Vəkil Klubu tərəfindən Vətən müharibəsinin beşinci ildönümünə həsr olunmuş “Qalib Azərbaycan!” - IV Vəkil bədii yaradıcılıq müsabiqəsində birinci yerə layiq görülmüş Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Abil Bayramovun “İçimdəki fırtına” adlı hekayəsini təqdim edirik:
Bu,
şanlı zəfər savaşı qəhrəmanlarından
birinin
qızı Səmanın hekayəsidir. Kədərin
qürur
və sevincin işığında ovunduğu bu
hekayə
şəhid və qazilərimizin minlərlə
qəhrəmanlıq
hekayəsindən yalnız biridir.
İki min
iyirminci ilin sentyabr ayı idi. Payızın qızılı rəngləri günəşin şəfəqlərinə
bürünüb yaşadığımız kənd evinin pəncərəsindən açılan tabloda daha ecazkar mənzərə
yaradır, küləyin yüngül toxunuşu qurumuş yarpaqları ətrafa səpələyir, bacadan
çıxan tüstü evin isti nəfəsini uzaqlara aparırdı.
Nənəm üzərinə
buta naxışlı örtük sərilmiş taxtın üstündə əyləşib əlindəki mili çevikliklə hərəkət
etdirir, iplikdən corab toxuyurdu. Nənəmin arıq barmaqları arasında rəqs edən
milin ritmik səsi otağa dolub payızın səssizliyinə öz ahəngini qatırdı.
Mən kənarda,
masanın baş tərəfindəki taxta oturacaqda oturub gözlərimi qarşımda açıq qalmış
kitabın səhifələrinə zilləmişdim. Məni maraq və heyrət bürümüşdü - kitabın hər
cümləsi məni bu kiçik kənd evindən çox-çox uzaqlara, qəhrəmanlıq nağılının
sehrli dünyasına aparırdı. Orada atamı görürdüm, Vətənimizin keşiyində duran
şanlı ordumuzun qəhrəman zabitini.
Vaxt
keçdikcə sobanın zəif alovu otağı daha da isidir, evimizdə nənəmin əllərinin
istiliyində toxunan corabın, mənim gözlərimdə alovlanan arzuların və payızın
könül oxşayan rənglərinin harmoniyası hökm sürürdü.
-
Nənə, nənə can, mənə
bayraq toxumağı öyrədərsən? – sükutu mən pozdum.
Nənəm sual
dolu baxışlarını mənə zillədi.
-
Azərbaycan
bayrağını, - tez dilləndim, - Atam gələndə verəcəm ki, onu qorusun.
Nənəmin
parlayan gözlərinin dolduğunu hiss etdim.
-
Sənin gözəl ürəyinə
nənən qurban! Mənim ağıllı balam, niyə öyrətmirəm ki, öyrədərəm.
Nənəmin təklifimə
bu qədər ürəkdən sevinməsi məni də duyğulandırdı. Bunu hiss edən nənəm mili və
ipliyi kənara qoyub ayağa qalxdı, mənə yaxınlaşıb saçlarıma sığal çəkdi.
-
Gözümün işığı, sən
onsuz da toxumağı az-çox bilirsən. Bayraq toxumağı lap tez öyrənərsən.
Inşallah, atan gələnədək toxuyub bitirərik. Bitirərik deyəndə ki, sən
toxuyacasan, nənə də yanında olacaq. Amma deyim ki, hədiyyənə atan çox sevinəcək
ha, mənim gülüm.
-
Nənə can, atam nə
vaxt gələcək?
-
Bir həftədən
sonra, mənim balam. Deyəsən çox darıxmısan haa atandan? Nə qalıb ki, bir də görəcəksən
ki, günlər ötdü, budur, atan qapıdan içəri girir, sən də qaça-qaça qucağına
atlanırsan, - deyib nənəm saçlarıma sığal çəkdi.
Nənəmin
saçlarımda dolaşan əllərinin incə hərarəti ruhumun dərinliyinə yayılan bir məlhəm
kimi idi. Sarıldım ona. Nənəmi qucaqlayarkən mənə elə gəldi ki, o, nağılların
unudulmaz xilaskar mələklərindən biridir və yanımda olması bütün arzularımın
gerçəkləşməsinə yeganə vəsilədir.
