Vəkil Klubu tərəfindən Vətən müharibəsinin beşinci ildönümünə həsr olunmuş “Qalib Azərbaycan!” - IV Vəkil bədii yaradıcılıq müsabiqəsində ikinci yerə layiq görülmüş Vəkillər Kollegiyasının üzvü, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Məcidlinin “Zirvədəki bayraq” adlı hekayəsini təqdim edirik:
Bu
hekayə olmuş hadisələr əsasında qələmə alınmışdır. Lakin hekayənin bəzi yerlərində
müəllif öz təxəyyülündən də istifadə etmişdir. Məhz buna görə, yəni baş vermiş
hadisələrə az da olsa əlavələr edildiyindən hekayədə qəhrəmanların adları göstərilməmiş,
göstərilən yeganə ad isə dəyişdirilmişdir. Yəqin bu ona görədir ki müəllif həvəskar
yazıçı olsa da peşəkar hüquqşünasdır və heç kimin ona “flan şey olmayıb” deyə
irad tutmasını istəmir.
-Komandir!
Oyanın! Deyəsən pis yuxu görürsünüz.
Artilleriya
batareyasının idarəetmə tağımının komandiri Zəfər Qəhrəmanlı yuxudan oyandı,
belini dik qaldırıb ayaqlarını altına yığaraq çarpayının üzərində bardaşqurma
oturdu. Qan-tərin içində idi. Yuxunun təsirindən tam çıxa bilməsə də kabus
gördüyünü anladı. Bir az sağa-sola boş-boş baxdıqdan sonra yenidən yerinə
uzanıb onu oyadan manqa komandirindən soruşdu:
-Çavuş,
saat neçədir?
Çavuş
qolundakı elektron saata baxıb cavab verdi:
-11:11.
-Gecə,
yoxsa gündüz?
-Gecə.
-Yuxuda
gündüz 11:11 idi.
-Komandir,
deyəsən çox pis yuxu görürdünüz. “Ay Allah, bundansa məni öldür” deyə inildəyirdiniz.
-Görürdüm
ki, gülləm qurtarıb, ermənilərə əsir düşmək üzrəyəm. Ona görə zarımışam yəqin.
-Hə?
- çavuş gülümsədi.
Çavuşun
gülümsünərkən üzündə əmələ gələn ifadə Zəfər Qəhrəmanlının xoşuna gəlmədi:
-Qorxumdan
yox, əsir düşmək istəmədiyim üçün!
Çavuş
üzündəki ifadəni yığışdırdı:
-Bildim,
komandir.
Birdən
Zəfər Qəhrəmanlının ağlına gəldi ki, bu gün ayın da on biridir. On birinci ayın
on birinci günü. Yuxuda da, həyatda da saat 11:11 idi. Qəribədir, dörd dənə on
bir. İl də 2020. İki iyirmi də burada. Görəsən bunda nəsə bir hikmət var?
O,
bunları düşünə-düşünə yuxudan tamamən ayıldı. “Eh, bayaqdan fikirləşdiyim şeyə
bax. Sayların nə hikməti olacaq?”
Sonra
özü özünə istehza elədi:
-Alisa
möcüzələr diyarında... Vəkil müharibədə...
-Komandir,
nə əmr etdiniz? – çavuş soruşdu.
Zəfər
Qəhrəmanlı sonuncu sözləri deyəsən bir az bərkdən demişdi.
-Soruşuram
ki, siz niyə yatmırsınız? Dünənə kimi başınızı qoymağa daş axtarırdınız, indi
çarpayılar boş qalıb. Növbədə olanlar qalsın, qalanları yatsın.
-Qulağımız
top, avtomat səsinə öyrəşib, səs olmadan yata bilmirik. – çavuş yarı ciddi,
yarı zarafat dedi.
-Hə,
onu düz deyirsən. Adam top-tüfəng səsinə elə öyrəşir ki, səssizlik olanda
narahat yatır. Bizim bir xalq mahnımız var e, eşitmiş olarsan: “Qalada yatmış
idim, top atdılar oyanmadım.”
-Bəli,
komandir, eşitmişəm.
-Mən
müharibədən əvvəl o mahnını eşidəndə fikirləşirdim ki, mahnının sözlərini yazan
ya kar olub, ya da zarafat edib. Müharibədə başa düşdüm ki, bu xalq heç nəyi
boş-boşuna deməyib. Kombat haradadır? – Zəfər Qəhrəmanlı batareya komandirini
soruşdu.
-Çölə
çıxıb.
Zəfər
Qəhrəmanlı ətrafına baxmağa başladı. Bu sığınacaq onun tağımının əsgərləri tərəfindən
keçən ayın əvvəllərində - Suqovuşan alındıqdan bir neçə gün sonra düzəldilmişdi.
Düzəldilmişdi deyəndə ki, dağın biz tərəfə olan yamacındakı daşlı-kəsəkli
torpaq təxminən on kvadrat metr sahədə, adam boyu hündürlüyündə qazılmış,
tavana əvvəl taxta düzülmüş, taxtanın üzərinə isə polietilen örtük salınmışdır
ki yağış içəri yağmasın. Taxtalar əvvəllər az olduğundan onları aralı
qoymuşdular. Buna görə də polietilen örtüyün boşluqda qalan hissəsinə dolmuş
yağış suyu dəfələrlə şırıltı ilə sığınacaqda olanların üzərinə tökülmüşdü.
Müharibə başlayandan havalar onsuz da soyumağa doğru gedirdi, gecələr isə daha
soyuq olurdu. Soyuq suyun üşüyə-üşüyə yatan adamın üzərinə qəflətən tökülməsi həmin
adamda min ədəd iynənin eyni anda ətinə batırırlarmış kimi bir hissiyat
yaradırdı. Hələ bunun sonrakı dilxorçuluğu da var idi: dəyişəcək olmadığından
islanmış paltarının əynində qurumasını gözləmək məcburiyyətində qalırdın.
Yaxşı
ki, bir müddət sonra əsgərlər ətrafdan ağaclar gətirib, tavanı “restavrasiya”
elədilər: ağacları bir-birinə sıxıb, üzərinə təzə polietilen örtük çəkdilər.
Örtüyün üzərinə isə top qəlpələrindən qorunmaq üçün xeyli torpaq tökdülər. Hətta,
noyabrın ilk günlərində torpağın üzərinə qəlpələri udmaq üçün avtomobil təkərləri
yığıb, onları da torpaqla basdırdılar.
Sığınacaqda
hal-hazırda iki ədəd iki mərtəbəli çarpayı var idi. Zəfər Qəhrəmanlının özü,
tağımının hal-hazırda yanında qalan 6 nəfər əsgəri və batareya komandiri həmin
çarpayılarda növbə ilə yatırdılar. Amma, həmin çarpayılar sığınacağa müharibə
qurtarandan sonra - dünən gətirilmişdi. Onlar bu əraziyə yerləşdikləri ilk günlər
yatmağa imkanları olanda açıq səma altında torpağın üstündə yatmışdılar.
