təşkil
etmişdir [7].
Azərbaycanda 2024-cü il üçün bu məqsədlə ayrılmış vəsait təxminən 5.5
milyon manat olmuşdur (Azərbaycan Respublikası Maliyyə Nazirliyi).
Avropa Dövlətləri və Azərbaycan Respublikasında Vəkil Saatlıq Ödənişləri
və Hüquqi Yardım Tarifləri. Saatlıq Ödənişlər və Statistik Göstəricilər (2024)
|
Ölkə |
Büdcə miqdarı |
Hüquqi yardım işi |
Mənbə / Şərh |
|
Azərbaycan |
5,499,994.34 AZN |
40,650 |
AR VK hesabatı [6] |
|
Böyük Britaniya |
156.5 mln funt sterliq |
≈70,000 iş |
LAA 2023–24 illik hesabat [22] |
|
Fransa |
≈500 mln. avro |
≈1.2 m nəfər |
CEPEJ 2024 report [13] |
|
Almaniya |
≈ 400 mln. Avro |
>500,000 iş |
BMJ 2024 statistikası [10] |
|
İspaniya |
≈750 mln. Avro |
≈600,000 iş |
CGAE / CEPEJ 2021 təminat |
Avropa Dövlətləri və Azərbaycan Respublikasında vəkilə
1 saatlıq ödənişləri və hüquqi yardım tarifləri ilə bağlı araşdırma da aparan
zaman aşağıdakıları müəyyən etdim. Məlum oldu ki, hüquqi yardıma çıxışın təmin
olunması və vəkillərə ödənişlərin saatlıq əsasda tənzimlənməsi, əksər avropa
ölkələrində ədalət mühakiməsinin əsas prinsiplərindəndir. Dövlət tərəfindən təyin
olunan vəkillərin saatlıq ödənişləri ölkədən ölkəyə, işin növü və mürəkkəbliyinə
görə dəyişir. Aşağıda Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Azərbaycan
nümunəsində rəsmi mənbələrə istinadla əsas tariflər və statistik göstəricilər təqdim
olunur.
1 saata görə ödənişlərin ölkələr üzrə müqayisəsi
|
Ölkə |
Saatlıq ödəniş (təxminən) |
Qeyd və mənbə |
|
Azərbaycan |
11 manat (2025-ci ildən) |
2018-də 2-6 manat arası, 2025-də 11 manata yüksəldildi
(https://barassociation.az/news/1636 ) [6] |
|
Böyük Britaniya |
60 – 150 funtsterlinq |
Cinayət işlərində £60-dan başlayır, mürəkkəb işlərdə £150-ə qədər (UK
Ministry of Justice, Criminal Legal Aid Fees Guidance 2024) [30] |
|
Fransa |
40 – 100 avro |
CNB (CNB barèmes indicatifs des honoraires) məlumatları, CEPEJ
hesabatları, iş növünə görə dəyişir [13]. |
|
Almaniya |
50 - 120 avro |
RVG (Rechtsanwaltsvergütungsgesetz – Vəkil Haqları Qanunu) ilə tənzimlənir.
Bundesministerium der Justiz – RVG Tarife 2024 [10]. |
|
İspaniya |
30 - 90 avro |
Consejo General de la Abogacía Española, CEPEJ, Ödənişlər regiondan (məs.
Madrid, Kataloniya, Andalusiya) və işin növündən asılı olaraq dəyişir [14]. |
V. Vəkillərin peşəkarlıq səviyyəsi və keyfiyyət təhlili
Vəkillərin
ixtisasartırma və peşəkar inkişafı müasir hüquqi sistemlərin ayrılmaz
komponentlərindəndir. Bu sahədə dövlətlərin yanaşması, təşkilati strukturlar və
maliyyələşdirmə modelləri arasında mühüm fərqlər mövcuddur. Azərbaycanın təcrübəsi
bu istiqamətdə diqqətçəkici nümunədir.