-
Çox sağ ol, nənə
can, - gözlərim doldu və başqa heç nə deyə bilmədim.
-
Gəl, gəl, otur
yanımda, bayrağın necə toxunduğunu öyrənək.
Üzərinə
buta naxışlı örtük sərilmiş taxtın üstündə yanaşı əyləşdik. Nənəm bayrağın,
xüsusilə onun üzərindəki ay və ulduzun toxunma qaydasını elə gözəl izah edirdi
ki, dinlədikcə bayraq gözümün önündə canlanırdı.
-
Nənə can, nə
gözəl izah elədin, lap keçən dəfə şarf toxumağı öyrətdiyin kimi.
-
Hə, gözəl
balam, indi başla toxumağa.
v
Cəmi üç günə toxumanı tamamladım. Bayraq o qədər gözəl alınmışdı
ki... Nənəm zərif bir xəzinəyə toxunurmuş kimi bayrağı əlinə alıb əvvəlcə öpdü,
sonra onu heyranlıqla nəzərdən keçirib dedi:
-
Mənim balam,
bu bayraq atan üçün bir dua kimidir. Həm onu qoruyacaq, həm də ona güc verəcək.
-
Çox sağol, nənə. Nənə can, səndən yenə bir şey istəyə
bilərəm?
-
De görüm, nə istəyirsən, mənim ağıllı balam.
Neçə gündür
beynimi məşğul edən istəyimi dilə gətirdim:
-
Nənə can, mənə corab toxumağı da öyrədərsən?
-
Bəs dərslərin, gözəl balam? Bilirsən ki, dərslərindən
geri qalsan, anan buna çox hirslənər. Axı anan məktəbdə müəllimdir, sonra ona
deyərlər ki, başqa uşaqlardan yaxşı oxumağı tələb edir, amma öz qızı dərslərindən
geri qalır.
-
Yox, nənə, söz verirəm ki, dərslərimi oxuyandan sonra
toxuyacam. Qoy atama corab da toxuyum ki, ayaqlarını qorusun, onları üşüməyə
qoymasın, - tez dilləndim.
-
Yaxşı, nənən qurban, dərslərini həmişəki kimi yaxşı
oxuyacağına söz verirsənsə, öyrədərəm.
-
Çox sağol, mənim gözəl nənəm, - deyib nənəmin boynuna
sarıldım.
Nənəm mili və qalın saplı ipliyi götürüb
həmişəki kimi üzərinə buta naxışlı örtük sərilmiş taxtın üstündə oturdu və əlinin
işarəsi ilə məni yanına çağırdı. Mən qaça-qaça taxtın üstünə atlanıb nənəmə
qısıldım. Nənəm saçıma sığal çəkərək corabın necə toxunduğunu səbirlə izah elədi.
Mili elə sürətlə çevirirdim ki, nənəm mənə
heyrətlə baxırdı.
-
Səma,
sən əməlli-başlı toxuyursan ki! Kənardan baxan heç deməz ki, bu balaca gözəlin
cəmi on yaşı var. Bax, bir işi sevgi ilə görmək buna deyərlər.
Elə bu vaxt qapı açıldı. Gələn anam idi.
-
Yorulmayasınız!
Yenə nənə-bala baş-başa verib nə toxuyursunuz?
-
Ana,
mən atama corab toxuyuram. Nənəm elə gözəl öyrədir ki...
-
Bəs
dərslərini, qızım, oxumusan?
-
Səma
mənə söz verib ki, dərslərini əvvəlkitək yaxşı oxuyacaq, - nənəm mənə inam ifadə
edən əminliklə dedi.
-
Mən
də Səmaya inanıram. O bilir ki, atasına ən böyük hədiyyəsi dərslərindən aldığı
qiymətlərdi. Əlbəttə, atası üçün corab toxuması da gözəl fikirdir, - deyib anam
mətbəxə keçdi.
Mən corabın bir tayını toxuyub bitirənə
qədər nənəm yanımda qaldı. O, toxuduğum corabı əlinə alıb diqqətlə nəzərdən
keçirdi, elə bil hər ilmədə səliqəmi, zəhmətimi ölçürdü. Gülümsəyərək dedi ki,
artıq ikinci tayı sərbəst toxuya bilərəm. Elə bu an azan səsi eşidildi. Nənəm
asta hərəkətlə ayağa qalxdı, azan onu sehrli bir çağırışla yanına çəkirdi.