Yorğan, döşək, balınc sığınacaq hazır olandan günlər sonra hissə-hissə gətirilmişdi.
Sığınacağın
ortasındakı odun sobası isə bu gün səhər gətirilmiş, günorta quraşdırılmışdı.
Soba quraşdırıldıqdan sonra batareya komandiri Zəfər Qəhrəmanlıya demişdi:
-Ay
ağsaqqal, 44 gündür ki, düz-əməlli yatmırsan. Sənin yerində olsam sobanın
yanındakı çarpayıda qıvrılıb yataram.
“Batareya”
komandiri elə ilk gündən Zəfər Qəhrəmanlıya “ağsaqqal” deyirdi. Təzə tanış
olduqları ilk günlərdə Zəfər Qəhrəmanlı onun bu sözünü “qoca” mənasında başa
düşürdü, elə batareya komandiri də əvvəllər həmin sözü əsasən onun başa düşdüyü
mənada işlədirdi. Lakin sonradan münasibətləri yarandıqca söz “hörmətli” mənasını
almağa başladı. Amma, batareya komandiri bu müraciətlə Zəfər Qəhrəmanlını hirsləndirdiyini
bildiyindən hərdən ona sataşmaq üçün həmin sözü elə “qoca” mənasında işlədirdi.
Sözün deyiliş intonasiyasından və batareya komandirinin üzündəki ifadədən Zəfər
Qəhrəmanlı bu dəfə də sözün “qoca” mənasında işlədildiyini başa düşdü. Odur ki,
əvvəl batareya komandirinin təklifinə etiraz eləmək istədi. Lakin 44 gündən
sonra sobanın yanında güllə və mərmi səsi olmadan lap evdəki kimi mışıl-mışıl
yatmaq imkanı ona xoş gəldi. Yarı zarafat, yarı ciddi dedi:
-Komutan,
- Zəfər Qəhrəmanlı da batareya komandirinə keflərinin kök vaxtında belə müraciət
edirdi və anadolu türkcəsindən götürülmüş bu sözün də mənası o idi ki, çox da
zilə çıxma, sən məndən vəzifəcə elə də böyük deyilsən, yaşca da çox kiçiksən, -
yataram, amma, bir şərtlə.
-Nə
şərt?
Zəfər
Qəhrəmanlı:
-Çəkmələrimi
çıxarmağa icazə versən yataram. – deyib gülümsündü.
-Ay
ağsaqqal, mən nə vaxt sənə çəkmələrini çıxarmağı qadağan etmişəm?
-Heç
vaxt etməmisən. Amma, sən çıxarmırsan, əsgərlər çıxarmır. Mən necə çıxarım?
-Əşi,
çıxart daha. Müharibə qurtardı. Elə mən də çıxaracağam yatanda. Əsgərlərə də
de, yatanda çıxarsınlar.
Keçən
44 gün ərzində Zəfər Qəhrəmanlı da digərləri kimi çəkmələrini həftədə bir, on
gündən bir ayaqlarını yumaq üçün on dəqiqəlik çıxarmışdı. Çəkməsiz olmaq qətı
qadağan idi.
Çəkməsiz
yatmaq Zəfər Qəhrəmanlıya ləzzət verəcəkdi. Verirdi də. “Amma, var-yoxu belə-belə
olmuşlar yuxuda da ona imkan vermədilər. Öldürürsünüz, öldürün da. Niyə əsir
almaq istəyirsiniz? Ay aldınız ha... Ölmüşdü Zəfər...”
Belə
fikirləşə-fikirləşə Zəfər Qəhrəmanlı yerindən durdu, çəkməsini və üst paltarını
geyinib bayıra çıxdı. Əsgərin biri su tökürdü, digəri əl-uzunu yuyurdu,
üçüncüsü isə yuyunmaq üçün növbəsini gözləyirdi. Zəfər Qəhrəmanlı onlara baxıb
uşüdü, qayıdıb gödəkcəsini geyib yenidən çölə çıxdı. Əsgərlərinə isə təpindi:
-Buşlatlarınızı
niyə çıxarmısınız? Geyinin, hava soyuqdu.
Əsgərlər
“oldu, komandir” deyib, sığınacağa girdilər. Tağımın qalan bir əsgəri və bir
çavuşu 10 metr daha hündürdə - dağın zirvəsində postda olmalı idilər. Zəfər Qəhrəmanlı
postu yoxlamaq üçün fənərini yandırıb onların yanına qalxmağa başladı.
Dağın
ən təpəsində “Azercell”in qülləsi yerləşirdi. Həmin qüllə bu zirvə alınanadək
düşmənin mobil rabitə operatotuna məxsus olmuşdu. Həmin vaxtlar qüllənin təpəsindən
düşmən parçası sallanırdı. Təpə alınandan sonra qülləyə “Azercell”in
avadanlıqları quraşdırılmış, qüllənin təpəsindəki əski çıxarılmış, yerinə bizim
bayrağımız sancılmışdı. İndi qüllədə bizim bayraq dalğalanırdı.
Zəfər
Qəhrəmanlı “bayraq uğrunda döyüşənlər” barədə cox tarixi kitablar oxumuşdu,
xeyli filmə baxmışdı. Bunun cox qürürverici bir əməl ola biləcəyini kitabları
oxuyanda və ya filmlərə baxanda da başa düşmüşdü. Lakin oxuduqlarını yaşamaq,
filimlərdəki baş rolların qəhrəmanlarından biri olaraq bayraq uğrunda şəxsən
döyüşmək ona ayrı bir qürür və zövq verirdi.
Zirvəyə
qalxa-qalxa başını qaldırıb bayrağa baxdı. Ay işığı bayrağın üzərinə düşmüşdü.
Zəfər Qəhrəmanlıya birdən elə gəldi ki, bayraq da canlıdır, onun kimi qürur
duyur və vüqarla dalğalanır. Əslində bayraq qəlpə və güllələrdən paramparça
olmuşdu, onu dəyişmək lazım idi. Düzdür, bayrağın belə görüntüsü ona başqa bir
gözəllik və əzəmət verirdi. Amma o, sonsuzadək bu formada qala bilməzdi. Kim nə
deyirsə desin, yenə də çox insan daxili gözəllikdən cox zahiri gözəlliyə önəm
verir. Ona görə Zəfər Qəhrəmanlı hesab edirdi ki bayraq tezliklə təzəsi ilə əvəz
olunmalıdır.
