Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili Lalə Məmmədlinin “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Öhdəliyin icrası haqqında iddiaların digər iddia növlərindən fərqli cəhətləri” adlı elmi məqaləsini təqdim edirik:
Annotasiya
Məqalədə inzibati prosessual
hüquqda məcburetmə haqqında iddia, mübahisələndirmə haqqında iddia və öhdəliyin
icrası haqqında iddia institutları müqayisəli-hüquqi aspektdə araşdırılır.
Almaniya, Azərbaycan və Türkiyə qanunvericilikləri nümunəsində bu iddiaların
hüquqi mahiyyəti, predmeti, tətbiq halları və prosessual xüsusiyyətləri təhlil
edilir. Almaniya hüququnda məcburetmə haqqında iddia icra iddiaları qrupuna
daxil edilərək “imtinaya qarşı” və “hərəkətsizliyə qarşı” alt növlərə ayrılır.
Azərbaycan qanunvericiliyində məcburetmə haqqında iddia inzibati aktın qəbulunu
təmin etməyə yönəlmişkən, öhdəliyin icrası haqqında iddia faktiki xarakterli hərəkətlərin
yerinə yetirilməsinə aid edilir. Türkiyə qanunvericiliyində isə bu iddialar
ayrıca təsnif olunmayaraq “tam yuridiksiya iddiası” çərçivəsində tənzimlənir.
Araşdırmada həmçinin inzibati müqavilələrin hüquqi rejimi, onların bağlanma
halları və “ayrıla bilən əməliyyat” nəzəriyyəsi kontekstində məhkəmə nəzarətinin
tətbiqi imkanları izah olunur, o cümlədən inzibati müqavilərlə bağlı məhkəməyə
hansı iddia növü ilə müraciət edilməsinin mümkünlüyü araşdırılmışdır. Sonda
iddia növləri arasındakı sərhədlərin aydın müəyyənləşdirilməsinin inzibati məhkəmə
icraatına təsir göstərdiyi qənaətinə gəlinmiş, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi
məqsədilə təkliflər verilmişdir.
Açar sözlər: öhdəliyin icrası
haqqında iddia, inzibati məhkəmə icraatı, müddət, məcburetmə haqqında iddia,
inzibati akt.
I. Giriş
İnzibati hüquq sahəsində
iddiaların təhlili, onların növləri və tətbiq prinsipləri, həm nəzəri, həm də
praktiki baxımdan inzibati məhkəmə icraatında vətəndaşların hüquqlarının
müdafiəsini təmin edən əsas mexanizmlərdən biridir. Xüsusilə öhdəliyin icrası
haqqında iddia və məcburetmə haqqında iddia inzibati məhkəmə icraatında
müstəsna əhəmiyyət kəsb edir, çünki bu iddialar vasitəsilə vətəndaşlar inzibati
aktların mübahisələndirilməsinə deyil, inzibati orqanların faktiki xarakterli
hərəkətləri həyata keçirməsinə və ya inzibati aktların qəbul edilməsinə nail
ola bilərlər. Bu baxımdan öhdəliyin icrası haqqında iddia və məcburetmə haqqında
iddia inzibati məhkəmələr tərəfindən təmin olunan hüquqi müdafiənin əsas
vasitəsi hesab olunur.
Müasir
hüquqi praktikada və nəzəri ədəbiyyatda bu iddiaların strukturu və təsnifatı
müxtəlif ölkələrin qanunvericilik sistemlərində fərqli formalarda nəzərdə
tutulmuşdur. Alman hüquq sistemində bu iddialar “icra iddiaları”
(Leistungsklage) kateqoriyasına daxil edilir və inzibati orqanları müəyyən
hərəkətləri həyata keçirməyə məcburetmə funksiyasına malikdir. Məcburetmə
haqqında iddialar bu kateqoriyaya aid edilir və məhkəmə tərəfindən iddiaçının
xeyrinə inzibati aktın qəbul edilməsini təmin etmək məqsədini güdür. Bu
baxımdan alman qanunvericiliyi iddianın növlərini formalaşdırıcı iddialar
(Gestaltungsklage), icra iddiaları (Leistungsklage) və müəyyənləşdirici
iddialar (Feststellungsklage) üzrə sistemləşdirir və normativ əsasını “İnzibati
məhkəmə icraatı haqqında” Qanunun müvafiq maddələrində tapır.
Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsi isə məcburetmə və öhdəliyin
icrası haqqında iddiaları ayrı-ayrı kateqoriyalar kimi müəyyən etməklə
iddiaçıların hüquqlarının qorunmasını daha dəqiq və səmərəli şəkildə təmin
edir. Belə ki, məcburetmə haqqında iddialar inzibati aktın qəbul edilməsi ilə
bağlıdır, öhdəliyin icrası haqqında iddialar isə faktiki xarakterli
hərəkətlərin həyata keçirilməsi ilə əlaqədardır. Bu fərqləndirmə iddiaçının
konkret hüquqi müdafiə mexanizmini seçməsinə imkan verir və məhkəmə
prosedurunda hər iki iddia növünün hüquqi mahiyyətinin dəqiq
müəyyənləşdirilməsini təmin edir.
Türkiyə inzibati prosessual
qanunvericiliyi isə tam yuridiksiya iddiası (Recours de plein contentieux)
çərçivəsində daha geniş iddia spektrini əhatə edir və öhdəliyin icrası ilə
məcburetmə haqqında iddiaların ayrı-ayrı kateqoriyalarını nəzərdə tutmur. Bu fərqliliklər
hüquqi tənzimləmənin ölkələr arasında müqayisəli təhlilini vacib edir və
iddiaların mahiyyətini, tətbiq mexanizmlərini və praktiki nəticələrini
anlamaqda mühüm rol oynayır.