Namaz vaxtı idi. O, ipliyi və ilməni mənə verib mehribanlıqla başımı sığalladı,
sonra sakit addımlarla otaqdan çıxdı.
Corabın ikinci tayının ilk ilmələrini
vururdum ki, birdən nənəmə verdiyim söz yadıma düşdü. Əllərimi ipdən çəkib
toxumanı kənara qoydum, sabahkı dərsə daha yaxşı hazırlaşmaq üçün masa arxasına
keçdim. Bu dəfə dərs oxumaq mənə daha maraqlı gəlirdi.
Hazırlığı yekunlaşdırıb yenidən toxumaya
qayıdım. Yorğunluq göz qapaqlarıma ağırlıq çökdürsə də, corabın ikinci tayını
da toxuyub bitirdim. Kitablarımı çantaya yığıb, qonşuluqda yaşayan sinif
yoldaşım Türkangilə getmək üçün anamdan icazə aldım.
v
Türkan mənim üçün təkcə sinif yoldaşı
deyildi. Bizim birləşdirən daha möhkəm bağ vardı - hər ikimizin atası hərbçi
idi. Biz atalarımızı yalnız sevmirdik, həm də onları qəhrəman sayırdıq. Bəzən gələcək
haqqında xəyallara dalanda, qız olmağımıza baxmayaraq, özümüzü atalarımızın
yolunu davam etdirən qəhrəmanlar kimi təsəvvür edirdik. Biz də onlar kimi Vətənin
keşiyində dayanacağımızı düşünürdük. Bu fikir bizi qürurlandırır, qəlbimizdə
şölənən, gələcəyin sirli pərdəsini aralayaraq arzularımıza işıq saçan alovun hərarətini
daha da artırırdı.
Hər dəfə Türkanla bir araya gələndə
vaxtın necə keçdiyini hiss etmirdik, zaman qanad açıb uçurdu. Bu dəfə də elə
oldu. Biz çox şeydən danışdıq - dərsdən, dostlarımızdan, arzularımızdan,
atalarımızdan və daha nələrdən. Mən atam üçün bayraq və corab toxuduğumu söylədim.
Türkan isə toxumağı bacarmadığını deyib təəssüflə içini çəkdi. Ona toxumağı öyrədəcəyimə
söz verdim. Türkan çox sevindi, o da öyrənən kimi atası üçün bayraq, corab, hətta
əlcək də toxuyacağını dedi. Bu fikir məni də özünə çəkdi - əlcək, doğrudan da
gözəl ideya idi! Fikirləşdim ki, əlcək də toxusam necə gözəl olar… İçimdən
Türkana minnətdarlıq hissi keçdi, bunu sözlə də ifadə etdim: “Çox sağ ol, yaxşı
fikirdir, əlcəyi tamam unutmuşdum.”
Artıq hava qaralmağa başlamışdı, axşam
düşürdü. Türkanla xoş duyğular içində vidalaşıb evə yollandım, içimdə yeni bir
ilham və həyəcanla…
Evə gəldiyimdə anam, hər gün olduğu
kimi, dərslərimi soruşdu. Təbəssümündən anladım ki, hazırlığımdan razı qalıb. Mətbəxdə
axşam yeməyi üçün sakitcə süfrə hazırlayan nənəmin mənə baxıb pıçıltı ilə “afərin”
dediyini eşitdim. Nənəmə verdiyim sözü tutduğum üçün özümü xoşbəxt hiss
edirdim.
Süfrə səliqə ilə açılmış, təzə bişmiş
şorbanın ətri havaya qarışaraq evin hər küncünə yayılmışdı. Nənəm təzə isidilmiş xırt-xırt
çörəyi qırış dolu zərif əlləri ilə qırıb mənim boşqabıma qoydu. Onun
gözlərindən axan sevgi dolu qayğıkeş baxışları sezməmək mümkün deyildi.
Anamınsa baxışları ara-sıra pəncərənin o üzünə dikilirdi - sanki uzaqlara
boylanır, sonra isə təbəssümlə yenidən süfrəyə dönürdü.
Mən balaca əllərimlə qaşığımı şorbanın içində
gəzdirir, nənəmin söylədiyi xatirələrə maraqla qulaq asırdım.