Əslində
isə o, bayrağın dəyişməsini özünə görə istəyirdi. Köhnənin yerinə təzə bayraq
sancılsaydı, qüllədəkini özünə götürə bilərdi. Düşmən mərmisindən və gülləsindən
paramparça olmuş belə bayrağı bir də haradan tapa biləcəkdi? Bu bayrağı həyatının
ən fəxarətli günlərindən xatirə olaraq saxlamaq istəyirdi, onu aparıb
uşaqlarına göstərmək barədə xəyallar qururdu. Ona görə də bayrağın tez dəyişməsini
istəyirdi. Onun ağlına gələn batareya komandirinin də ağlına gələ, o da bayrağı
Vətən Müharibəsindən yadigar saxlamaq fikrinə düşə bilərdi. Bayrağa onun haqqı
Zəfər Qəhrəmanlıdan çox çatırdı. Çünki, bayrağı hal-hazırda dalğalandığı yerə şəxsən
batareya komandirinin özü sancmışdı.
Batareya
komandirinin bayrağı qüllənin başına sancdığı gündən noyabrın 10-dək düşmən
dayanmadan onları bombalamışdı. Onlar dayandıqları bu yüksəkliyi düşməndən
döyüşərək almışdılar və buradan ətrafı ovuclarının içi kimi görürdülər. Ətrafı
yaxşı müşahidə edə bildikləri üçünsə arxaya koordinatları düzgün ötürürdülər və
nəticədə divizion düşmənin mövqelərini çox dəqiqliklə bombalayırdı. Düşmən bunu
bilirdi, bunu bilmələri isə onları dəli edirdi. Üstəlik yerlərini bildirənlərin
özlərini gizlətməmələri, əksinə istehza edircəsinə komanda müşahidə məntəqəsinin
yerləşdiyi yerə böyük bir Azərbaycan bayrağı sancmaları düşməni daha da
qudurdurdu.
Bayrağı
çıxarsaydılar batareyanın komanda müşahidə məntəqəsinə atılan mərmilərin sayı
azala bilərdi. Amma, batareya komandiri bunu heç cür qəbul etmirdi və bayrağı
çıxarmağı təklif edənlərdən soruşurdu:
-Biz
elə bayraq uğrunda ölmək üçün bura gəlməmişik?
Zəfər
Qəhrəmanlı qüllənin yanına çatanda çavuş ondan öz üzünə işıq tutmasını tələb
etdi. Zəfər Qəhrəmanlı əlindəki fənəri üzünə tutduqdan sonra çavuş ona
yaxınlaşıb postda olduqları müddətdə heç bir hadisənin olmaması barədə məruzə
etdi. Zəfər Qəhrəmanlı çavuşdan soruşdu:
-Əxlaqsızlar
hələ rədd olub getmirlər?
-Yox,
hava qaralmamış baxmışdım, əxlaqsızları hələ orada asılı idi. – çavuş əli ilə
qarşıdakı dağın zirvəsini göstərdi.
Birdən
Zəfər Qəhrəmanlıya iyirmi yaşlı əsgərlə elədiyi söhbət qəribə gəldi. O müharibəyə
gələnədək bəlkə də otuz il olardı kı, ağzına söyüş almamışdı. İndi hər cümləsinin
əvvəlində də, axırında da ermənilərin ünvanına bir-neçə mərtəbəli söyüşlər
söyürdü. Həm də özündən 24-25 yaş kiçik uşaqların yanında. Ağlından keçirdi ki,
qurtarmaq lazımdı, müharibə bitdi, söyüşü də tərgitmək lazımdı, ağzı öyrəşər,
gedib evdə, işdə söyər, biabırçılıq olar. Öz-özünə söz verdi ki, bir daha söyməyəcək.
Çavuşdan soruşdu:
-Kombatı
görməmisən?
-Bayaq
durbinlə ətrafa baxırdım. Gördüm aşağıdan işıq gəlir. Öz-özümə dedim ki, bu əclaflara
beh-bazar yoxdur, gəlib kiməsə zərər verərlər, işıq gələn yerə gedib baxdım.
Gördüm kombatdır, bir tabletkanın üstündə oturub ətrafa baxırdı. Məni görən
kimi postu buraxıb gəldiyim üçün hirsləndi. Getməyibsə orda idi. – çavuş əli ilə
batareya komandirini gördüyü yeri işarə etdi.
Zəfər
Qəhrəmanlı göstərilən yerə yollandı. Sığınacağı da keçib, təxminən yüz metr
daha yoxuş aşağı endi. Birdən kombatın səsi gəldi:
-Nə
gəzirsiz buralarda? Minaya düşərsiniz.
-Komutan,
sənsən?
-Ağsaqqal?
-Hə,
mənəm, komutan.
-Elə
bildim əsgərlərdir. Gəl, otur. – deyib oturduğu kətildən durdu.
Zəfər
Qəhrəmanlı:
-Yox,
istəmirəm, burda oturacağam. – deyib yaxınlıqdakı iri daşın üzərində kombatla
üzbəüz oturdu.
-Vallah,
qəribə adamsan. Mən də ən azı sənin qədər düşmənə nifrət edirəm. Amma, sən həm
də onlardan iyrənirsən. Stullarında belə oturmaq istəmirsən. Bu stulu öz
torpağımızın üzərindən götürmüşük, deməli bizimdir.
Kombat
bunu deyib yenidən kətilə oturdu və əlindəki araq şüşəsini başına çəkdi. Bir
neçə qurtum içdikdən sonra onu Zəfər Qəhrəmanlıya uzatdı.
-Al,
iç. Yaxşı araqdı. Çəkdiyin stressi azaldar bir az.
-Komutan,
mənim namaz qıldığımı bilirsən axı.
-Hə,
bilirəm. Mən demirəm ki iç, keflən. Deyirəm stressin azalsın. Tibbi nöqteyi nəzərdən.
–batareya komandiri gülümsənərək Zəfər Qəhrəmanlıya göz vurdu.
-Sən
mənə görə narahat olma, mən elə namaz qılanda stressim azalır.
-Yeri
gəlmişkən, qoy səndən halalıq alım. Sən təzə gələndə fikirləşirdim ki,
qorxundan namaz qılırsan. Qınama məni. Əvvəllər Yaradana sevgisindən ibadət edən
adam görməmişdim. Daha doğrusu tanımamışdım. Tanıdıqlarım ya özlərini başqa
fanilərə göstərmək üçün ibadət edirdilər, ya da qorxularından. Əməlləri də ki,
eh... – kombat boş əlini yuxarı qaldırıb saldı, - heç danışmağa dəyməz. Amma, səni
tanıdıqca gördüm ki, sevgindən ibadət edirsən. Allah sevgisi də valideyn, uşaq,
vətən, millət sevgisi kimi olmalıdır, hətta onlardan da üstün olmalıdır. Çünki,
inanırsansa bilirsən ki onları da, onlara olan sevgini də sənə Yaradan verib.
İnanmırsansa, heç. İnanmayanlara da mənim hörmətim var. Ən pisi inanmayıb,
özünü inanırmış kimi göstərənlərdir. Hə, bir də alayarımçıq inananlar var.