Azərbaycan Respublikasında vəkillərin
ixtisasartırma təlimləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi ilə Ədliyyə Akademiyasının birgə təşkilatçılığı çərçivəsində müntəzəm
olaraq həyata keçirilir. Təlimlər aktual hüquqi məsələləri əhatə edir və bütün
vəkillər üçün ödənişsiz əsaslarla təşkil olunur. Mövcud məlumatlara görə, bu təlimlərə
ümumi kollegiya üzvlərinin təxminən 85%-i cəlb olunur. Belə yüksək iştirak
faizi postsovet məkanı ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə müqayisədə də nəzərəçarpacaq
göstərici sayılır [5].
Müqayisə üçün, Almaniyada ixtisasartırma təlimləri BRAK
(Bundesrechtsanwaltskammer) və Anwaltsakademie kimi qurumlar vasitəsilə təşkil
olunur. Təlimlər əsasən güzəştli və ya bəzi hallarda ödənişsiz əsaslarla təqdim
edilir. Bununla belə, iştirak səviyyəsinə dair dəqiq rəsmi statistika mövcud
deyil, lakin geniş təklif şəbəkəsi və təşviqedici mexanizmlər mövcuddur [18].
Fransada isə vəkillər üçün ixtisasartırma təlimləri CNB (Conseil National
des Barreaux) tərəfindən təşkil olunur və ildə minimum 20 saatlıq təlim keçmək
məcburidir. CNB-nin onlayn platformasında 800-dən çox təlim təqdim edilir və
onların əhəmiyyətli hissəsi ödənişsizdir. Lakin iştirak dərəcəsi ilə bağlı açıq
statistika təqdim edilmir [13].
Böyük Britaniyada Solisitorlar üzrə Nəzarət Təşkilatı (SRA) və Law
Society tərəfindən vəkillərin illik minimum 16 saat davam edən peşəkar inkişaf
proqramlarında iştirak etməsi tələb olunur.
Bu sahədə təlimlərin bir qismi ödənişsiz və akkreditə şəkildə təqdim edilsə də,
sistem əsasən özəl təşəbbüslər üzərində qurulub. İştirak səviyyəsi ilə bağlı
vahid statistik məlumat mövcud deyil [19; 20].
İspaniyada ixtisasartırma təlimləri Abogacía Española və yerli barolar tərəfindən
həyata keçirilir. Avropa Şurasının “HELP” proqramı çərçivəsində müxtəlif pulsuz
hüquqi təlimlər təklif olunur. Lakin təlim iştirakına dair rəsmi rəqəmlər
açıqlanmamışdır [24; 26].
Yekun olaraq qeyd olunmalıdır ki, Azərbaycanda vəkillərin ixtisasartırma
sisteminin həm institusional təşkili, həm də kütləvi iştirakı baxımından yüksək
səviyyədə qurulduğu müşahidə olunur. Xüsusilə iştirak səviyyəsinin 85%-ə
çatması bu sahədə ölkənin hüquqi inkişafını göstərən mühüm göstəricidir. Bu mənada
Azərbaycan modeli bəzi Avropa ölkələri ilə müqayisədə daha sistemli və əlçatan
xarakter daşıyır.
VI. Qeyri-hökumət təşkilatlarının rolu
Dünya təcrübəsi sübut edir ki, stabil vətəndaş cəmiyyətinin qurulması əsl
demokratik dövlətin yaradılmasının ilkin vacib şərti rolunda çıxış edir. Yalnız
demokratik ölkələrdə vətəndaş səmərəli fəaliyyət göstərə bilər. Çünki
demokratik dövlətdə vətəndaşlar konstitusion hüquqlarını həyata keçirə bilir,
ümumi əhəmiyyətli qərarların qəbulunda iştirak edir və müxtəlif ictimai birliklərdə
birləşməklə fərdi maraqlarını təmin etmək imkanlarına malik olurlar [20, s.