Məqalənin məqsədi inzibati
hüquqda öhdəliyin icrası haqqında iddia, məcburetmə haqqında iddia, o cümlədən
mübahisələndirmə haqqında iddianın nəzəri əsaslarını, praktik tətbiqini, eləcə
də müxtəlif ölkələrdəki qanunvericiliklərlə müqayisəsini araşdırmaqdır. Bununla
yanaşı, iddiaların növləri, onların məzmunu, baxılmasının prosedur qaydaları və
tətbiq zamanı meydana çıxan hüquqi məsələlər inzibati məhkəmə icraatının
səmərəliliyinin və vətəndaşların hüquqlarının müdafiəsini təmin edən hüquqi
mexanizmlər kimi təhlil olunacaqdır.
II.
Öhdəliyin icrası haqqında iddialarla məcburetmə haqqında iddiaların müqayisəsi
Nəzəri ədəbiyyatda və
praktikada öhdəliyin icrası haqqında iddialarla oxşarlığı ilə seçilən iddia
növü məcburetmə haqqında iddiadır. Alman inzibati prosesssual
qanunvericiliyində inzibati məhkəmə icraatı ilə bağlı olan iddiaların növləri
formalaşdırıcı iddialar (gestaltungsklage) [6, s. 385-421], icra
iddiaları (leistungsklage) [6, s. 289-292]
və müəyyənləşdirici iddialar (Feststellungsklage) [6, s. 293-320]
olaraq qruplara ayrılmışdır. Bunun normativ əsası Alman İnzibati Məhkəmə
icraatı haqqında Qanunun 43-cü maddəsinin ikinci bəndidir. Belə ki, həmin
normaya əsasən müəyyənetmə haqqında iddia ilə o halda müraciət edilə bilməz ki,
iddiaçı öz hüquqlarını formalaşdırıcı və ya icra iddiaları ilə müdafiə edə
bilir və ya müdafiə edə bilərdi.
Məcburetmə haqqında iddialar
“icra iddiaları” təsnifatına daxildir. İnzibati prosessual hüquqda “icra
iddiaları” dedikdə inzibati orqanlar tərəfindən müəyyən hərəkətlərin
edilməsinə, inzibati aktın qəbul edilməsinə, o cümlədən inzibati orqanların
müvafiq hərəkətlərə dözməsinə, müəyyən hərəkətlərdən çəkinməsinə məcbur
edilməsinə ilə bağlı iddialar nəzərdə tutulur. Belə iddiaların məqsədi
məhkəmədən iddiaçının tələb etdiyi “icranın” həyata keçirilməsinə məcbur
edilməsidir. Məcburetmə haqqında iddialarda isə tələb olunan “icra” iddiaçının
xeyrinə inzibati aktın qəbul edilməsi ilə bağlıdır. Məsələn, bir şəxsin
“məcburi köçkün statusu və vəsiqəsi verilməsi ilə bağlı” tələbi məcburetmə
haqqında iddia olacaqdır.
Azərbaycan Respublikası
İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə iddiası
qaldıran şəxs məhkəmədən cavabdehin üzərinə onun istədiyi məzmunlu inzibati
aktı qəbul etmək öhdəliyinin qoyulmasını tələb etmək imkanına malikdir [10]. Qanunun tələbinə əsasən məcburetmə haqqında iddia
vasitəsilə məhkəmə vasitəsilə inzibati orqandan inzibati aktın qəbul edilməsi
tələb edilə bilər. Qeyd etmək lazımdır ki, inzibati məhkəmənin iddiaçının tələb
etdiyi inzibati aktı özünün qəbul etməsinə icazə verilmir. Bu baxımdan,
inzibati məhkəmə sadəcə olaraq inzibati orqanın iddiaçının tələb etdiyi
inzibati aktı qəbul etməsinə və ya iddiaçının müraciətinə yenidən baxılması
vəzifəsini müəyyən edir. Nəticədə məcburetmə haqqında iddia “formalaşdırıcı
iddia” deyil, “icra iddiası”dır.
Almaniyanın “İnzibati
məhkəmə icraatı haqqında” Qanunun 42-ci maddəsinin 2-ci hissəsi məcburetmə
haqqında iddianın iki növü müəyyən edir [12]:
1. Məcburetmə
haqqında iddianın birinci növü “imtinaya qarşı iddia”dır (Versagungsgegenklage).
Bu iddia növü ilə məhkəməyə müraciət edilə bilməsi üçün ilk növbədə maraqlı
şəxs inzibati orqana əlverişli inzibati aktın qəbul edilməsinin təmin edilməsi
üçün müraciət etməli, inzibati orqan tərəfindən də əlverişli inzibati aktın
qəbul edilməsindən imtina olunmalıdır.
2. Məcburetmə
haqqında iddianın digər növü “hərəkətsizliyə qarşı iddia”dır (Untätigkeitsklage).
