2025-ci il
oktyabrın 29–31-də Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Kaşı
şəhərində “Çin (Kaşı) Mərkəzi və Cənubi Asiya – Hüququn aliliyi 2025” adlı beynəlxalq
forum keçirilib.
Tədbir
Sincan-Uyğur Muxtar Rayonunun Hüquq Cəmiyyəti, Çinin Quanqdong Əyalətinin Hüquq
Cəmiyyəti və Çin Hüquq Cəmiyyəti Hüquqi Mübadilə Mərkəzi tərəfindən təşkil
olunub.
Forumda Azərbaycan
Respublikası Vəkillər Kollegiyasını (VK) qurumun Rəyasət Heyətinin üzvü Elçin
Usub və VK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil
ediblər. Həmçinin mərasimə bir sıra ölkələrin vəkil qurumlarının, məhkəmə və
prokurorluq orqanlarının, eləcə də akademik dairələrin nümayəndələri
qatılıb.
Forumun məqsədi
Cənubi və Mərkəzi Asiya ölkələri arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsi,
“Bir kəmər, bir yol” təşəbbüsünün yüksək keyfiyyətli birgə həyata keçirilməsinə
xidmət etməkdir.
Mərasimdə
çıxış edən Elçin Usub “Bir kəmər, bir yol” təşəbbüsü üçün inteqrasiya olunmuş
mübahisələrin qarşısının alınması və həlli mexanizminin yaradılması” mövzusunda
çıxış edərək forumun əhəmiyyətini vurğulayıb.
O bildirib
ki, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi
iri layihələr Azərbaycanın və bütövlükdə “Bir kəmər, bir yol” təşəbbüsünün
inkişafında mühüm rol oynayır. Azərbaycan qanunvericiliyi və ölkəmizin
qoşulduğu beynəlxalq sazişlərin investorların hüquqlarını qoruması, Ələt Azad
İqtisadi Zonasının və Sənaye Parklarının fəaliyyətinin isə bu baxımdan xarici
investisiyalar üçün əlverişli şərait yaratması tədbir iştirakçılarının diqqətinə
çatdırılıb.
Çıxışının
davamında Elçin Usub Azərbaycanın regiondakı tranzit imkanları, beynəlxalq
hüquqi tənzimləmələrdəki rolu barədə məlumat verib. Yarana biləcək mübahisələrin
alternativ həlli mexanizmlərindən biri olan arbitrajın Azərbaycanda inkişafının
vacib bir addımı kimi 24-25 oktyabrda Bakı Artitraj Mərkəzinin açılışı xəbəri tədbir
iştirakçılarına çatdırılıb.
Eyni
zamanda, Rəyasət Heyətinin üzvü “Bir kəmər, bir yol” layihələrinin davamlı və səmərəli
icrası üçün ortaq mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb və VK-nın
gələcəkdə də bu sahədə olan tədbirlərə yardım etməyə hazır olduğu bildirib.
Səfər çərçivəsində
VK-nın nümayəndə heyətinin üzvləri Çin Hüquq Cəmiyyətinin vitse-prezidenti Vang
Hongxiang ilə görüş keçirib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, hüquqi əlaqələrin
inkişafı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bundan
başqa, nümayəndə heyətinin üzvləri Sincan-Uyğur Muxtar Rayonunun Hüquq Cəmiyyətinin
rəhbəri ilə də görüşərək yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi
aparıblar.
Forum çərçivəsində
iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub, rəsmi ziyafət və şəhər
gəzintisi təşkil edilib.