38-39]. Vətəndaşların birləşməsi vətəndaş cəmiyyətinin vacib elementi rolunda
çıxış edir. Bu, ölkə əhalisinin fəal şəkildə siyasi, iqtisadi və sosial-mədəni
fəaliyyətlə məşğul olmaq formasıdır. Birləşmək özlərinin konstitusion hüquq və
azadlıqlarının reallaşdırılması və həyata keçirilməsi üzrə istək və imkanlarını
səfərbər etməyə imkan verir. Qeyri-hökumət təşkilatları isə vətəndaş cəmiyyətinin
əsas barometrləridir. Birləşmək hüququ hüquqi dövlət anlayışı ilə sıx bağlıdır
[21, s. 96-97]. Çünki birləşmək hüququnun reallaşdırılması üçün mütləq müvafiq
şəraitin olması tələb olunur ki, bu da hüquqi dövlətdə mümkündür. Bununla
yanaşı, hüquqi dövlətin əsas göstəricilərindən biri məhz birləşmə hüquqlarının
mövcudluğu və onların reallaşdırılması şəraitinin olmasından ibarətdir.
Azərbaycan Respublikasında fəal vətəndaş cəmiyyəti quruculuğu getməkdədir.
Vətəndaş cəmiyyətinin mərkəzi sütununu isə birləşmək hüququ əsasında yaradılan
müxtəlif ictimai təşkilatlar - qeyri-hökumət təşkilatları təşkil edirlər. 13
iyun 2000-ci ildə qəbul olunmuş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə ən əhatəli
sənəd oldu. Qəbul olunmuş qanunun beynəlxalq müqavilələrin və konvensiyanın
müvafiq müddəalarına cavab verdiyini söyləmək üçün ciddi əsaslar mövcuddur.
Tədqiqat zamanı o da müəyyən olundu ki, xüsusilə sosial baxımdan həssas
qruplar üçün hüquqi yardım sahəsində qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm
rol oynayır. Məsələn, İngiltərədə “Citizens Advice” və “Law Centres Network” bu
sahədə geniş fəaliyyət göstərir. Fransada “Droit d’Urgence” və İspaniyada
“Fundación Abogacía Española”, “Irídia – Centro para la Defensa de los Derechos
Humanos”, “Pikara, Fundación Mujeres”, Almaniyada “Diakonie”, “Sozialberatungstelle”-lər
və s. bu rolu icra edir. Azərbaycanda hüquqi maarifləndirmə sahəsində fəaliyyət
göstərən QHT-lər olsa da, onların institusional dəstəyi və hüquqi yardım
sisteminə inteqrasiyası zəifdir [15; 18].
VII. Beynəlxalq standartlarla uyğunluq və qiymətləndirmə
BMT-nin Hüquqi Yardım üzrə Prinsipləri (2012) və Avropa Şurasının tövsiyələri
hüquqi yardıma çıxışın insan hüquqlarının tərkib hissəsi olduğunu vurğulayır.
Avropa Şurası Nazirlər Komitəsinin (2003) R(2003)14 saylı tövsiyəsində [15] üzv
dövlətlərə hüquqi yardımın effektivliyinin təmin olunması üçün qanunvericiliyin
və resursların adekvatlaşdırılması tövsiyə olunur [31].
İnsan hüquq və əsas azadlıqları haqqında Avropa
Konvensiyasında aydın mətnlə qeyd edilir ki,
“cinayəti törətməkdə ittiham edilən hər bir şəxsin şəxsən və ya özünün
seçdiyi müdafiəçi vasitəsilə müdafiə
olunmaq və yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti
olmadıqda ədalət mühakiməsinin maraqları bunu tələb edirsə, təmənnasız hüquqi
yardım almaq” [4, s. 78] hüququ vardır.