Bu iddia növü ilə inzibati məhkəməyə o halda müraciət edilir ki, maraqlı şəxsin
müraciətinə inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində
heç bir maddi cavab, hətta imtina cavabı belə verilmiş olmur. Qeyd etmək
lazımdır ki, “hərəkətsizliyə qarşı” iddia müstəqil iddia növü hesab olunmur. Bu
iddia daha çox inzibati şikayət (etiraz) olmadan iddianın mümkün sayılması ilə
bağlı prosessual vəziyyyətinin mövcudluğuna kömək edir. Həmçinin bu iddia
inzibati məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin qanunla nəzərdə
tutulub-tutulmamasından asılıdır. Almaniyanın “İnzibati məhkəmə icraatı
haqqında” Qanunun 75-ci maddəsinə əsasən əgər inzibati şikayətə və ya inzibati
aktın qəbul edilməsi tələbinə dair, əsaslı səbəb olmadan, müvafiq müddət ərzində
məzmun etibarilə qərar verilməyibsə, bu halda, həmin Qanunun 68-ci maddəsindən
fərqli olaraq, inzibati məhkəmə qarşısında iddia qaldırmaq mümkündür [3]. Həmin
normaya əsasən müvafiq müddət dedikdə 3 ay nəzərdə tutulur. Bəzi ölkələrin
qanunvericiliyinə əsasən öhdəliyin icrası haqqında iddia, mübahisələndirmə
haqqında iddia, o cümlədən məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət
etmək üçün əvvəlcə inzibati orqanın özünə “etiraz”la müraciət edilməsi zəruri
şərtdir. İnzibati orqana etiraz yolu ilə müraciət edilməsi müraciət edən şəxs
üçün də faydalı xarakter daşıyır. Belə ki, bəzi hallarda maraqlı şəxs üçün
məhkəməyə müraciət edilmədən inzibati
aktın ləğv edilməsi imkanı yaranır [5, s. 515]. İnzibati orqanın hərəkət və ya
hərəkətsizliyinə qarşı inzibati orqanın özünə “etiraz”la müraciət edilməsi
inzibati prosedur ilə məhkəmə proseduru arasında keçid nöqtəsi funksiyasını
yerinə yetirir.
Nəticədə məcburetmə haqqında
iddianın hər iki “alt növü” maraqlı şəxsin inzibati orqana müraciət etdiyi
vaxta qədər qəbul olunmamış inzibati aktın qəbuluna yönəldilmiş olur.
Qeyd etmək lazımdır ki,
öhdəliyin icrası haqqında iddialar da “icra iddiaları” qrupuna daxildir. Lakin
məcburetmə haqqında iddialardan fərqli olaraq öhdəliyin icrası haqqında
iddialar inzibati aktın deyil, “faktiki xarakterli hərəkətin” edilməsinin
inzibati orqanın üzərinə vəzifə kimi qoyulması ilə bağlıdır. Qanunvericilikdə
nəzərdə tutulmasa da, məcburetmə haqqında iddialar kimi öhdəliyin icrası
haqqında iddiaların iki alt növünü fərqləndirə bilərik. Öhdəliyin icrası
haqqında iddiaların tətbiq dairəsi daha genişdir. Belə ki, öhdəliyin icrası
haqqında iddialarla məhkəməyə müraciət edilməsi üçün həyata keçirilməsi tələb
olunan “icra” inzibati aktın qəbul edilməsi ilə bağlı olmamalıdır. Türkiyənin
“İnzibati məhkəmə icraatı haqqında” Qanununda isə konkret olaraq məcburetmə
haqqında iddialar və öhdəliyin icrası haqqında iddialar fərqləndirilməmişdir.
Belə ki, həmin qanunda 3 iddia növü təsbit edilmişdir. Azərbaycan Respublikası
qanunvericiliyindən fərqli olaraq Türkiyə inzibati prosessual
qanunvericiliyindən 3 iddia növü müəyyənləşdirildiyindən iki ölkənin iddia
növlərinin qarşılaşdırılması çətinlik doğurur. “Türkiyənin İnzibati məhkəmə
icraatı haqqında” Qanunun 2-ci maddəsində aşağıdakı 3 iddia növü müəyyən
edilmişdir:
1. Ləğv iddiası;
2. Tam yurisdiksiya iddiası;
3. İnzibati müqavilələrdən irəli gələn
iddialar.
Ləğv iddiaları məhz “formalaşdırıcı iddialar” olduğundan
Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyində nəzərdə tutulan
məcburetmə haqqında iddia və öhdəliyin icrası haqqında iddialar daha çox tam
yurisdiksiya iddiası olaraq tərcümə olunan “tam yargı davaları”na
uyğundur. Türkiyə inzibati prosessual qanunvericiliyi Fransız modelinə uyğun
olduğundan iddia növlərinin də adları fransız dilindən tərcümə edilmişdir. Tam
yurisdiksiya (tam yargı) iddiası fransız dilindəki Recours de plein
contentieux ifadəsindən tərcümə edilmişdir. Beləliklə, Türkiyə
qanunvericiliyində tam yurisdiksiya iddiası ləğvetmə haqqında iddia ilə əhatə
olunmayan bütün hərəkətlərin tələb edilməsi bağlı iddia növüdür. Yəni inzibati
aktın ləğv edilməsi və ya dəyişdirilməsindən başqa maraqlı şəxsin inzibati
orqanın digər fəaliyyəti ilə bağlı tələbləri tam yurisdiksiya (tam yargı)
iddiasının əhatəsinə daxil hesab olunur. Bəzən ədəbiyyatlarda belə bir fikirə
rast gəlinir ki, tam yurisdiksiya (tam yargı) iddiası təzminatla (kompensasiya
ilə) bağlı olan iddia növüdür. Türkiyə praktikasında tam yurisdiksiya haqqında
iddiaların əksər hissəsi təzminatla bağlı olsa da, həmin iddia növü başqa
hüquqi tələblərlə də bağlı ola bilər. Türkiyə praktikasında tam yurisdiksiya
iddiası daha çox təzminatla bağlı olsa da, Fransa qanunvericiliyində bu iddia
növü inzibati məhkəmə icraatı qaydasında bir çox tələbin irəli sürülməsi ilə
bağlıdır. Hesab edirik ki, Azərbaycan Respublikasının inzibati prosessual
qanunvericiliyində iddianın növlərinin müxtəlifliyi daha effektiv müdafiə
vasitəsini təkmilləşdirir. Yəni Türkiyə və Fransa inzibati prosessual
qanunvericiliyində məcburetmə və öhdəliyin icrası haqqında iddialar bir iddia
növü altında birləşdirilmişdir ki, bu da onlar arasında fərqin müəyyən edilməsi
zərurətini aradan qaldırır. Azərbaycan Respublikasının inzibati prosessual
qanunvericiliyi isə inzibati orqanın hərkətlərini real aktın qəbul edilməsi və
inzibati aktın qəbul edilməsi ilə bağlı olan hərəkətlər formasında müəyyən
etdiyindən fərqli təsnifat özünü göstərir. Bu zaman “İnzibati icraat haqqında”
Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulan inzibati aktın qəbul edilməsi ilə
bağlı olan iddia məcburetmə haqqında iddia olacaqdır. Öhdəliyin icrası haqqında
iddialar isə inzibati orqanın inzibati aktın qəbul edilməsi bağlı olmayan
faktiki xarakterli hərəkətin edilməsi ilə bağlı öhdəliyin inzibati orqanın
üzərinə qoyulması ilə bağlı olan iddia növüdür. Bəzi ölkələrin inzibati
prosessual qanunvericiliyində məcburetmə haqqında iddia öz təbiətinə görə
öhdəliyin icrası haqqında iddianın bir növü hesab olunur [1, s. 272].