Kənd axşamının sakitliyi süfrəyə bir başqa ovqat
qatırdı.
Və beləcə, o isti evdə, sobanın pıçıltıları arasında
sevgi dolu bir ailə hekayəsi davam edirdi…
Şam yeməyindən sonra sabahkı dərslərimi bir daha
gözdən keçirib yatmağa hazırlaşırdım. Anam şagirdlərinin yazı işlərini
yoxlamağa başlamışdı. Nənəm həyət qapısını bağlamağa getdi. Birdən nənəmin
sevinc dolu, titrək səsini eşitdik: "Boyuna
qurban olum!" Anamla mən qeyri-ixtiyari qapıya doğru qaçdıq. Gələn
atam idi. Mənim qəhrəmanım, ən çox darıxdığım insan! Evimizin taxta
pilləkənlərinin kandarında dayanıb gülümsəyən atamın qucağına atlandım. Onun isti qucağı,
tanış qoxusu, mehriban səsi mənə dünyadakı heç bir nemətlə müqayisə olunmayacaq
xoşbəxtlik bəxş edirdi. Bu
gözlənilməz gəliş hamımızı hədsiz sevindirdi, evimiz nura boyandı.
-
Bəhruz, belə tezliklə gələcəyini gözləmirdik. Nəsə
olub? – anam narahatlıq ifadə edən tonla soruşdu.
-
Yaxşı ki, gəlib. Mən çox darıxmışdım, - nənəm atamın
başını sığallaya-sığallaya dedi.
-
Mən də darıxmışdım, ata, - tez dilləndim.
-
Bəhruzun gəlişi mənə də xoşdu, Gülüstan xala. Əlbəttə,
biz hamımız darıxmışdıq, sadəcə belə bivaxt gəlişi narahat elədi məni.
-
Sizi başa düşürəm, Şəhla, - atam anama üzünü tutaraq
dedi, - Əslində, bu gün gəlməli deyildim, amma bilirsiniz ki, mən hərbçiyəm, bəzən
bu cür gözlənilməzliklər olur. İnşallah, imkan olan kimi daha uzun müddətə gələrəm.
-
Təki xeyirliyə olsun, - anam fikirli-fikirli dilləndi.
-
Amin! – nənəm əllərini qaldırıb dua etdi.
-
Amin! – mən də nənəmi təkrarlamağa çalışaraq əllərimi
açıb göyə baxdım.
-
Mənim çiçək balamın dərsləri necədir? – atam soruşdu.
-
Yaxşıdır, ata. Ata, gör sənə nə toxumuşam, - deyib
atamın qucağından düşdüm.
-
Baxım görüm, mənim balaca mələyim mənə nə toxuyub? –
atam sözlərini bitirmişdi ki, hədiyyələrimi gətirdim.
-
Ata, bu Azərbaycan bayrağıdı, onu yaxana tikərsən, o səni
qoruyacaq. Sənə corab da toxumuşam.
-
Mənim ağıllı qızım, bunlar mənim üçün ən dəyərli hədiyyələrdi,
- atam məni bağrına basıb doyunca öpdü, - Çox gözəl toxumusan, amma mən bir
azdan qayıtmalıyam. Bu isə yerinə düşdü, - coraba işarə edərək dedi, - onu mütləq
geyinəcəm. İndi Fuadgilə baş çəkib qayıtmalıyam. O, gələ bilmədi. İnşallah, gələn
dəfə onunla birlikdə gələrik.
Fuad əmi
Türkanın atası idi. Bir anlıq Türkan üçün də məyus oldum. Kaş Fuad əmi də gələrdi,
atam məni qucaqladığı kimi Türkanı qucaqlayardı, axı o da atasını çox sevirdi.
-
Bəs gecəni qalmırsan? – nənəmin gözləri dolmuşdu.
-
Yox, ana, getməliyəm. Söz verirəm ki, mütləq daha uzun
müddətə gələcəm.