“Yoxdursa o qədər də çox şey itirmirəm, varsa cənnətə düşəcəyəm” deyənlər. Belələrinəsə
mənim ancaq yazığım gəlir.
Batareya
komandiri çox danışan adam deyildi. Zəfər Qəhrəmanı onun belə “dərin”
danışdığını və spirtli içki içdiyini ilk dəfə idi ki, görürdü. Ona görə də
komandirinin “filosofluğu”nu çox içməsi ilə əlaqələndirdi və bundan narazı
olduğunu bildirən səs tonu ilə ona irad tutdu:
-Keflənmisən.
-Keflənmək
istəyirəm. –batareya komandiri mızıldandı və bir az sükutdan sonra əlavə etdi,
- həm keflənmək, həm də ölmək istəyirəm.
-Niyə?
Batareya
komandirinin gözlərindən yaş gəlməyə başladı. O, göz yaşlarını həmsöhbətindən
gizlətməyə çalışsa da hıçqırığını saxlaya bilmədi. Lakin özünü tez ələ aldı.
Danışa biləcəyini dəqiqləşdirdikdən sonra soruşdu:
-Bilirsən
nə qədər dostum şəhid olub?
-Bilmirəm...
Yəqin ki çox olar.
-çoxdular,
çox... Tək sayları deyil, özləri də çoxdu... Vətənini, millətini, dövlətini,
bayrağını ən çox sevənlər, çox qeyrətlilər, çox dostcanlılar...
“Batareya”
komandiri bura çatanda özünü saxlaya bilmədi, hönkür-hönkür ağlamağa başladı.
Xeyli ağladıqdan sonra toxdadı, boş əli ilə gözlərində qalan yaşı sildi, sonra
digər əlindəki şüşəni ağzına aparıb, arağı su kimi qurta-qurta içməyə başladı.
-çox
içmə, komandir.
-Niyə?
Ölərəm? Yox, ölmədim! Mərmidən, güllədən ölmədim, spirt öldürəcək məni?
Yaxşılar ölüb getdi, mən qaldım. Halbuki, ölmək üçün əlimdən gələni elədim, sən
də şahidsən. Amma, ölmədim. Deməli, mən elə də yaxşı deyilənmiş.
-Elə
demə komandir. Sənin qəhrəmanlıqlarının şahidlərindən biri də mənəm.
-Eh...
Qəhrəmanların hamısı öldü.
-Allah
yolunda şəhid olanları heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər.
Ali İmran surəsi, yüz altmış doqquzuncu ayə.
-Eh,
boş şeydir. Sadəcə olaraq biz nifrət etdiyimiz biri öləndə cəhənnəmə vasil
oldu, gəbərdi, gorbagor oldu deyirik, laqeyd olduğumuz insan barədə dünyasını dəyişdi,
həlak oldu deyirik, sevdiyimiz insan üçün vəfat etdi, rəhmətə getdi deyirik, vətən
uğrunda ölənlərə isə şəhid oldu deyirik. Əslində hamısı ölüdür.
-Bizim
qərargah rəisimiz sənə görə ölüdür?
-Yox,
yox... O ölü deyil. Bircə o ölü deyil. Yox, yox... O məndən çox yaşayacaq...
Yaşamalıdır...
-Əslində
yaşamaq elə bu deyilmi? Sevənlərinin sənin xatirəni yaşatması? Heç bir sevdiyin
yoxdursa, lap yüz il yaşasan belə bu yaşamaq deyil. Amma, səni sevənlər
varsa... Bizim qərargah rəisinin neçə yaşı var idi?
-Otuz.
Mənimlə yaşıd idi.
-Hə,
səni sevənlər varsa otuz yaşında ölsən belə yüz il yaşayanlardan çox yaşamış
olursan.
-Biz
Ali Hərbi Məktəbdə bir kursda oxuyurduq. Məktəbin ən yaxşı kursantları sayılırdıq.
Kiminə görə birinci o idi, ikinci mən. Kiminə görəsə mən ondan irəlidə idim.
Lakin mənə həmişə elə gəlirdi ki, o məndən yaxşıdır. Hər sahədə. İdmanda da,
savadda da, dostluqda da, bir sözlə hər sahədə. Buna görə də mən həmişə ürəyimdə
ona həsəd aparırdım. Başa düşürsən? Ən yaxın dostumun paxıllığını çəkirdim.
Özümlə bacara bilmirdim, öz-özümü qınayırdım ki utanmadan dostumun paxıllığını
çəkirəm. Amma yenə onun məndən üstün olmasını qəbul edə bilmirdim. Məni pis
başa düşmə, mən həyatda başqa heç kimin paxıllığını çəkməmişəm. Bir tək
onunkunu. Soruşa bilərsən ki, nəyi səndən artıq idi? O vaxtlar bilmirdim. Bircə
onu bilirdim ki, məndə olmayan nəsə var onda. Ortaq tanıdıqlarımız ona məndən
bir az çox hörmət qoyurdular. Məsələn, söhbət edərkən mənim sözümü kəsirdilər,
onunkunu yox. Onu hamıdan çox istəmələri müəllimlərimizin davranışlarından,
danışıqlarından açıq-aydın hiss olunurdu. Bir sözlə o hamının gözündə məndən
bir pillə irəlidəydi. Təvazökarlıqdan uzaq olsa da deyim ki hamının gözündə
ikinci olduğumu bilirdim. Lakin mən ikinciliyi qəbul etmirdim. Bir gün mənə elə
gəldi ki, onun birinciliyinin səbəbini tapdım. Onun atası Birinci Qarabağ
Müharibəsində şəhid olmuşdu. İnanırsan? Təəssüflənirdim ki, mənim atam niyə şəhid
olmayıb.
Kombat
bura çatanda əlindəki şüşəni ağzına aparıb, araqdan bir neçə qurtum daha içdi.
Sonra özü özünə isteza eləməyə başladı:
-Hım,
Hərbi Məktəbin son kursuna başlar-başlamaz mənim də atam öldü. Onun adı yenə şəhid
oğlu qaldı, mənim adımın qabağınasa “yetim” sözü əlavə olundu. Koroğluyla korun
oğlunun məsəli kimi. Nə isə. Biz Hərbi Məktəbi qurtardıq. Bizi başqa-başqa hərbi
hissələrə tağım komandiri göndərdilər, sonra eyni vaxtda hərəmiz öz hərbi hissəmizdə
batareya komandiri olduq. Keçən ilsə onu mənim olduğum divizionun qərargah rəisi
göndərdilər. Mən həm sevinirdim, həm də paxıllıq edirdim. Dostumun komandirim
olmağına sevinirdim. Rəqibimin bir pillə məndən yuxarı qalxmağınasa paxıllıq
edirdim. Əlbəttə, ikinci məni ancaq mən tanıyırdım. Rəqibimin gördüyü isə
birinci mən idi. Mənə yenə elə gəlməyə başladı ki, o atasının adına görə məni
keçmişdir. Belə fikirləşdiyim üçün özümdən çox utanırdım. Amma, neynəyim?