Məcburetmə haqqında iddia ilə öhdəliyin icrası haqqında iddiaların baxılması
zamanı oxşarlıq ondan ibarətdir ki, hər iki iddia növü üzrə hakim aşağıdakı iki
məsələni yoxlamalıdır:
1. İnzibati aktın qəbul edilməsindən
imtinanın qanuniliyi. Almaniya qanunvericiliyində müəyyən edilmiş qayda bundan
ibarətdir ki, əgər məcburetmə haqqında iddia ilə maraqlı şəxs məhkəməyə
müraciət edibsə, alman dilində Rechtswidrigkeitsaufbau
olaraq ifadə olunan “hüquq pozuntusunun quruluşu” məhkəmə tərəfindən əsas
götürülür. Almaniyanın “İnzibati Məhkəmə icraatı haqqında” Qanunun 113-cü
maddəsinin 5-ci hissəsinin 1-cümləsinə əsasən əgər məhkəmə tərəfindən əgər
inzibati aktın qəbulundan imtina edilməsi və ya onun verilməməsi qanunsuz hesab
edilirsə və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdursa,
həmçinin iş məhkəmənin qərar qəbul etməsi üçün hüquqi cəhətdən hazır
vəziyyətdədirsə (spruchreif), məhkəmə inzibati orqanın tələb olunan rəsmi
hərəkəti həyata keçirməsi (inzibati aktın qəbul edilməsi) barədə qərar qəbul
edir [7]. Birinci halda məhkəmə inzibati orqan tərəfindən inzibati aktın
qəbulundan imtina olunması haqqında qərarının, o cümlədən hərəkətsizliyinin həm
formal, həm də maddi cəhətdən hüquqauyğun olub-olmamasını yoxlayır. Azərbaycan
Respublikası inzibati məhkəmə icraatında isə inzibati aktın qəbul olunmasından
imtinanın sadəcə olaraq inzibati orqanın inzibati aktın qəbul olunmamasına
münasibətinin öyrənilməsi, o cümlədən əsaslandırmanın hansı formada həyata
keçirilməsinin müəyyən edilməsi məqsədilə əhəmiyyət kəsb edir. Öhdəliyin icrası
haqqında iddia üçün də eyni qayda qüvvədədir. Bu zaman faktiki xarakterli hərəkətin
həyata keçirilməsindən imtina sadəcə olaraq inzibati orqanın faktiki xarakterli
hərəkətin edilməməsinə münasibətinin öyrənilməsi baxımdan önəmlidir.
2. Qəbul edilməsi tələb olunan inzibati
aktın qanuniliyi. Bu halda isə, məhkəmə iddiaçı tərəfindən qəbul edilməsi tələb
olunan inzibati aktın maraqlı şəxs üçün əlverişli olduğu qədər, qanuni də
olub-olmamasını yoxlayır. Bu zaman belə nəticə çıxarmaq olur ki, əgər inzibati
aktın qəbul edilməsi qanunidirsə, o zaman inzibati orqanın aktın qəbul
edilməsindən imtinası da qanunsuzdur. Praktikada edilən ən böyük səhvlərdən
biri də, inzibati məhkəmə icraatında məcburetmə haqqında iddiaya baxılan zaman
hakim inzibati aktın qəbulundan imtina olunması haqqında qərarın məzmun
baxımdan yoxlanılmasını həyata keçirirlər. Bu məcburetmə haqqında iddianın
məzmununa uyğun gəlməyən haldır. Çünki məcburetmə haqqında iddia inzibati aktın
qəbul edilməsi ilə bağlı tələblə əlaqədardır. Bu zaman hakim inzibati aktın
qəbul olunmasından imtina haqqında haqqında qərarı müstəqil inzibati akt kimi
qiymətləndirə bilməz. Almaniyada fərqli bir praktika özünü göstərir. Belə ki,
inzibati aktın qəbul olunmasından imtina qərarının qanuniliyini yoxlayan
məhkəmələr bəzi hallarda inzibati aktlar üçün tələb olunan əsaslandırma
tələbinin pozuması ilə bağlı nəticəyə gəlirlər. “İnzibati İcraat haqqında” Qanunun 61.2-ci maddəsinin məzmununa əsasən
inzibati aktın əsaslandırılması zamanı işin faktiki vəziyyəti və hüquqi tərəfləri,
onları təsdiqləyən və ya təkzib edən sübutlar, eyni zamanda qərarın qəbulunda
istinad olunan qanunlar və digər normativ aktlar əks olunmalıdır [11]. Qeyd etmək lazımdır ki, həmin
normanın tələbləri inzibati aktlar üçün nəzərdə tutulmuşdur.