Avropa İnsan Hüquqları Məhkəməsinin
(AİHM) presedent hüququna əsasən, hüquqi yardım yalnız formal deyil, eyni
zamanda effektiv olmalıdır. Bu, ədalətli məhkəmə araşdırması hüququnun (Avropa
Konvensiyasının 6-cı maddəsi) ayrılmaz hissəsidir. Bununla bağlı AİHM-də
çoxsaylı işlər olmuşdur. Nümunədə Artico v. Italy (1980) – (Ərizə №: 6694/74)
AİHM-in bu qərarı hüquqi yardımın formal deyil, effektiv şəkildə təmin
olunmasının zəruriliyini ilk dəfə aydın şəkildə ortaya qoymuşdur. İşə baxan məhkəmə
müəyyən etdi ki, İtaliya dövləti ərizəçiyə dövlət hesabına müdafiəçi təyin
etmişdi, lakin həmin vəkil faktiki olaraq onu müdafiə etməmişdi.
Nəticədə məhkəmə o qərara gəldi ki, sadəcə vəkilin təyin edilməsi kifayət
deyil, dövlət bu hüququ real və effektiv şəkildə təmin etməlidir. Sitata: “The Convention is
intended to guarantee rights that are practical and effective, not theoretical
or illusory”. Digər bir nümunə kimi “Airey v. Ireland (1979) – (Ərizə №: 6289/73)”
işini göstərmək olar [1]. Bu işdə AİHM ilk dəfə
mülki işlər üzrə hüquqi yardımın da təmin olunmasının 6-cı maddəyə daxil
olduğunu tanımışdır. Belə ki, İrlandiyada boşanma prosesində ərizəçi hüquqi
yardımsız (vəkilsiz) hüquqlarını həyata keçirə bilmirdi. AİHM dedi ki, hüquqi
yardımın (vəkilin) olmaması ədalətli məhkəmə hüququnu mümkün etmir. Sitata:
“Effective access to court may necessitate the provision of legal assistance in
civil cases too”. Daha bir nümunə “Quaranta v. Switzerland (1991) – (Ərizə №: 12744/87)”
işini qeyd etmək olar. Bu işdə məhkəmə hesab edir ki, hüquqi yardımın təqsirləndirilən
şəxsin müdafiəsi üçün zəruri olduğu hallarda dövlətin vəkil təmin etməsi və
onun fəaliyyətini effektiv təmin etməsi mütləqdir. Məhkəmə hesab etdi ki, ərizəçi
çətin vəziyyətdə olub və hüquqi yardım olmadan müdafiəsini qurmaq qeyri-mümkün
idi. Yardım təyin edilməli və real olmalı idi.
Azərbaycan Respublikasının
maddi və prosessual qanunvericilik normalarının bu sahədə beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində irəliyə doğru addımlar atması müsbət qiymətləndirilsə
də, yuxarıda qeyd etdiyim müqayisəli təhlil nəticələri deməyə əsas
verir ki, sistematik islahatlara hələ də ehtiyac qalmaqdadır. Azərbaycanda hüquqi
yardım sisteminin təkmilləşdirilməsi üçün qanunvericilik,
maliyyə və texnoloji islahatların sinxron şəkildə həyata keçirilməsi vacibdir.
Avropa təcrübəsi göstərir ki, effektiv hüquqi yardım yalnız insan
hüquqlarının deyil, sosial rifahın da tərkib hissəsidir.
VIII. Nəticə
1. Azərbaycan Respublikasında hüquqi yardım sisteminin institusional çərçivəsinin
təkmilləşdirilməsinə ehtiyac vardır və bu sahədə işlərin davam etdirilməsi, müdafiə strategiyalarının keyfiyyətli hazırlanmasına yönəlik vəkillərin
ixtisasartırma sisteminin daha da təkmilləşdirilməsi və stimullaşdırması məqsədəmüvafiq olar.
2. Məhkəməyə qədər istintaq (təhqiqat) orqanlarının (polis, prokurorluq və
s.) da hazırkı elektron məhkəmə tipli vahid bir elektron platformada inteqrasiya
olunması operativlik, şəffaflıq, obyektivlik, qanunçuluq və hüquqi müəyyənlik
baxımından vəkillik institutu üçün çox mühüm bir dəstək olar.