Şeytan ürəyimdən çıxmırdı. Mələklə şeytan ürəyimdə yan-yana oturmuşdular. Mələk
dostumu mənə sevdirir, şeytansa rəqibimə nifrət etdirirdi. Dostumla rəqibim
eyni şəxs olduğundan isə onların bu əməlləri mənə iztirab verirdi.
Kombat
yenə araq şüşəsini başına çəkıb bir-iki qurtum aldı, bir az sükutdan sonra
sözünə davam etdi:
-Müharibə
başlayanda ürəyimdəkilərin hər ikisi sevindi. Mələk ona görə sevindi ki,
torpaqlarımızı geri alacaqdıq. Şeytan isə paxıllığından sevindi. Mən batareya
komandiri idim, rəqibim qərargah rəisi. Vəzifəsi məndən yuxarı olsa da müharibədə
mən rəqibimdən bir neçə kilometr irəlidə olacaqdım. Amma, mənim rəqibimdən irəlidə
olmağım cəmi bir həftə çəkdi. Cəmi bir həftə sonra o, şəhid oldu. Ölümü ilə bu
dəfə birdəfəlik keçdi məni. Sonsuzadək. Əbədi. Mən bir daha ona çata bilməyəcəyəm.
Ona görə mənim həsədim indi daha da artmışdır. İnsan ölüyə öldüyü üçün necə
paxıllıq edə bilər? Necə dedin? Əsl həqiqətdə onlar diridirlər? Hə, düz deyirsən.
O, diridir! Deməli, mən heç vaxt ölməyəcəyinə görə ona paxıllıq edirəmmiş. Onun
heç vaxt ölməyəcəyi mənə əvvəlcədən agah olubmuş.
Araya
uzun bir sükut çökdü. Handan-hana “batareya” komandiri araqdan daha bir qurtum
alıb monoloqunu yekunlaşdırdı:
-Onun
məndən niyə üstün olduğunu şəhid olduğu gün başa düşdüm. Dostumun və rəqibimin
məndən üstün olduğu yeganə şey ömrünün uzun olacağı imiş. Mənim ömrüm mənim
yaşayacağım qədərmiş, onun ömrü isə Azərbaycanın yaşayacağı qədər... Heyf ki, sən
onu az tanıdın.
Araya
yenə sükut çökdü. Sükutu Zəfər Qəhrəmanlı pozdu:
-Onu
ilk və son dəfə gördüyüm gün gözlərimin qarşısından getmir. Mən müharibədən
sonra onun barəsində uşaqlarıma, tanıdqıdlarıma danışacağam. Onlar da özlərindən
sonra gələcək nəsllərə nəql edəcəkdilər. Gələcək nəsillər də özlərindən
sonrakılara... Beləliklə, çoxları çoxdan öz isti yorğan-döşəklərində ölmüş
olacaqlar, o isə bizim millət yaşadıqca yaşayacaq. Hətta, tarixə baxsan görərsən
ki bəzi qəhrəmanlar millətlərindən də çox yaşayırlar.
Zəfər
Qəhrəmanlı bunu deyib susdu, xatirələri isə onu Onunla tanışdığı – çox da
uzaqda olmayan ötən günlərə apardı.
General
Polad Həşimov şəhid olduqdan sonra çoxları kimi Zəfər Qəhrəmanlı da
başlanılması gözlənilən müharibədə vətəni müdafiə etmək üçün könüllü
qeydiyyatdan keçmişdi. O, ehtiyatda olan zabit idi, ona görə də sentyabr ayının
21-də onu hərbi təlimə çağırdılar.
Müharibə
Zəfər Qəhrəmanlı təlimdə olanda – sentyabrın 27-də başladı. Müharibə başladığından
təlim yarımçıq qaldı. Təlimçi zabitlər təlim keçənləri hərbi hissədə qoyub,
döyüşə yollandılar. Həmin günü hava qaraldıqdan sonra təlim keçənləri də yük
maşınlarına yığıb, döyuşlər gedən istiqamətə apardılar. Əlbəttə, ən yaxşı təlim
elə müharibənin özüdür.
Sentyabrın
27-dən 28-nə keçən gecəydi. Zəfər Qəhrəmanlı 26 nəfər digər könüllülərlə
birlikdə bir yük maşınının kuzovunda tanımadığı bir yerə aparılırdı. Kuzovda
yeganə zabit o idi. Ona görə də yanındakı digər könüllülərin ən yaşlısı ondan təxminən
10 yaş kiçik olardı. Çünki, zabitlərdən fərqli olaraq, 35 yaşdan böyük olan
ehtiyatdakı əsgərləri könüllü olsalar belə səfərbər etmirdilər. Yük maşınını
bir əsgər idarə edirdi, onun yanında isə kapitan rütbəsində, otuz yaşlarında
olan bir hərbiçi oturmuşdu. O, özünü kuzovdakılara “N saylı hərbi hissənin
taborlarından birinin zampoliti, yəni N saylı hərbi hissənin taborlarından
birinin tərbiyəvi işlər üzrə müavini” kimi təqdim etmişdi.
Yük
avtomobili birdən dayandı. Az sonra kuzovun örtüyü aralandı. Zampolitin başı
göründü, ardınca isə səsi gəldi:
-Heç
kim papiros çəkməsin, işıq yandırmasın. Bura Tap Qaraqoyunlu kəndinin
girişidir. Düşmən artilleriyası bu kəndi durmadan bombalayır. Ətrafda
gördüyünüz dağlarda düşmənin müşahidə məntəqələri var. Görən kimi işığa doğru mərmi
səpirlər. Bundan sonra maşının da işığını söndürüb, yavaş-yavaş irəliləyəcəyik.
Maşının səsini eşidib onsuz da biləcəklər ki kəndə yük maşını girir, işiq
yandırmayın ki maşının yerini təyin edə bilməsinlər.
Zampalit
bunu deyib, örtüyü endirdi. Sonra yük maşını yavaş-yavaş irəliləməyə başladı.
Xeyli irəlilədikdən sonra yenə dayandı. Yenə də kuzovun örtüyü atalandı və
zampalitin səsi eşidildi:
-Biz
Tap Qaraqoyunlu kəndini keçdik. İndi kəndin ermənilər tərəfindəyik. Aşağıda İncəçay
çayının dərəsi var. Ora cəmi bir yol düşür. Düşmən də bunu bilir. Ona görə də
maşın səsini yaxından eşidən kimi o yolu bombalamağa başlayırlar. Yaşamaq
ehtimalını artırmq üçün yolu sürətlə keçməliyik. Yol cəmi bir yük maşınının keçə
biləcəyi endədir. Birbaşa təpədən dərəyə enir. Buna görə də maillik dərəcəsi
coxdur. Hər kəs tuta biləcəyi nə varsa ondan möhkəm yapışsın ki maşın sürətlə
gedərkən kuzovdan bayıra düşməsin və ya bir-birini əzib yaralamasın. Aydın
oldu?