Anamsa artıq heç
nə demir, göz yaşını gizlətməyə çalışırdı. Atam çörək yemədi, bir fincan çay
içib ayağa qalxdı. Nənəm atamın boynuna sarılıb ona dua etdi. Anamla atam
qucaqlaşıb susdular, amma mənə elə gəlirdi ki, danışırdılar, sadəcə, biz
eşitmirdik. Sonra atam məni bağrına basıb öpüşlərə qərq elədi, mən də atama bərk-bərk
sarıldım, amma ağlamadım. Atamınsa gözlərinin dolduğunu gördüm...
v
Atamın gedişindən
iki gün sonra müharibə başladı. Onun qəfil gəlişinin səbəbi indi aydın olurdu,
amma bilmirdik ki, bu, qırx dörd günlük şanlı zəfər yürüşünün başlanğıcı
olacaq.
O günlərdə nələr
yaşamadıq... Hər gün ordumuzun yeni bir qələbə xəbərinə sevinir, eyni zamanda,
şəhid xəbərlərinin qəlbimizdə açdığı dərin yaralarla sarsılırdıq. Türkanla hər
zəfərdə atalarımızın da payı olduğunu düşünüb qürur duyur, lakin hər şəhid xəbərində
göz yaşlarımızı saxlaya bilmirdik. Sözlər artıq mənasız idi - biz sadəcə susur,
amma eyni şeyləri düşünürdük: atalarımızı, qələbədən sonra evə döndüklərində
onlarla görüş səhnəmizi, şəhid olmuş qəhrəmanların övladlarını...
Zəfər savaşının iyirminci günü idi artıq. Gecə boyu
narahat yatmışdım. Yuxularım qırıq-qırıq, düşüncələrim qarışıq idi. Sübh tezdən
çarpayımın yanında salınmış canamazın üstündə pıçıltı ilə dua edən nənəmi
eşidirdim. O, Tanrıya yalvarırdı. Səsi titrək idi, duaları ürəkdən gəlirdi. "Allahım, torpaqlarımızı tezliklə azad
et, müharibəni dayandır, oğlumu və bütün əsgərlərimizi sağ-salamat evlərinə
qaytar. Bir daha bu torpaqlara müharibə gəlməsin, heç bir ana balasının yolunu
gözləməsin…"
Nənəmin hər sözü qəlbimə işləyirdi. O an dünyada ən
çox istədiyim şey onun dualarının qəbul olunması idi. Amma az sonra elə
bir xəbər aldıq ki, o duaların hələ Tanrıya çatmadığını düşündüm. Əgər
çatsaydı, bəlkə də bu acı xəbəri eşitməyəcəkdik...
Nənəm
namazını bitirib sakitcə otaqdan çıxdı. Mən yerimdə oturub bir müddət hərəkətsiz
qaldım - ev sakit idi. Sonra yavaşca paltarımı geyinib dəhlizə keçdim. Anam donumu
ütüləyirdi, nənəm isə görünür, həyətə düşmüşdü.
-
Sabahın xeyir,
ana.
-
Sabahın xeyir,
qızım. Belə tez niyə durdun? - anam məni süzdü.
-
Ana, yata bilmirəm.
Dərsdən gəlib yataram.
-
O zaman əl-üzünü
yu, dərslərinlə məşğul ol.
-
Yaxşı, ana can, -
deyib yuyunmağa getdim.
Əl-üzümü
yenicə yumuşdum ki, birdən qışqırıq və ağlaşma səsi eşidildi. Bədənimə bir
üşütmə yayıldı. Səs Türkangil tərəfdən gəlirdi...
Qorxuyla
anamın yanına tələsdim. Rəngi qaçmışdı. Mənə evdə qalmağı tapşırıb tələsik çölə
çıxdı. Nə baş verdiyini anlamırdım, amma içimdə bir narahatlıq vardı. Gözlərim
qapıya dikilmişdi, oradan gələcək cavabdan qorxurdum.
Bir az
sonra nənəm geri döndü. Üzü solğunlaşmış, gözləri qızarmışdı. İçəri girən kimi
məni bağrına basdı. Onun titrəyən nəfəsi boynumda hiss olunurdu. Dərindən, bəlkə
də həyatının ən ağır kədəriylə pıçıldadı:
-
Fuad əmin şəhid olub. Şəhidlərin məkanı
cənnətdir, mənim balam.. Allah
bütün şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun.
