Oktyabrın 25-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq əməliyyatlar zamanı vergitutma. İkiqat vergitutmanın aradan qaldırılması sazişləri" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri
doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun
aktuallığı ilə bağlı məsələləri qeyd edib. Qeyd olunub ki, beynəlxalq əməliyyatlar
zamanı vergitutma prosesi qlobal iqtisadiyyatın effektivliyinin təmin
olunmasında əsas hüquqi məsələlərdəndir.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq
jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi
buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə
çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının
üzvü, “Acon Tax & Accounting” şirkətinin həmtəsisçisi və vergi meneceri Könül
Bədəlova rezident və qeyri-rezident anlayışları, rezident anlayışı ilə əhatə
edilməyən digər şəxslər, qeyri-rezidentin əlavə dəyər vergisinə cəlb edilməsi,
ikiqat vergitutmanın aradan qaldırılması sazişləri, o cümlədən ikiqat
vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formaları və digər əlaqəli məsələlər
barədə geniş çıxış edib.
Təlim interaktiv formada davam edib, vəkillərin
müvafiq sahədə çoxsaylı sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 34 üzvü iştirak edib.