-Aydın
oldu. – kuzovdakıların bəziləri səssiz qalsalar da digərləri cavab verdilər.
Zampalit
yenə gözdən itdi. Kabinənin sağ qapısı açılıb bağlandı. Kuzovdakılar kuzovun
örtüyünü saxlayan dəmirlərdən möhkəm tutub nə baş verəcəyini gözləməyə
başladılar. Birdən maşın sürətlə yoxuşdan aşağı sürətlə hərəkət etməyə başladı.
10 saniyə keçməmiş sağda-solda, yuxarda-aşağıda partlayan mərmilərin səsi gəldi.
Düşmən yolu bombalayırdı. Mərmi səslərinin arasında zampalitin bağırtısı
eşidilirdi:
-Ha,
ha, ha... Qulağı kəsik Andıranikin şərəfsiz nəvə-nəticələri! Nə qədər atırsınızsa
atın! Elə bilirsiniz ki, bizi öldürəndən sonra hər şey bitəcək? Ay bitdi ha!
Biz bitmirik! Burda 29 nəfər kişiyik! Beş milyon kişi də arxada var! Ananızı
... Ha, ha, ha...
Anidən
maşın dayandı. Düşmən mərmi atmağa davam edirdi. Zampolitin başı yenə göründü.
Hələ də gülürdü:
-Ha,
ha, ha... Bu gün on dəfə bu yolu gedib-gəlmişəm. Ağ tük var da məndə. Heç cürə
vura bilmirlər məni. Ha, ha, ha... Düşün görək. Mənim ağ tüküm sizi də qoruyar.
Ha, ha, ha... Düşün, qabağımda bir cərgə düzülün.
Kuzovdakılar
maşından düşüb, zampolitin qabağında bir cərgə düzüldülər. Ətrafda partlayan mərmilərin
sayı azalsa da düşmən ərazini bombalamağı davam etdirirdi. Zampolit buna əhəmiyyət
vermədən danışmağa başladı:
-Biz
İncəçayı keçdik. Qəlpələr bu tərəfə demək olar ki, gəlmir. Gəlsə belə sürətin
azaldıb gəlir. Yəni, uzaqbaşı yaralayır, öldürmür. Minamyotla atsalar dərəyə
sala bilərlər mərmisini. Amma, düşmən bizdən xeyli aralıdadır. Minamyot isə o məsafədən
buranı vura bilmir. Bizi topla vururlar. Onun da mərmisi uçuş trayektoriyasına
görə çayın o biri tərəfində partlayır. Çayın bu biri tərəfinə sala bilmirlər mərmini,
bura çatsa-çatsa ancaq qəlpələri gəlib çatır. Səhər hücuma keçəndə düşmənin dərəyə
yaxın olan minamyot batareyasını canlı qüvvəsi ilə birlikdə məhv elədik.
Zampalit
bir qədər sükut etdikdən sonra sözünə davam etdi:
-Tap
Qaraqoyunludan gəlib, İncəçayın bu tərəfinə keçmək, igidliyin onda doqquzudur,
qalan bir igidliyi də sabah döyüşdə edərsiniz. Amma, ona kimi hamı dayandığı
yerdə qalsın. Heç kim tərpənməsin. İncəcayın dərəsi bu gün səhərədək düşmənlə
bizi ayıran zona idi. Düşmən hər tərəfə mina basdırıb. Düzdür, bizim qəhrəman əsgərlərimiz
bu gün əks-hücuma keçməmişdən əvvəl minaları təmizləyiblər. Amma yenə də
ehtiyatlı olun, zərərsizləşdirilməmiş qalanı ola bilər, gedib üstünə
çıxarsınız. Bir də düşmən dərəni bombalamağa başlasa dərənin gəldiyimiz
yamacına deyil, gedəcəyimiz yamacına sığının. Səbəbini bayaq dedim, yenə deyirəm.
Mərminin uçuş trayektoriyasına görə onun dərənin digər tərəfinə ziyan vurması
ehtimalı bizim indi dayandığımız tərəfə ziyan vurması ehtimalından böyükdür. Bu
həm də nə deməkdir? Bu həm də o deməkdir ki, artıq geriyə yol yoxdur. Nə qədər
geriyə getsək o qədər cox öləcəyik. Həm də necə öləcəyik? Şərəfsizcəsinə. Geri
qayıtsaq necə il yaşamağımızdan aslı olmayaraq öləcəyik. Nə qədər irəli getsək
həyatda qalmaq şansımız o qədər artıq olacaq. Ya qazi kimi, ya şəhid kimi.
Bilirəm ki, içinizdə şəhidlərin yaşamadığını fikirləşən heç kim yoxdur. Axı siz
könüllülərsiniz, bilirsiniz ki şəhidlər ölməz, Vətən bölünməz. Amma yenə də
deyim, burdan arxaya qaçıb gedən olsa, o qaçdığı andan ölüyə taydır, lap yüz
yaşında gəbərsə belə. Şəhidlər isə ölmür. İnanmırsınızsa orta məktəbdə onlar
haqqında öyrəndiklərinizi xatırlayın, barələrində yazılmış hekayələri, çəkilmiş
filmləri gözünüzdə canlandırın, bəziləriniz oxuduğunuz məktəbin, bəziləriniz
yaşadığınız küçənin kimin adına olmasını yadınıza salın. Və ən nəhayət vətənimizin
adının mənasını düşünün. Məncə, Azərbaycan sözünün mənası elə şəhidlərin
qanları ilə suvarılmış yer deməkdir. Zahiri mənasını demirəm, hərfi mənasının
belə olmadığını mən də bilirəm. Amma batini mənası məncə məhz belədir. Vətənimizin
adı o, mənanı sizin kimi oğullarının rəşadəti sayəsində qazanmışdır. Vətənimiz
daim yaşayacaqdır. Onunla birgə qocalmaq üçün qazi olmağa, onun qədər yaşamaq
üçünsə şəhid olmağa dəyər.
Yük
maşınından düşənlər onsuz da qorxmurdular. Zampolitin sözlər isə onlarda olan
ruh yüksəkliyini daha da qaldırdı. 24-25 yaşlarında olan əsgərlərdən biri
soruşdu:
-Cənab
kapitan, döyüşə nə vaxt girəcəyik?