Bəzi ədəbiyyatlarda isə məhkəmələrə tövsiyə edilən ondan
ibarətdir ki, inzibati orqan inzibati aktın qəbulundan imtinanı rəsmi sənəd
formasında etmişdirsə, bu halda məsələnin həlli müsbət istiqamətdədirsə,
məhkəmə inzibati aktın qəbulunu inzibati orqanın üzərinə öhdəlik kimi qoymaqla
bərabər, həm də imtina haqqında aktın da ləğv edilməsini müəyyən etməlidir. Bu
ləğvetmə məcburi xarakter daşımır, yəni inzibati aktın qəbul edilməsinə dair
məhkəmənin mövqeyi həm də imtinanın ləğv edilməsini ehtiva edir. Bu yanaşma
iddiaçının mövqeyi baxımından daha məqsədəuyğundur. Çünki iddiaçının tələbi
yalnız inzibati aktın ləğv edilməsini deyil, həm də imtina haqqında qərarın da
ləğv edilməsini nəzərdə tutur.
Öhdəliyin icrası haqqında iddialarla bağlı müraciət zamanı da
inzibati məhkəmədən faktiki xarakterli hərəkətlərin edilməsi öhdəliyinin
inzibati orqanın üzərinə qoyulması tələb olunur. Əgər inzibati orqan tərəfindən
faktiki xarakterli hərəkətin edilməsindən imtina olunarsa, bu halda məcburetmə
haqqında iddiadan fərqli olaraq, ümumiyyətlə, imtina haqqında qərarın ləğv
edilməsi zərurətinin olmadığı qənaətindəyik. Belə ki, müvafiq hərəkətin
edilməsindən imtina haqqında aktın özü müstəqil olaraq inzibati akt kimi
qiymətləndirilsə idi, bu zaman öhdəliyin icrası haqqında iddiaların “inzibati
akt qəbulu ilə bağlı olmayan” iddia olması əlaməti aradan qalxmış olacaq və
məcburetmə haqqında iddia ilə eyniləşə bilərdi.
2577 saylı İnzibati Məhkəmə Prosessual Qanununun 2-ci
maddəsinin (c) bəndində “təhkim yolu nəzərdə tutulmuş imtiyaz şərtləşmə və
müqavilələrindən irəli gələn mübahisələr istisna olmaqla, ictimai xidmətlərdən
birinin həyata keçirilməsi üçün bağlanmış hər cür inzibati müqavilələrdən irəli
gələn tərəflər arasındakı mübahisələrə dair iddialar” ayrıca bir iddia növü
kimi tənzimlənmiş olduğu halda, həmin Qanunun 36-cı maddəsində inzibati
məhkəmənin səlahiyyətləri müəyyən edilərkən müqavilələrdən irəli gələn iddialar
tam yurisdiksiya iddiası (tam hüquq iddiası) kimi qəbul edilmişdir [12]. Bu
səbəbdən, Türkiyə inzibati prosessual qanunvericiliyinə əsasən inzibati
müqavilədən irəli gələn iddiaları tam yurisdiksiya iddiası kimi xarakterizə
etmək mümkündür. İnzibati müqavilələr
yalnız o hallarda bağlanır ki, inzibati orqan öz fəaliyyətini birtərəfli
inzibati aktlarla tam şəkildə həyata keçirmək imkanına malik olmur. Bununla belə,
inzibati müqavilənin bağlanması zəruri və qaçılmaz bir şərt hesab edilmir. Beynəlxalq
təcrübə də göstərir ki, əksər dövlətlərdə inzibati müqavilələr yalnız
qanunvericilikdə xüsusi olaraq müəyyən edilmiş hallarda tətbiq olunur. Onların
mahiyyət etibarilə publik hüquqa aid olması isə inzibati orqanların belə
müqavilələri birtərəfli qaydada dəyişdirə bilməsi səlahiyyəti ilə təsdiqini
tapır [9, s. 1961-1964]. Mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati
müqavilələrin əsas məqsədi qanunla müəyyən olunmuş ictimai maraqları təmin etməkdir.