3. Dövlət tərəfindən hüquqi yardımın maliyyələşdirilməsi səviyyəsinin
davamlı artırılması, illik hesabatlılıq və keyfiyyət monitorinqi sisteminin
davamlı inkişaf etdirilməsi məqsədəmüvafiq olar.
4. Rəqəmsal hüquqi yardım müraciət sistemləri inkişaf etdirilməsi və QHT-lərin
hüquqi yardım strukturuna inteqrasiyası dəstəklənməsi məqsədəmüvafiq olar.
5. “Dövlət hesabına (ödənişsiz) hüquqi yardım haqqında” xüsusi qanunun qəbul edilməsi hüquqi müəyyənlik və effektivliyin
artırılması baxımından məqsədəuyğun olardı.
6. Hüquqi yardım sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün
Avropa Şurasının və BMT-nin tövsiyələri rəhbər tutulmalı və AİHM presedentləri
nəzərə alınması məqsədəmüvafiq olar.
7. Vəkil fəaliyyətinin müstəqilliyinin inkişaf etdirilməsi, vəkil birliklərinin
(büroların, mərkəzlərin və s.) nümunəvi əsasnamələrinin təkmilləşdirilməsi, fəaliyyətlərində
hesabatlılıq, kollegiallıq, aşkarlıq və şəffaflığın inkişaf etdirilməsi məqsədəmüvafiq olar.
8. Vəkillər Kollegiyasının elektron portalında süni intellekt dəstəkli
məsləhətçi və onlayn müraciət sisteminin tətbiqi məqsədəmüvafiq olar.
Azərbaycan üçün son illərdə
vəkillərə ödənən dövlət hesabına ödənişlərin artırılması və daha şəffaf
statistikasının mövcudluğu müsbət irəliləyiş kimi dəyərləndirilməlidir.
REFERENCES
(ƏDƏBİYYAT):
1.
Airey v. Ireland, App no. 6289/73, ECtHR (9 October 1979).
URL: https://hudoc.echr.coe.int/eng?i=001-57552 (last access: 05.03.2025).
2.
Aliyev, A. I. (2009). International legal protection of
human rights (Textbook for higher education) (Scientific advisors: M. N.
Alaskarov, E. T. Suleymanova). Baku: “NAT-Co” LLC Publishing House.
3.
Aliyev, Sh. I. (2012). Advocacy Law (Academic editor:
A. R. Baghirov; Executive editor: F. F. Mammadov; Scientific reviewers: K. N.
Salimov, F. M. Abbasova, E. A. Khalafov; Reviewer: T. Sh. Mahmudov). Baku:
“OSKAR NPM” Printing House.
4.
Aliyev, Z. (2010). The European Court of Human Rights
(Scientific advisors: E. T. Suleymanova, R. M. Valeyev, L. H. Huseynov;
Reviewers: A. I. Aliyev, R. F. Mammadov, V. A. Ibayev). Baku: Legal Literature
Publishing House.
5.
Azerbaijan Bar Association. (2024). Report on training and
continuing legal education activities.
URL: https://barassociation.az/az/news/1566 (last access: 04.03.2025).
6.
Azerbaijan Bar Association. (n.d.). Report on state-funded
legal aid payments for 2024. URL: https://barassociation.az/en/news/1582 (last access: 05.03.2025).
7.
Azerbaijan Law Reform Centre. (2012). Legal aid system in
Azerbaijan: Review and proposals.
URL: https://www.lawreform.az/upload/file_17102012_az.pdf (last access: 04.03.2025).
8.
Azerbaijan Republic. (1995). Constitution of the Republic
of Azerbaijan.
URL: http://www.e-qanun.az/framework/8974 (last access: 05.03.2025).
9.
Azerbaijan Republic. (1999). Law on Advocates and Advocacy
Activity.
URL: http://www.e-qanun.az/framework/1418 (last access: 05.03.2025).
10.
Bundesministerium der Justiz. (n.d.). Legal advice and
legal aid in civil matters (Beratungshilfe und Prozesskostenhilfe).