-Sabah
səhər. İndi isə olduğunuz yerdə torpağın üzərinə uzanıb, gözünüzün acısını
almağa çalışın. Mən sürücüylə digər könüllüləri gətirməyə gedirəm. Bir daha
deyirəm, səhər açılanadək yerinizdən tərpənməyin. Birincisi ona görə ki bayaq
dediyim kimi minaya düşə bilərsiniz. Bundan başqa ətrafınızda bizim xeyli canlı
qüvvəmiz və texnikamız var. İndi qaranlıq olduğundan görə bilmirsiniz. Onlar da
sizi görmür. Elə bilərlər ki, düşmən kəşfiyyatıdır. Aydın oldu?
-Aydındır.
– bu dəfə hamı bir ağızdan qışqırdı.
Cavabı
aldıqdan sonra zampolit qaranlıqda gözdən itdi. Sonra yük maşınının səsi gəldi.
Həmin səs kəsildikdən sonra könüllülərin coxsu yerə çökdü. Bəziləri torpağın
üstünə uzandı.
Birdən
göy guruldadı. Az sonra şıdırığı yağış yağmağa başladı. Oturanlar, uzananlar əvvəl
ayağa durdular. Bir az sonra isə hamı torpağa uzandı. Çünki, hər kəs iliyinə qədər
suyun içərisində idi və atalar sözündə də deyildiyi kimi islanmışın yağışdan
qorxusu ola bilməzdi.
Bir
saatdan sonra yağış kəsdi. Gecənin soyuğunda könüllülər titrəməyə başladılar.
Hamısının bir arzusu vardı: səhər açılsın, onları döyüşə aparsınlar. Çox
üşüyürdülər. Bundan sonra onları ancaq döyüş qızışdıra bilərdi.
Səhər
açıldı, ətraf işıqlandı. Könüllülər təəccüb içində ətrafa baxmağa başladılar.
Ətraf canlı qüvvə, hərbi texnika və silah-sursat ilə dolu idi. Könüllülərin
hamısı əvvəllər hərbi xidmətdə olmuşdular. Ancaq, heç vaxt hal-hazırda gördükləri
qədər canlı qüvvə, hərbi texnika və silah-sursatı bir yerdə görməmişdilər.
Qarşıdan
yük maşınının səsi gəlməyə başladı. Maşının gəldiyi yol o qədər maili idi ki,
uzaqdan yük maşını qayadan süzülən qartalı xatırladırdı. Könüllülərin hamısına
indi aydın oldu ki, onlar hansı təhlükəni keçib gəlmişdilər. Gülləbaran bir tərəfə,
bu maillikdəki yolda, o sürətlə gedən maşının kuzovunda olmağın özü belə ölümlə
zarafatlaşmaq demək idi. Anidən gülləbaran təkrar başladı.
Yük
maşını maili torpaq yolla sürətlə şütüyür, mərmilər onun arxasına, qarşısına
düşürdü. Dərədəki hərbiçilərin hamısı yola baxırdılar. Onların hamısı həmin
yoldan keçmişdilər. İndi isə hazırda yoldan keçənlərə heç nə olmaması üçün
dualar edirdilər.
Yük
maşınının düz yola çıxmağına bir neçə metr qalmış mərmilərdən biri onun
qarşısında partladı. Kuzovdakı adamlar maşından tullanıb, onları izləyənlərə
sarı qaçmağa başladılar.
Kuzovdan
düşüb qaçanların içərisində yüngül yaralananlar var idi. Dərədəki sanitarların
biri onların yaralarına baxmağa başladı. Digər üç sanitar zirehli tibb maşına
mindi. Zirehli tibb maşını yük maşınına tərəf yola düşdü. Düşmən tibb maşınını
görüb, atdığı mərmilərin sayını artırdı. (Zəfər Qəhrəmanlı hüquqşünas
olduğundan bilirdi ki, bu beynəlxalq hüquqa ziddir. Ona görə də düşmənin bu hərəkəti
ona əvvəlcə qəribə gəldi. Sonra isə fikirləşdi ki, düşmən onsuz da indiyədək
heç nəyi hüquqa uyğun etməmişdi. Başqa dövlətin ərazisi zəbt etmək və genosid də
beynəlxalq hüquqa zidd idi. Amma, düşmən neçə il bundan qabaq Qarabağı zəbt
etmiş, Xocalıda və digər yerlərdə yetərincə genosid cinayətini törətmişdi.)
Sanitarlar
zabitlə sürücünü zirehli tibb maşınına götürdükdən sonra daha bir mərmi
partladı. Sanitarlardan biri yerə yıxıldı. Digər ikisi onu da maşına qaldırdı.
Sonra zirehli tibb maşını maili yolla yuxarı qalxmağa başladı. Gözdən itənə
kimi düşmən ona tərəf mərmiləri atmağı davam etdirdi.
Vurulmuş
yük maşınından düşüb gələnlərin söhbətlərindən belə aydın oldu ki, həmin maşın
Zəfər Qəhrəmanlıgili gətirən yük maşını imiş. Yük maşınının kabinəsində sürücüdən
başqa özünü N saylı hərbi hissənin taborlarından birinin zampaliti kimi təqdim
edən söyüşkən bir kapitan var imiş. Zəfər Qəhrəmanlı çox təəssüf etdi ki, onun
hansı hərbi hissənin hansı taborunun zampaliti olmağını, ən əsası isə adını və
soyadını öyrənməmişdi.
Bir
az sonra könüllü gələnlərin hərbi hissələr üzrə düzülməsi barədə bütün dərəyə
car çəkildi. Bundan sonra məlum oldu ki, dərədəkilərin coxsu könüllülərdir. Zəfər
Qəhrəmanlı da ondan tələb olunan yerdə digərlərin yanında düzüldü. Onlara bir
polkovnik-leytinant yaxınlaşdı. Məlum oldu ki, o Zəfər Qəhrəmanlının xidmət edəcəyi
hərbi hissə komandirinin müavinlərindən biri imiş. Komandir müavini könüllüləri
ona verilmiş siyahıya əsasən taborlar və divizionlar üzrə böldü. Sonra yük
maşınları gəldi, hərə öz bölməsinin maşınına mindi və cəbhəyə yola düşdü.
Zəfər
Qəhramanlı artileriya divizionunun üçüncü batareyasının idarəetmə tağımının
komandiri təyin edilmişdi. Ona görə də yük maşını onu hələ ki divizionun dayaq
məntəqəsinə - topların yerləşdikləri yerə aparırdı. Verilən tapşırığa görə Zəfər
Qəhramanlı oradan da üçüncü batareyanın komanda müşahidə məntəqəsinə
qalxacaqdı. Komanda müşahidə məntəqələri toplardan bir neçə kilometr qarşıda
yerləşirdi və oradakı hərbiçilərin işi ərazini müşahidə edib düşmənin
koordinantlarını arxadakı topların heyətlərinə ötürməkdən ibarət idi. Batareya
komandiri və batareyanın idarəetmə tağımının komandiri həmin tağımın əsgərləri
ilə birlikdə komanda müşahidə məntəqəsində olmalı idilər.
