2025-ci ilin 25 oktyabr tarixində Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində beynəlxalq konfransın ikinci günü keçirilib.
Konfrans
beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərin müzakirəsinə həsr edilib.
Vəkillər
Kollegiyasının sədri Anar Bağırovun birinci və ikinci gün iştirak etdiyi tədbirlərə
600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və
dövlət rəsmiləri qatılıb. Eyni zamanda mərasimdə Vəkillər Kollegiyasının
çoxsaylı üzvləri, habelə Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova
və Komitə üzvləri fəal iştirak ediblər.
Beynəlxalq
konfransın ilk günündə Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin
sədri Kəmalə Mehdiyeva, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam
Kərimov, ədliyyə naziri Fərid Əhmədov və Avropa İttifaqı
Şurasının keçmiş prezidenti Şarl Mişel çıxış ediblər.
Konfransın
ikinci günündə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar
Bağırov bildirib ki, müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə
sisteminin çevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən
birbaşa asılıdır.
Sədr
mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitrajın xüsusi rola
və paya malik olduğunu, onun investorlara yaranacaq mübahisələrini öz seçimlərinə
əsasən, istədikləri ölkədə, istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll
etmək imkanı verdiyini söyləyib.
Arbitrajla
bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması və inkişafına toxunan Anar
Bağırov qeyd edib ki, arbitraj institutunun inkişaf etdirmək istəyən hər bir
dövlət əvvəlcə daxili qanunvericiliyini, xüsusilə arbitraj və investisiya
qanunvericiliyini formalaşdırır, əlavə olaraq da konvensiyalar və digər beynəlxalq
alətlər vasitəsilə onun tanınmasını təmin edir.
Sədr son
illərdə arbitraj sahəsi ilə bağlı Vəkillər Kollegiyası tərəfindən bir sıra
mühüm işlər görüldüyünü, Kollegiyanın nəzdində biznes sahəsində ixtisaslaşan vəkilləri
özündə birləşdirən Biznes Hüququ Komitəsi təsis edildiyni dilə gətirib.
Anar
Bağırov nəzərə çatdırıb ki, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə arbitraj
və alternativ mübahisə həlli üzrə bir sıra təlimlər, seminarlar və beynəlxalq əməkdaşlıq
layihələri həyata keçirilir. Kollegiya Azərbaycan vəkillərinin regional və beynəlxalq
arbitraj mübahisələrinin həllində peşəkar tərəfdaş kimi tanınması, ölkəmizin
biznes mühitinin daha da inkişafı üçün başda Bakı Arbitraj Mərkəzi olmaqla
yerli və beynəlxalq arbitraj mərkəzləri ilə əməkdaşlığı genişləndirməyə, vəkillərin
beynəlxalq arbitraj proseslərində təmsilçilik imkanlarını artırmağa xüsusi əhəmiyyət
verir.
Tədbir daha
sonra konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.