URL: https://www.bmj.de/DE/Themen/Rechtspflege/BeratungshilfePKH/Beratungshilfe_node.html (last access: 04.03.2025).
11.
Bundesrechtsanwaltskammer (BRAK). (2023). Continuing legal
education requirements for lawyers.
URL: https://www.brak.de (last access: 04.03.2025).
12.
Citizens Advice. (n.d.).
URL: https://www.citizensadvice.org.uk (last access: 05.03.2025).
13.
CNB. Formations CNB [online platform].
URL: https://formations.avocat.fr (last access: 05.03.2025).
14.
Consejo General de la Abogacía Española. Continuing legal
education.
URL: https://www.formacionabogacia.es (last access: 04.03.2025).
15.
Council of Europe. (2003). Recommendation Rec(2003)14 on
the interoperability of legal aid systems.
16.
Council of Europe, European Commission for the Efficiency of
Justice. (2022). Evaluation report (2022 edition): European judicial systems.
URL: https://www.coe.int/en/web/cepej/evaluation-reports (last access: 05.03.2025).
17.
Droit d'Urgence. (n.d.).
URL: https://www.droitdurgence.org (last access: 05.03.2025).
18.
European Union Agency for Fundamental Rights. (2021). Access
to justice in Europe: An overview of challenges and opportunities.
URL: https://fra.europa.eu/en/publication/2021/access-justice-europe-overview-challenges-and-opportunities (last access: 04.03.2025).
19.
Fundación Abogacía Española. (n.d.).
URL: https://www.abogacia.es (last access: 05.03.2025).
20.
Ganberov, D. M. (2021). Specific features of the right to
associate in trade unions in the Republic of Azerbaijan: Theoretical and
practical analysis. ScienceRise: Juridical Science, 4(18), 36–41.
URL: https://doi.org/10.15587/2523-4153.2021.247743 (last access: 04.03.2025).
21.
Ganberov, D. (2022). Main models of realisation of the right
of association in the Azerbaijan Republic. Electronic Scientific Journal of
Law Socrates, 3(21), 89–99.
URL: https://doi.org/10.25143/socr.22.2022.1.089-099 (last access: 05.03.2025).
22.
Law Society of England and Wales. (n.d.). CPD requirements.
URL: https://www.lawsociety.org.uk (last access: 05.03.2025).
23.
Legal Aid, Sentencing and Punishment of Offenders Act 2012
(UK).
URL: https://www.legislation.gov.uk/ukpga/2012/10/contents/enacted (last access: 05.03.2025).
24.
Ley 1/1996, de asistencia jurídica gratuita (Spain).
URL: https://www.boe.es/buscar/doc.php?id=BOE-A-1996-114 (last access: 05.03.2025).
25.
Loi n°91-647 du 10 juillet 1991 relative à l'aide juridique
(France).
URL: https://www.legifrance.gouv.fr/loda/id/JORFTEXT000000700840 (last access: 04.03.2025).
26.
Ministerio de Justicia (España). (n.d.). Legal aid in
Spain: Economic eligibility criteria.
URL: https://www.mjusticia.gob.es/es/ciudadania/tramites/asistencia-juridica-gratuita (last access: 05.03.2025).
27.
Service-Public.fr. (2024). Legal aid: Financial conditions
for 2024.
URL: https://www.service-public.fr/particuliers/vosdroits/F18074 (last access: 04.03.2025).
28.
UK Government. (2025). Check if you can get legal aid.
URL: https://www.gov.uk/check-legal-aid (last access: 05.03.2025).
29.
UK Ministry of Justice. (2021). Legal aid statistics:
January to March 2021.
URL: https://www.gov.uk/government/statistics/legal-aid-statistics-january-to-march-2021 (last access: 04.03.2025).
30.
UK Ministry of Justice. (2023). Criminal legal aid means
testing guidance.
URL: https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/1184639/criminal-legal-aid-means-testing-guidance.pdf (last access:
05.03.2025).
