DİN-in Polis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol-Qarabağ Salnaməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan
Respublikası Milli Məclisi, Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan
Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi,
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, DİN-in Şəxsi Heyətlə İş İdarəsi,
DİN-in Mətbuat Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına
Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası,
Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Dövlət Universiteti, ADA
Universiteti, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu, Müdafiə Nazirliyinin
Heydər Əliyev adına Hərbi İnstitutunun nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin
qəhrəmanları və iştirakçıları qonaq qismində iştirak ediblər.
Tədbir
iştirakçıları tərəfindən Akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan
sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın
suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, videoçarx nümayiş etdirilib.
Konfransı
giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad
Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb,
onun məqsədi barədə fikirlərini bildirib. C.Daanov dövlətimizin gələcək
inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq
gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini
nəzərə çatdırıb.
Vəkillər
Kollegiyasının sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb,
konfransın işinə uğurlar arzulayıb. Sədr bildirib ki, bu il Azərbaycan
tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsindəki qazanılan Zəfərinin
5 illiyini qeyd edilir. Sədr söyləyib ki, 5 il əvvəl məhz bu günlərdə xalqımız,
dövlətimiz və ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ədalətin
bərpası naminə müqəddəs savaşa qalxmışdı. Bu Zəfər Azərbaycan Silahlı Qüvvələrinin
qəhrəmanlığı ilə yanaşı, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının,
hüquqşünasların və bütün azərbaycanlıların milli iradəsinin nəticəsi idi.
Anar Bağırov
diqqətə çatdırıb ki, Zəfərə aparan yol təkcə döyüş meydanlarında deyil, beynəlxalq
hüquq müstəvisində də gedən uzun və prinsipial mübarizədən keçirdi. Azərbaycan
dövləti 30 il işğal dövründə daim BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə,
beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək dinc yolla
torpaqlarının azad edilməsinə çalışdı. Lakin bu siyasi-hüquqi səylər Ermənistanın
qeyri-qanuni işğal siyasətinə son qoymadı. Nəhayət, 44 günlük Vətən müharibəsində
dövlətimizin suveren hüquqları hərbi-siyasi gücümüzlə təmin olundu, beynəlxalq
hüququn ədalət prinsipi real təcəssümünü tapdı.
Bu milli həmrəyliyin
içərisində Vəkillər Kollegiyasının da üzvlərinin olduğunu vurğulayan sədr deyib
ki, II Qarabağ müharibəsində 9 vəkil birbaşa döyüş meydanında iştirak edib. Bu,
vəkilliyin yalnız hüquqi deyil, həm də vətəndaşlıq borcunu daşıyan bir missiya
olduğunu bir daha göstərdi.
Eyni zamanda tədbir
iştirakçıları çıxışlarında Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində
mühüm yer tutduğunu, bu günün milli qürur, vətənə sevgi və şəhidlərimizin xatirəsinə
ehtiramın təcəssümü olduğunu vurğulayıblar.
Tədbirin sonunda Zəfər gününə həsr olunmuş “Qarabağ Zəfəri: Xalqın qəhrəmanlıq salnaməsi” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.







