2025-ci il oktyabrın 30-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində Küveyt Vəkillər Kollegiyasının təşkilatçılığı ilə "Gələcəyə istiqamət verən baxış" adlı beynəlxalq konfrans keçirilib.
Dünyanın
bir çox ölkələrinin Vəkillər kollegiyalarının rəhbərləri, vəkillər və
hüquqşünasların qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (VK) sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov
təmsil edib.
Konfransda
Şahmar Məmmədov "Hüquq peşəsinin inkişafı; Yerli və qlobal miqyasda"
adlı paneldə çıxış edərək iştirakçıları salamlayıb, VK-nın tarixi, son illər
hüquq islahatları çərçivəsində görülən işlər, vəkillərin sayı, vəkillik
institutunun daha da gücləndirilməsi barədə, o cümlədən fəaliyyətin beynəlxalq
standartlara uyğunlaşdırılması və müasir idarəçilik prinsiplərinə əsasən
modernləşdirilməsi istiqamətində atılan fundamental addımları diqqətə
çatdırıb.
Sədr
müavini bildirib ki, Kollegiya beynəlxalq əlaqələrin genişləndirilməsinə və
beynəlxalq hüquq təşkilatları ilə səmərəli əməkdaşlığın inkişafına xüsusi önəm
verir. Həmçinin Şahmar Məmmədov vəkilliyə qəbul qaydalarından, elektron xidmətlərdən,
VK-nın maliyyə müstəqilliyindən, gənc hüquqşünaslara göstərilən dəstəkdən, vəkillərin
tədrisindən, pulsuz və dövlət hesabına hüquqi yardımdan, sosial aksiyalardan,
ictimai fəaliyyətdən, idman sahəsindəki uğurlardan, maddi texniki bazanın
yaxşılaşdırılmasından, habelə Hüquqi Yardım Mərkəzi, Tədris Mərkəzi, komitələrin
və Qadın Vəkillər Alyansının fəaliyyətindən geniş danışıb.
Sədr
müavini çıxışında vurğulayıb ki, son illərdə aparılan məqsədyönlü islahatlar nəticəsində
vəkillik institutunun nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə vəkillərin
roluna və fəaliyyətinə etimad daha da güclənib, göstərilən hüquqi yardımın
keyfiyyətində müsbət nəticələr əldə olunub.
Eyni
zamanda Şahmar Məmmədov Kollegiyanın inzibati binasında həyata keçirilən təmir-tikinti
işlərindən, binanın yaxın vaxtlarda istifadəyə veriləcəyindən danışıb. Sədr
müavini bununla yanaşı, ölkə üzrə fəaliyyət göstərən vəkil qurumlarının
maddi-texniki bazasının möhkəmləndirilməsi, onların fəaliyyət şəraitinin
yaxşılaşdırılması istiqamətində ardıcıl işlərin aparıldığını qeyd edib.
Şahmar Məmmədov
söyləyib ki, VK bu gün öz maliyyə müstəqilliyini tam təmin edib. O vurğulayıb
ki, Kollegiya sədri Anar Bağırovun da tez-tez vurğuladığı kimi, “güclü təşkilat
maliyyə baxımından da müstəqil olmalıdır”. Sədr müavini əlavə edib ki, maliyyə
müstəqilliyinin təmin olunması Kollegiyanın fəaliyyətində əsas prioritet
istiqamətlərdən biridir.
Səfər çərçivəsində Şahmar Məmmədov müxtəlif ölkələrdən olan Vəkillər kollegiyalarının rəhbərləri və vəkillərlə görüşlər keçirib, hüquq sahəsində aktual problemlər, müasir yanaşmalar və qabaqcıl təcrübələr barədə müzakirələr aparıb. Həmçinin sədr müavini beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquq sahəsində davamlı islahatlar, vəkillərin peşəkar hazırlığının artırılması ilə bağlı hüquqi mexanizmlərin tətbiqi istiqamətində fikir və təcrübə mübadiləsində iştirak edib.