31. United Nations. (2012). United
Nations Principles and Guidelines on Access to Legal Aid in Criminal Justice
Systems.
URL: https://www.unodc.org/documents/justice-and-prison-reform/12-06296_Ebook.pdf (last access: 04.03.2025).
COMPARATIVE ANALYSIS OF FREE LEGAL
AID IN EUROPEAN LEGAL SYSTEMS AND AZERBAIJAN: NORMATIVE AND INSTITUTIONAL
ASPECTS
DASHGIN
GANBAROV[1]
Abstract
This article presents
a comparative legal analysis of free legal aid systems in selected European
countries and the Republic of Azerbaijan, focusing on their normative and
institutional frameworks. Drawing on the examples of the United Kingdom,
France, Germany, Spain, and Azerbaijan, the study examines key components such
as legislative regulation, eligibility criteria, the nature and scope of legal
services provided, and remuneration mechanisms for legal aid lawyers. Special
attention is devoted to the two dominant models of legal aid provision — the
“judicare” and “welfare” systems—and their application within the Azerbaijani
context.The study underscores the fundamental principle that access to justice
requires legal assistance to be not only formally available but also
practically effective, in line with the jurisprudence of the European Court of
Human Rights. Furthermore, the analysis explores the quality of legal
representation, procedures for replacing court-appointed lawyers, levels of
professional training, and the extent of digitalization in the provision of
legal aid services. The role of non-governmental organizations (NGOs) in
supporting vulnerable groups is also highlighted. In conclusion, the paper
advocates for systematic reforms in Azerbaijan's legal aid system, including
the adoption of a dedicated “Law on Free Legal Aid”, increased state funding,
enhanced lawyer training mechanisms, and improved monitoring and accountability
procedures. The alignment of domestic practices with international standards, particularly
those of the United Nations and the Council of Europe, is emphasized as a
strategic priority.
Keywords: legal aid, access
to justice, judicare model, welfare model, Azerbaijan, comparative law,
European Court of Human Rights, NGOs, legal assistance.
СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ БЕСПЛАТНОЙ ПРАВОВОЙ ПОМОЩИ В
ЕВРОПЕЙСКИХ ПРАВОВЫХ СИСТЕМАХ И В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ:
НОРМАТИВНЫЕ И ИНСТИТУЦИОНАЛЬНЫЕ АСПЕКТЫ
ДАШГИН ГАНБАРОВ[2]
Резюме
В статье проводится
сравнительно-правовой анализ систем бесплатной юридической помощи в ряде
европейских стран и в Азербайджанской Республике с акцентом на их нормативную и
институциональную структуру. На примере Великобритании, Франции, Германии,
Испании и Азербайджана рассматриваются правовые основы, критерии доступности,
характер и объём предоставляемых юридических услуг, а также механизмы оплаты
труда адвокатов, назначаемых государством. Особое внимание уделено двум
основным моделям предоставления юридической помощи — «judicare» и «welfare», а
также их применению в азербайджанской правовой системе. Подчёркивается, что для
реализации права на доступ к правосудию юридическая помощь должна быть не
только формально доступной, но и фактически эффективной, что подтверждается
практикой Европейского суда по правам человека. Также анализируются вопросы
профессионального уровня адвокатов, процедур их замены, степень цифровизации
системы юридической помощи и роль неправительственных организаций (НПО) в
обеспечении доступа к правовой защите уязвимых групп населения. В заключение статьи
предложены рекомендации по совершенствованию системы юридической помощи в
Азербайджане, включая принятие специального закона «О бесплатной юридической
помощи», увеличение государственного финансирования, развитие системы повышения
квалификации адвокатов и обеспечение соответствия международным стандартам,
включая рекомендации ООН и Совета Европы.
Ключевые слова: юридическая помощь,
доступ к правосудию, модель judicare, модель welfare, Азербайджан,
сравнительное право, Европейский суд по правам человека, неправительственные
организации.
Məqalənin redaksiyaya daxil olma tarixi: 07.03.2025
Çapa qəbul tarixi: 17.09.2025