Bu müqavilələrin həyata keçirilməsi prosesində inzibati orqanların daim iştirak
etməsi də onların fərqləndirici cəhətlərindən biridir. Publik hüquq normaları həm
ictimai maraqların qorunmasına, həm də inzibati orqanlarla fiziki və hüquqi şəxslər
arasında yaranan münasibətlərin tənzimlənməsinə xidmət edir [4, s. 200]. Bu
normalar əsasında inzibati müqavilələrin bağlanma şərtləri, icra prosedurları,
tərəflərin hüquq və öhdəlikləri, həmçinin müqaviləyə xitam verilmə qaydaları müəyyən
edilir. Azərbaycan Respublikasının qanunvericiliyində inzibati müqavilələrin məhkəmədə
mübahisələndirilməsi ilə bağlı ayrıca norma nəzərdə tutulmamışdır. Bu isə
inzibati məhkəmə icraatında müəyyən çətinliklər yaradır. Belə hallarda iddianın
növünü düzgün müəyyənləşdirmək üçün inzibati müqavilənin xarakterik cəhətlərinin
təhlili vacibdir. İnzibati müqavilələrin nəzərdən keçirilməsi zamanı “ayrıla
bilən əməliyyat nəzəriyyəsi”nin də qeyd olunması əhəmiyyət kəsb edir. Həmin nəzəriyyəyə
əsasən, müqavilənin müxtəlif mərhələlərində inzibati orqan tərəfindən həyata
keçirilən birtərəfli hüquqi hərəkətlərin mövcudluğu qəbul edilir. Bu yanaşma
müqavilənin bağlanması prosesində inzibati orqanın birtərəfli qaydada hüquqi nəticə
doğuran aktlar qəbul etməsi və həmin aktların inzibati məhkəmələrdə mübahisələndirmə
və ya öhdəliyin icrası haqqında iddialara səbəb ola bilməsi ilə əlaqələndirilir
[8, s. 8-9]. Bununla belə, Azərbaycan qanunvericiliyi kontekstində bu
yanaşmanın tətbiqi hələ də mübahisəli hesab olunur. Beynəlxalq təcrübə göstərir
ki, bir çox ölkələrdə inzibati müqavilədən ayrılaraq müstəqil şəkildə mübahisə
predmeti ola bilən inzibati orqan hərəkətləri mövcuddur. “Ayrıla bilən əməliyyat”
nəzəriyyəsinə görə, belə birtərəfli inzibati aktlar müstəqil qaydada inzibati məhkəmələrdə
iddia predmetinə çevrilə bilər. Bu səbəbdən
müqavilə mahiyyət etibarilə xüsusi hüquq müqaviləsi olsa da, ondan
ayrılaraq ayrıca qiymətləndirilən hərəkətlər inzibati hüquq normalarına tabe
olur. Burada əsas məsələ ondan ibarətdir ki, inzibati müqavilədən ayrılabilən
müstəqil əməliyyatların inzibati akt qəbul edilməsinə aid olub-olmaması və ya
faktiki xarakterli inzibati hərəkətlərdən ibarət olub-olmamasının müəyyən edilməsidir.
III. Öhdəliyin icrası haqqında iddialarla
mübahisələndirmə haqqında iddiaların müqayisəsi
Azərbaycan Respublikası inzibati prosessual
qanunvericiliyinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə
maraqlı şəxs inzibati orqandan inzibati aktın ləğv olunmasını və ya
dəyişdirilməsini məhkəmə qaydasında tələb edə bilər. Anlayışdan da göründüyü
kimi mübahisələndirmə haqqında iddialar da məcburetmə haqqında iddialar kimi
inzibati aktlarla bağlıdır. Lakin mübahisələndirmə haqqında iddialarla inzibati
aktın ya dəyişdirilməsi, ya da ləğvi tələb edilir. Alman ədəbiyyatlarında die
Anfechtungsklage olaraq bu iddia növü iddiaçı inzibati aktın ləğv edilərək
qüvvəsinin dayandırılmasına nail ola bilər. Faktiki xarakterli hərəkətlər isə
mübahisələndirmə haqqında iddiaların predmeti ola bilməz. Türkiyə hüquq
ədəbiyyatlarında isə “ləğv iddiası” olaraq adlanan iddia növü daha geniş tələb
əhatəsinə malikdir. Ləğv iddiası ilə prosessual baxımdan müraciət edə bilmək
üçün subyektiv ictimai marağın pozulması tələb olunur. Yəni subyektiv ictimai
marağın pozulması ehtimalının mövcud olması kifayətdır. Ləğv iddiaları obyekyiv
iddialardır [2, s. 33]. Azərbaycan Respublikasının inzibati prosessual
qanunvericiliyində nəzərdə tutulan iddia növlərindən fərqli inzibati orqan
iddianın tərəfi kimi çıxış etmir. İddiaçının irəli sürdüyü tələb inzibati
orqana qarşı deyil, onun həyata keçirdiyi hərəkətə qarşı yönəlir.
Ləğv etmə iddiası inzibati aktın birbaşa ünvanlanmış olduğu
şəxs tərəfindən qaldırıla biləcəyi kimi bəzi hallarda həmin inzibati akt
səbəbindən hüququ pozulmuş üçüncü bir şəxs tərəfindən də qaldırıla bilər.
Faktiki xarakterli hərəkətin edilməsi və ya edilməməsi maraqlı şəxs üçün
müsbət, üçüncü şəxslər üçün mənfi təsirlər yarada bilər. O cümlədən maraqlı
şəxs üçün əlverişli olan inzibati akt üçüncü şəxslər üçün əlverişsiz şərait
yarada bilər. Yaxud əksinə inzibati aktın icra edilməsindən mənfi təsirlənən
üçüncü şəxslərə həmin aktın icra edilməyəcəyinə dair inzibati orqan tərəfindən
təminat verilə bilər. Üçüncü şəxslərə təsir edən (Drittwirkung) inzibati
aktlara, o cümlədən faktiki xarakterli hərəkətlərə qarşı əlverişsiz vəziyyətə
düşən üçüncü şəxslər iddia qaldıra bilərlər. Bu, “ləğv iddiası” ilə bağlı
olduğundan əvvəlcə inzibati orqana müraciət edilməsi məcburidir.
