2025-ci il noyabrın 3-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimovun tələbələrlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə
açan Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının
müdiri, professor Kamil Səlimov görüşün əhəmiyyətini vurğulayıb, İkram Kərimovun
uzunmüddətli hüquqi fəaliyyətindən və gənc hüquqşünaslara nümunə olan peşəkar
yolundan bəhs edib.
Çıxış edən İkram Kərimov
kriminalist və müstəntiq kimi fəaliyyət göstərdiyi illərdə istintaq apardığı
ağır cinayətlər, eləcə də hüquqi təcrübəsi dövründə əldə etdiyi bilik və
bacarıqlardan danışıb. O, peşə fəaliyyəti zamanı qarşılaşdığı maraqlı hadisələr,
SSRİ dövründə geniş rezonans doğuran və hazırda Avropanın bir sıra ali məktəblərində
nümunə kimi tədris olunan istintaq işlərindən bəhs edib.
Ağsaqqallar Şurasının rəhbəri
gənclərə peşəkarlıq, dürüstlük və ədalət prinsiplərinə sadiq qalmağın
hüquqşünaslıq fəaliyyətində əsas şərt olduğunu bildirib, onlara təcrübədən irəli
gələn dəyərli tövsiyələr verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, gənclərin gələcək hüquq fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.