-
Amin, - dedim və göz yaşlarımı
saxlaya bilmədim…
v
Fuad əmi şəhid
olandan sonra Türkanla görüşməmişdik. Hələ dərsə gəlmirdi, mənsə onlara getməyə
cəsarət eləmirdim, nədən ehtiyatlandığımı heç özüm də bilmirdim. Yalnız bir həftə
sonra Türkanı gördüm. Dərsə gəlmişdi, amma o, əvvəlki Türkan deyildi. Baxışları
dərin bir kədərin içində itib-batmış, gözlərindəki parıltı sönmüşdü. Bütün günü
susdu, heç kimlə danışmadı. Əslində, heç kəs onu sözə tutmağa cəsarət eləmirdi
- hamı kədərinə şərik çıxmaq, amma eyni zamanda, onu incitməmək istəyirdi.
Dərsdən
sonra birlikdə evə yollandıq. Yol boyu ikimiz də sakit idik, danışacaq söz tapa
bilmirdik. Ayrılarkən Türkan sükutu pozdu:
-
Kaş, mən də atama
bayraq toxuyaydım, - dedi və evlərinə tərəf döndü.
“Mən söz
vermişəm, səni öyrədərəm” demək istədim. Amma artıq gec olduğunu anlayıb susdum.
Bir anlıq düşündüm: “Türkan haqlıdır. Mənim atamı bayraq qoruyur. Onun da
atasının bayrağı olsaydı, onu qoruyardı. Kaş ki, Türkana vaxtında öyrədə biləydim,
ya da mən özüm bir az tez öyrənib Fuad əmi üçün də bayraq toxuyaydım. Kaş ki, hər
şey fərqli olardı…”
v
Oktyabr
ayının sonuna yaxınlaşırdıq. Artıq hər gün yeni bir qələbə xəbərinə sevinməyə
alışmışdıq. İlahi ədalət bərpa olunurdu, Tanrı nənəmin dualarını eşitmişdi.
İçimdə qəlbimi titrədən bir həyəcan vardı - atamın qalib kimi qayıdacağı günü
gözümün önündə canlandırırdım: o, yaxasına Azərbaycan
bayrağı tikilmiş hərbi formasında evimizə dönür… Mən ona tərəf, o isə mənə tərəf
qaçır… Qucağına atılıram, polad biləkli əlləri məni başı üzərinə qaldırır,
sonra bağrına basıb öpüşlərə qərq edir…
Atam zəfər
savaşı başlayandan bəri ilk dəfə idi ki, anama zəng edirdi. Bu tarixi heç vaxt
unutmaram - oktyabrın iyirmi doqquzu. O gün atamın səsi könlümə işıq kimi doldu. Hər
birimizlə ayrıca danışdı, səsi gümrah, ruhu möhkəm idi. “Düşməni diz çökdürmüşük, tezliklə qələbə bizim olacaq” dedi. Sözlərindən
qələbənin nəfəsini hiss edirdim. Amma Fuad əmi barədə heç nə demədi… O boşluğu
isə hamımız hiss edirdik…
v
Nəhayət, həsrətlə
gözlədiyimiz gün gəlib çatdı. Doğma Şuşamız azad olundu, düşmən təslimçilik
aktını imzaladı. Bütün ölkə qələbəni bayram edir, hər kəs şəhidlərin ruhu,
qazilərin mətanəti qarşısında baş əyir, düşməni qalan torpaqlarımızdan da qovub
çıxarmaq üçün səbrsizlənirdi. Biz artıq qalib xalq idik! Bu zəfərin hər anı
içimi qürur və fəxarətlə doldururdu. Bilirdim ki, bu qələbədə atamın da payı var. O, Vətən üçün döyüşmüş, qələbəyə gedən yolda inamla
addımlamışdı.
Qələbədən
sonra atamla hər gün danışırdıq, amma görüntüsüz. Atam görüntülü danışmağa icazə
verilmədiyini, zabit olduğundan hələ bir qədər də ləngiyəcəyini, lakin tezliklə
gələcəyini deyirdi. Mənsə səbirsizliklə atamın yolunu gözləyirdim. Günlərsə ərimək
bilmirdi…
v
Dekabr
ayının iyirmi beşi idi. Həyət saralmış yarpaqlarla örtülmüşdü, hərdən
külək yerdə xışıltı ilə sürüşən yarpağı oyuncağına çevirib havada fırladır,
sonra yenə torpağa qovuşdururdu. Çılpaq ağacların budaqları nənəmin dua üçün göyə uzanmış əlləri kimi görünürdü.
