"Konstitusiya və
Suverenlik İli", habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində
Milli Məclis ilə Vəkillər Kollegiyasının (VK) birgə əməkdaşlığı əsasında aztəminatlı
və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə
regionlarda sosial-hüquqi aksiyalar təşkil olunub.
Belə ki, oktyabrın 27-28-də
Qax rayonu Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Əli Məsimlinin,
Ağdaş rayonu Heydər Əliyev Mərkəzində deputat Sahib Alıyevin, Şabran rayonu
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında isə deputat
Mahir Süleymanlının təşəbbüsü və VK-nın dəstəyi ilə növbəti hüquqi maarifləndirmə
aksiyaları keçirilib.
Aksiyalarda Zaqatala rayon
Vəkil Bürosunun, Ağdaş rayon Vəkil Bürosunun və Şabran rayonunda fərdi qaydada
fəaliyyət göstərən vəkillərin iştirakı ilə 40-a yaxın vətəndaşa pulsuz hüquqi
yardım göstərilib. Vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər
verilib, vətəndaşların müraciətləri dinlənilib, hər bir məsələyə fərdi yanaşma
nümayiş etdirilərək aidiyyəti üzrə istiqamətləndirmələr aparılıb.
Müraciətlərin əsas hissəsi
inzibati işlər, mülkiyyət hüququnun qorunması, torpaq mübahisələri, əlilliyin təyin
olunması, aliment tələbləri və digər sosial xarakterli məsələlərlə bağlı olub.