Türkiyə inzibati hüququnda inzibati akt anlayışı Azərbaycan
və alman inzibati prosessual hüququndakı inzibati akt anlayışından daha geniş
olduğundan ləğvetmə iddiasının predmeti daha əhatəlidir. Azərbaycan və alman
inzibati prosessual qanunvericiliyi yalnız fərdi xarakter daşıyan aktları
inzibati aktlar sırasına daxil edir. Bu baxımdan, ümumi tənzimləyici aktlar
mübahisələndirmə haqqında iddianın predmetinə daxil edilmir. Ümumi tənzimləyici
aktların hüquqauyğunluğunu isə Almaniyanın “İnzibati Məhkəmə haqqında” Qanunun
47-ci maddəsinə əsasən yüksək instansiya məhkəmə həyata keçirir. Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci fəsli də oxşar müddəaları
nəzərdə tutur.
Bu zaman belə sual ortaya çıxa bilər ki, əlverişsiz faktiki
xarakterli hərəkətlərin dayandırılmasına (ləğv edilməsinə) dair
mübahisələndirmə haqqında iddia və ya öhdəliyin icrası haqqında iddia ilə
məhkəməyə müraciət etmək mümkündürmü? Mübahisələndirmə haqqında iddialar
konkret olaraq inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə
yönəldiyindən faktiki xarakterli hərəkətlərin ləğvi (dayandırılması) ilə bağlı
mübahisələndirmə haqqında iddia seçilə bilməz. Bu zaman ən düzgün iddia növü
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan
müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olacaqdır.
IV. Nəticə
Aparılan tədqiqat nəticəsində məlum oldu ki, Azərbaycan
Respublikası inzibati məhkəmə icraatında öhdəliyin icrası haqqında iddialar
iddiaçılar üçün mənafelərinin müdafiəsi baxımından mühüm rol oynayır. Lakin
mövcud inzibati prosessual qanunvericilikdə iddiaların növləri arasında aydın
sərhədlərin müəyyən edilməməsi, xüsusilə öhdəliyin icrası haqqında iddialarla
məcburetmə haqqında iddiaların bir-birindən fərqləndirilməsində çətinliklər
yaradır. Almaniya və Türkiyə qanunvericiliyinin təcrübəsi göstərir ki, bu
ölkələrdə iddiaların növləri daha dəqiq təsnif edilmiş və nəzəri
əsaslandırılmışdır. Alman modelində “icra iddiaları” və onların alt növləri
(imtinaya qarşı və hərəkətsizliyə qarşı iddialar), Türkiyə modelində isə “tam
yurisdiksiya iddiaları” öhdəliyin icrası və məcburetmə haqqında iddiaların
məqsəd və mahiyyətini aydın izah edir. Aparılan tədqiqat nəticəsində aşağıdakı
təkliflər irəli sürülmüşdür:
1. İnzibati orqanlar tərəfindən həyata
keçirilən “faktiki xarakterli hərəkətlər”in dairəsi daha geniş olduğundan
ölkənin məhkəmə praktikasında ən çox rast gəlinən iddia növü də öhdəliyin
icrası haqqında iddialardır. Lakin həm nəzəri ədəbiyyatlarda, həm də
qanunvericilikdə iddiaların növü arasında dəqiq sərhəd müəyyən edilmədiyindən
hal-hazırda mübahisələrin çoxuna öhdəliyin icrası haqqında iddia qaydasında
baxılır. Bu baxımdan hesab edirik ki, Azərbaycan Respublikası “İnzibati İcraat
haqqında” Qanununun 2-ci maddəsinə “faktiki xarakterli hərəkət”in anlayışını
ehtiva edən norma əlavə edilməlidir.
2. Öhdəliyin icrası haqqında iddialara baxılan zaman inzibati
orqanın müvafiq faktiki xarakterli hərəkətin həyata keçirilməsindən imtina
məhkəmə tərəfindən əsaslandırmanın müəyyən edilməsi baxımından önəmli xarakter
daşıyır. Buna görə hesab edirik ki, qanunvericilikdə faktiki xarakterli
hərəkətin həyata keçirilməsindən imtina üçün əsaslandırmaya dair məcburi tələb
müəyyən edilməlidir. Bu zaman hesab edirik ki, inzibati orqanlar qarşısında
qoyulmalı olan mütləq tələb isə ondan ibarət olmalıdır ki, imtinanın yalnız
formal normativ hüquqi aktlarla istinad olunaraq əsaslandırılmasına
yönəlməməlidir.
REFERENCES
(ƏDƏBİYYAT):
1.
Aliyev, S.F. Commentary on the Code of Administrative
Procedure. Baku: Elm və Təhsil, 2024, 777 pages (in Azerbaijani / Əliyev,
S.F. İnzibati Prosessual Məcəllənin Kommentariyası. Bakı: Elm və Təhsil, 2024,
777 s.).
2.
Azrak, Ü.
The Rule of Law, Administrative Law and the Council of State. In: 125th
Anniversary, II. National Administrative Law Congress, Abstracts of Papers,
Ankara, 10–14 May 1993, pp. 11–37 (in Turkish / Azrak, Ü. Hukuk Devleti, İdare Hukuku
ve Danıştay. 125’inci Yıl, II. Ulusal İdare Hukuku Kongresi Bildiri
Özetleri. Ankara, 1993, s. 11–37).
3.
Bundesrepublik
Deutschland. Administrative Procedure Act (in German/
Verwaltungsverfahrensgesetz – VwVfG, 1976)
URL: https://www.gesetze-im-internet.de/vwvfg/ (last access: 01.05.2025).
4.
Davies,
A.C.L. The Public Law of Government Contracts. Oxford: Oxford University
Press, 2008, 376 pages.
5.
