Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının sədr müavini Zəfər Gününün beşinci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edib

08 noyabr 2025    571 share share

6 noyabr 2025-ci il tarixində Zəfər Gününün beşinci ildönümü münasibətilə “Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” mövzusuna həsr olunan tədbir keçirilib.

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvləri, qazilər, Fondun donor və tərəfdaşları, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə həsr olunmuş “Faciədən Zəfərə” adlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, hər il böyük qürur və iftixar hissi ilə qeyd etdiyimiz bu tarixi gün xalqımızın milli birliyinin, əzminin və qətiyyətinin rəmzidir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi bu Qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də milli ruhun, ədalətin və suverenliyin təntənəsidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov çıxış edərək Qarabağın azad edilməsinin son 200 ildə türk dünyasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri olduğunu bildirib.

Mərasimdə çıxış edən Kollegiyanın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov iştirakçıları salamlayaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə hər kəsi təbrik edib.

Sədr müavini nəzərə çatdırıb ki, Zəfər Günü Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir və hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu Qələbə Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Bir hüquqşünas və Azərbaycan vəkili olaraq qürurla deyə bilərəm ki, şanlı Azərbaycan Ordusu Konstitusiyamızda təsbit olunmuş prinsipləri - ölkəmizin ərazi bütövlüyünü, vahidliyini və toxunulmazlığını təmin etdi.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlı, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, müharibə iştirakçısı Alik Yusifov və digər natiqlər Zəfər Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti xüsusi vurğulamaqla yanaşı, əldə olunan Zəfərin Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd ediblər.

Qeyd edək ki, bu əlamətdar tarix ərəfəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində ianə edib.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, göstərilən bu dəyərli dəstəyə görə universitetin rektoru Ədalət Muradova “İanə Sertifikatı” təqdim edib və onun rəhbərliyi altında kollektivin Qarabağın yenidən qurulması prosesinə verdiyi töhfəni yüksək dəyərləndirib.

Onu da bildirək ki, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi  ilə də tanış olublar. 

Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında təşkil olunan sərginin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, günü-gündən dirçələn və inkişaf edən doğma Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.

Onu da bildirək ki, britaniyalı yazıçı Qrem Vilsonun müəllifi olduğu “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının tezliklə təqdimatı keçiriləcək.