2025-ci il noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib.
VK-nın inzibati binasında
baş tutan görüş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunub.
Anar Bağırov vəkilləri
qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12
Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.
Sədr rəşadətli Azərbaycan
Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın Ermənistanın 30 illik
işğalından azad edildiyini, dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin,
ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğunu və bu Zəfərin hər bir
Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb.
Həmçinin Anar Bağırov qeyd
edib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri
nəticəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar olunub.
Hazırda işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri
aparılır, yeni yaşayış məntəqələri inşa edilir və keçmiş məcburi köçkünlər öz
doğma yurdlarına qayıdırlar.
Görüşdə iştirak edən vəkillər
döyüş yollarından danışaraq dövlətin, habelə VK Rəyasət Heyətinin onlara göstərdiyi
diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, azad edilmiş ərazilərdə
Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini söyləyiblər.
Eyni zamanda onlar doğma torpaqların bərpası və insanların yurdlarına dönüşünün
hər bir vətənpərvər üçün böyük sevinc mənbəyi olduğunu bildiriblər.
Sonda Vətən müharibəsində
iştirak etmiş vəkillərə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsində VK-nın 10 üzvü - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Kərimov Fərhad Azad oğlu, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Elvin Zamin oğlu, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cabbarov Mirhəsən Miri oğlu, “Arbitrium” Vəkil Bürosunun vəkili Pənahov Pənah Səməd oğlu, “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili Cabbarlı Polad Arif oğlu, “Union” Vəkil Bürosunun vəkili Əzimov Rauf Nəriman oğlu, Şirvan Regional Vəkil Bürosunun vəkili Babayev Bəxtiyar Rəhim oğlu, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məcidov Elman Sanqam oğlu, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Məcidli Elşən Seyidəli oğlu və Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Səmədzadə Xəyal Natiq oğlu iştirak edərək medallarla təltif ediliblər.










