Noyabrın 1-də Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları
Aylığı" çərçivəsində "Beynəlxalq Əmək Təşkilatının təcrübəsi və məhkəmə
praktikasında tətbiqi" mövzusunda əyani qaydada interaktiv təlim
keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri qeyd edib. Qeyd
olunub ki, qloballaşma və əmək münasibətlərinin beynəlxalq xarakter alması şəraitində
Beynəlxalq Əmək Təşkilatının standartlarının milli qanunvericilikdə və məhkəmə
praktikasında tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu, əmək hüquqlarının
qorunması və sosial ədalətin təmin olunmasında son dərəcə aktuallıq daşıyır.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr
edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “Sahibkarların Hüquqi və İqtisadi Maarifləndirməsi”
İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə
doktoru Fərhad Səttarov beynəlxalq əmək standartlarının milli qanunvericilikdə
tətbiqi, əmək hüquqlarının təminində beynəlxalq institutların rolu, məhkəmə
orqanlarının beynəlxalq əmək standartlarına istinad təcrübəsi və digər praktiki
məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkillərin müvafiq sahədə
çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 21 üzvü iştirak edib.




