2025-ci il noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr
– Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə iclas
iştirakçılarını təbrik edib, Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər,
habelə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İclasın gündəliyinə uyğun
olaraq vəkilliyə qəbul məsələsinə baxılıb. Belə ki, ixtisas imtahanlarının
yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa
vuran namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası prinsiplərinə
və peşə borcuna sadiq qalacağına dair and içərək Kollegiyanın sıralarına qəbul
olunub. Ona vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Həmçinin iclasda Bakı şəhərində
fərdi qaydada fəaliyyət göstərən vəkilin yeni kabinetdə fəaliyyətə başlaması, bəzi
vəkillərin digər vəkil qurumlarına keçməsi, o cümlədən təhsillə əlaqədar üzvlük
haqlarından azad olunma ilə bağlı müraciətlər müzakirə edilərək müvafiq qərarlar
qəbul edilib.
Bundan əlavə, “Qanunçuluq”
Vəkil Bürosunda aparılan monitorinqin nəticələri elan olunub. Bildirilib ki,
yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan
qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda gələcəkdə
monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi qərara alınıb.
Eyni zamanda iclasda
“Qalib Azərbaycan” IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin nəticələri də
müzakirə olunub. Qeyd edilib ki, Vəkil Klubu tərəfindən Vətən müharibəsinin
beşinci ildönümünə həsr olunmuş müsabiqəyə təqdim olunan əsərlər arasında üç nəfər
qalib seçilib. Birinci yerə Abşeron rayon Vəkil Bürosunun vəkili Abil Bayramov,
ikinci yerə fərdi vəkil Elşən Məcidli, üçüncü yerə isə Abşeron rayon Vəkil
Bürosunun vəkili Nəsib Əliyevin oğlu Sevindik Əliyev layiq görülüb. Rəyasət Heyəti
tərəfindən qaliblərin mükafatlandırılması qərara alınıb.
Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkiblərinə üzvlərin təyin olunmasına dair məktub müzakirə olunub. Rəyasət heyətinin qərarına əsasən, Kollegiya tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına VK Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasına isə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev təyin edilib.
Sonda Kollegiyanın fəaliyyətinə dair digər cari və əhəmiyyətli məsələlərə də baxılıb, müvafiq tapşırıqlar və qərarlar qəbul edilib.