Detterbeck,
S. General Administrative Law with Administrative Procedural Law. 1st Edition. Munich: C.H. Beck, 2009, 598 pages (in
German / Detterbeck, S. Allgemeines Verwaltungsrecht mit
Verwaltungsprozessrecht. 1. Aufl., München: C.H. Beck, 2009, 598 s.).
6. Hufen, F.
Administrative Procedural Law. 10th Edition. Munich: C.H. Beck, 2016, 653 pages
(in German / Hufen, F. Verwaltungsprozessrecht. 10. Aufl., München: C.H.
Beck, 2016, 653 s.).
7.
Federal
Republic of Germany. Law on Administrative Court Proceedings (in German /
Verwaltungsgerichtsordnung – VwGO, 1960).
URL: https://www.gesetze-im-internet.de/vwgo/ (last access: 02.05.2025).
8.
Kutlu, M.
Tender Process in Administrative Contracts. İzmir: Dokuz Eylül University
Faculty of Law, Revolving Fund Publications, 1997, 274 pages (in Turkish /
Kutlu Meltem. İdare Sözleşmelerinde İhale Süreci. İzmir: DEÜ Hukuk Fakültesi
Döner Sermaye Yayınları, 1997, 274 s.).
9.
Melleray,
F. The Exorbitance of Administrative Law in Question(s). Actualité
Juridique Droit Administratif (AJDA), No. 37, 2003, pp. 1961–1964 (in
French / Melleray, F. L’exorbitance du Droit Administratif en Question(s).
AJDA, 2003, No. 37, s. 1961–1964).
10.
Republic of
Azerbaijan. Administrative Procedure Code of the Republic of Azerbaijan, 1
January 2011, No. 846-IIIQ (in Azerbaijani / Azərbaycan Respublikası
İnzibati Prosessual Məcəlləsi, 01.01.2011, № 846-IIIQ).
URL: https://e-qanun.az/framework/46956 (last access: 01.05.2025).
11.
Republic of
Azerbaijan. Law of the Republic of Azerbaijan on Administrative Proceedings, 21
June 2005, No. 1036-IIQ (in Azerbaijani / Azərbaycan Respublikasının
İnzibati icraat haqqında Qanunu, 21.06.2005, № 1036-IIQ).
URL: https://e-qanun.az/framework/11254 (last access: 01.05.2025).
12.
Republic of
Turkey. Law No. 2577 on Administrative Judicial Procedure (in Turkish / İdari
Yargılama Usulü Kanunu, 1982).
URL:https://www.mevzuat.gov.tr/mevzuat?MevzuatNo=2577&MevzuatTur=1&MevzuatTertip=5 (last access: 02.05.2025).
DISTINCTIVE ASPECTS OF CLAIMS FOR THE
PERFORMANCE OF OBLIGATIONS COMPARED TO OTHER TYPES OF CLAIMS
LALA MAMMADLI[1]
Abstract
The article examines the institutions
of the claim for enforcement, the claim for annulment, and the claim for
performance within administrative procedural law from a comparative legal
perspective. Using the examples of German, Azerbaijani, and Turkish
legislation, the legal nature, subject matter, scope of application, and
procedural features of these claims are analyzed. In German law, the claim for
enforcement is classified within the group of enforcement claims and is
subdivided into “action against refusal” and “action against inaction”. In
Azerbaijani legislation, while the claim for enforcement is aimed at ensuring
the adoption of an administrative act, the claim for performance applies to the
execution of actions of a factual nature. In Turkish legislation, these claims
are not classified separately but are regulated within the framework of the
“full jurisdiction action”. The study also explains the legal regime of
administrative contracts, the circumstances under which they may be concluded,
and the possibilities for judicial review in the context of the “separable act”
theory, including the determination of the type of claim that may be brought
before a court concerning administrative contracts. In conclusion, it is argued
that clearly defining the boundaries between claim types has an impact on
administrative judicial proceedings, and proposals are made for the improvement
of the legislation.
Keywords: claim
for the performance of an obligation, administrative court procedure, deadline,
claim for enforcement, administrative act.
ОСОБЕННОСТИ ИСКОВ ОБ ИСПОЛНЕНИИ
ОБЯЗАННОСТИ ПО СРАВНЕНИЮ С ДРУГИМИ ВИДАМИ ИСКОВ
ЛАЛА МАМЕДЛИ[2]
Резюме
В статье в сравнительно-правовом
аспекте исследуются институты иска о понуждении, иска об оспаривании и иска об
исполнении обязанности в административном процессуальном праве. На примере
законодательства Германии, Азербайджана и Турции анализируются правовая
сущность, предмет, случаи применения и процессуальные особенности указанных
исков. В немецком праве иск о понуждении включается в группу исполнительных
исков и подразделяется на подвиды «против отказа» и «против бездействия». В
азербайджанском законодательстве иск о понуждении направлен на обеспечение
принятия административного акта, тогда как иск об исполнении обязанности
относится к совершению фактических действий. В турецком законодательстве данные
иски не классифицируются отдельно, а регулируются в рамках «иска о полной
юрисдикции». В исследовании также разъясняется правовой режим административных
договоров, условия их заключения и возможности применения судебного контроля в
контексте теории «отделимой операции», в том числе рассматривается вопрос о том,
с каким видом иска возможно обратиться в суд по делам, связанным с
административными договорами. В заключение сделан вывод о том, что четкое
разграничение видов исков оказывает влияние на административное
судопроизводство, и в целях совершенствования законодательства предложены
рекомендации.
Ключевые слова: иск об исполнении обязанности,
административное судопроизводство, срок, иск о понуждении, административный
акт.
Məqalənin redaksiyaya daxil olma tarixi: 04.05.2025
Çapa qəbul tarixi: 17.09.2025