Hava soyuq
olsa da nənəm həyətin bir küncündə quraşdırılmış təndirə
çörək yapırdı. Onun yanındakı köhnə samovar tüstülənir, buxarı burula-burula
havaya qarışıb yuxarı qalxırdı.
Mən əynimi qalın geyinib həyətdəki tut ağacından asılmış yellənçəkdə oturmuşdum. Havanın
sərinliyi içimdəki həsrəti unutdura bilmirdi. Yelləncək yavaş-yavaş irəli-geri
hərəkət etdikcə, xəyallarım da
dalğalanırdı – amma nə qədər çalışsam da, başqa heç nə haqqında düşünə
bilmirdim. Bütün fikrim atamda idi.
O, qələbə əzəməti ilə evə
qayıdır… Mən ona tərəf qaçıram… Onun güclü qolları məni göyə qaldırır...
Gülüşlərimiz havaya yayılır… Sonra məni bağrına basır...
Bu düşüncələrlə özümü ovudurdum. Həsrətim yelləncək kimi gah yüksəlir, gah da
qəlbimin dərinliklərinə çökürdü.
Soyuq yavaş-yavaş təsirini göstərir, əllərimi
üşüdürdü. Bir az da qalsaydım soyuqlaya bilərdim. Evə qalxmaq məcburiyyətində qaldım. Amma içimdə atamla bağlı xəyallarım hələ də isti idi…
Sobanın yanında əyləşdim. Taxtın üstünə sərilmiş
örtükdəki butanı xatırladan alovun narıncı işıqları divara düşüb oynayır,
içəriyə xoş istilik yayılırdı. Əllərimi irəli uzadıb isinməyə çalışdım. Atamın əlləri gəldi gözümün önünə. Görəsən,
onun da əlləri soyuqdan üşüyürmü? Bəlkə indi haradasa, elə mənim kimi əllərini
ocağa tərəf uzadıb qızdırmağa çalışır? Eh, hər şey necə də gözlənilməz oldu...
Birdən, artıq toxuyub başa çatdırdığım əlcəyi götürmək, onu əzizləmək istəyi
keçdi içimdən. Yavaşca qalxıb dolaba yaxınlaşdım. Əlcəyi götürüb yenidən sobanın yanına qayıtdım.
Onu sinəmə
sıxdım. Yumşaq toxunuşu içimi isidirdi, atamın nəfəsini hiss edirdim. Bütün bədənimi xoş bir istilik bürüdü. Atamın
əllərinə çox yaraşacaq...
Xoş duyğularla sobanın istiliyində isinərkən həyət
qapısının açıldığını eşitdim. İçimi naməlum bir həyəcan sardı. Ardınca nənəmin
titrək, amma sevinc dolu səsi yüksəldi:
“Bəhruz, oğlum!”
Bədənim titrədi, nəfəsim kəsildi. Atam?!
Bir anlıq donub qaldım. Sonra sevinclə həyətə doğru
qaçarkən içimi xöş bir həyəcan sardı. O gəlmişdi! Mənim qəhrəmanım! Atam
qayıtmışdı!
Amma...
Sevincdən qanadlanıb evimizin taxta pilləkənlərindən
yüyürə-yüyürə endiyim an qarşıma
çıxan mənzərəni təsvir etmək nə qədər çətindir...
Atam qarşımda dayanmışdı. O, yaxasına tikdiyi Azərbaycan
bayrağının ətrafını bəzəyən medallarla dolu hərbi formasında qürurla, dik
durmuşdu. Əyilib məni bağrına basdı, öpüşlərə qərq elədi, amma başı üzərinə
qaldıra bilmədi...
Əlimdə sıxdığım əlcək yerə düşdü. O an atamla görüş
üçün qurduğum bütün xəyallar paramparça olub ətrafa səpələndi. İçimdə qopan
“kaş”larla dolu fırtınanın səsi hələ də qulaqlarımdadır...
Qarşımda qürurla dayanmış atamınsa gözlərində sonsuz
inam, çöhrəsində qələbə rəngli təbəssüm vardı. Əlləri biləkdən aşağı yox idi,
amma canından əziz bildiyi Azərbaycan bayrağını yenə də böyük sevgi ilə ürəyinə
sıxmışdı...