Yük
maşını asta-asta divizionun dayaq məntəqəsinə sarı irəliləyirdi. Zəfər Qəhrəmanlı
bu dəfə sürücünün yanında oturmuşdu. Yük maşınının kuzovunda isə könüllülərdən
diviziona ayrılmış doqquz əsgər var idi. Yolu ancaq sürücü tanıyırdı. Sürücü 20
yaşlarında yaraşıqlı bir əsgər idi. Dayanmadan danışırdı:
-Komandir,
oktyabrda tərxis olunacaqdım. Müharibə başladı. Yaxşı ki başladı. Get-gəl
olmadı. Birdəfəlik torpaqlarımızı alaq, sonra gedək. Mən onsuz da mülki həyatda
da sürücü işləyəcəyəm. Bayaq bir əsgər deyir ki, sürücülərin ölüm təhlükəsi
daha azdır. Onlar arada arxaya gedib qayıdırlar. Dedim ki, bilmədiyin şeyi
danışma. Döyüş mövqeyində sığınacaqlar olur, düşmən atmağa başlayanda girirsən
sığınacağa. Bax, biz indi açıq ərazidə gedirik, atmağa başlasalar hara girəcəyik?
Açıq hədəfik. Bu dəfə atmadılar niyəsə. Dünəndən bu yolu on bir dəfə gedib gəlmişəm,
bu on ikincidir. Hamısında atıblar. Niyəsə bu dəfə atmadılar. Çatırıq, qabaqda
gördüyünüz səngərlər divizionun səngərləridir. Baxın, toplarımız da görünür...
Sürücünün
sözünü yük maşının qarşısında partlayan mərmi kəsdi. Yük maşını sürücü tərəfə
yanı üstə çevrildi. Zəfər Qəhrəmanlı sürücünün üzərinə yıxıldı. Düşmən mərmisi
yaxış kimi yağırdı. Sürücü qımıldanmırdı. Zəfər Qəhrəmanlı kabinədən çıxmaq
üçün dikəldi. Sürücünü əzməmək üçün ehtiyatla onun üstündən qalxmağa çalışdı.
Yük maşınının yuxarıda qalan sağ qapısını açmağa çalışdı. Amma, gücü çatmadı.
Yaxşı ki, maşına minəndən sonra sağ şüşəni aşağı endirmişdi. Ordan başını çölə
çıxardı. Onu ilk dəfə orda gördü.
O,
təpənin üstündə dayanmışdı. Əlini, qolunu sallaya-sallaya komandalar verirdi.
Sanki, hərəkət edən heykəl idi. İnanılması mümkün deyil, amma onun səsi
sağında, solunda yerə düşüb partlayan düşmən mərmisinin səsindən möhkəm
çıxırdı:
-Divizion,
yaylımla, yaylımla a-təş!
Zəfər
Qəhrəmanlı bütün topları görməsə də bilirdi ki, divizionda 18 ədəd top olur.
Toplar eyni anda patlayır, onun əmri ilə toplar yenidən doldurulur və yenidən
onun səsi gəlirdi:
-Divizion,
yaylımla, yaylımla a-təş!
O
“a-təş” sözünü deyəndə yumruğunu sıxıb sağ əlini qabağa elə itələyirdi ki,
sanki mərmidən əvvəl yumuruğunun düşmənin təpəsinə enməsini istəyirdi.
Onun
yaxınlıqdakı zabitə bağıraraq verdiyi növbəti əmr belə oldu:
-Dayanmadan,
atəş edin. Atəşi dayandırsanız oğraşlar biləcəklər ki, yerimizi müəyyən ediblər,
atəş altında döyüşə bilmədiyimiz üçün sığınacağa girmişik, cavab verə bilmirik.
Daha çox atacaqlar. Könüllülər açıqda qalıb, sığınacaları yoxdur. Mərmilər
yanlarına düşsə hamısı şəhid olacaq. Mən gedirəm onlara köməyə.
Bunu
deyəndən sonra o, yanı üstə çevrilmiş yük maşınına sarı qaçmağa başladı.
Ətrafda partlayan düşmən mərmilərinin qəlpələri vıyha-vıyla onun ətrafında
uçuşurdu.
O,
yük maşının yanına çatmamış Zəfər Qəhrəmanlı bayıra çıxmışdı və sürücünü
çıxarmağa çalışırdı. Amma sürücünü çıxarmağa Zəfər Qəhrəmanlının gücü çatmırdı,
sürücü yetərincə ağır çəkili idi. O, Zəfər Qəhrəmanlının yanına çatıb qışqırdı:
-Mən
divizionun qərargah rəisiyəm. Necədi vəziyyət?
-Kuzovdakı
əsgərləri bilmirəm. Kabinədən sürücünü çıxarmağa çalışıram.
-Sağdır?
-Bilmirəm.
Sağ olsa belə ağır yaralıdır. Tərpənmir.
Qərargah
rəisi başını maşının Zəfər Qəhrəmanlı çıxan pencərəsindən içəri saldı. Sonra əyilib,
bir əli ilə sürücünü dartıb kabinədən bayıra çıxardı. Sürücünü yerə uzatdıqdan
sonra onun nəbzini yoxladı:
-Şəhid
olub.
Zəfər
Qəhrəmanlının gözlərindən yaş gəlməyə başladı. Qərargah rəisi bunu görüb dedi:
-Ağlamaq
vaxtı deyil, müharibə qurtarandan sonra ağlayarsan. Bura yaxşıdır, qəlpələr
buranı tutmur, yerindən tərpənmə. Mən arxaya baxım görüm, kuzovdakılar necədir.
Qərargah
rəisi bunu deyib, sürünə-sürünə maşının arxasına keçdi. Az sonra isə qışqırdı:
-Burda
salamatçılqdı. Hamı üzü üstə yerə yatsın, əllərini də başına qoysun. Burda
sığınacaq yoxdur, qəlpələrdən mümkün qədər ancaq belə qorunmaq olar.
Hamı
onun dediyi vəziyyəti aldı. Bir az sonra düşmən atəşi dayandırdı. Bizimkilər isə
dayanmadan atırdılar. Qərargah rəisinin səsi gəldi:
-Mən
“üç” deyən kimi hamı bayaq mən gəldiyim tərəfə qaçsın. Bacardığınız qədər möhkəm
qaçın, ətrafda düşmənin müşahidə məntəqələri var, çox güman ki burdan
çıxmağımızı gözləyirlər.
Zəfər
Qəhrəmanlı soruşdu:
-Bəs
sürücü?
-Mən
“üç” deyən kimi siz qaçın. Onu mən götürəcəyəm.
-Tək
gücünüz çatmaz. Mən də sizə kömək edəcəyəm.
-Bura
bax, ağsaqqal. Hərbidə yaşın heç bir əhəmiyyəti yoxdur. Komandirin əmri müzakirə
olunmur, ancaq icra olunur. Aydındır?
-Aydındır.
-Onda
bir... iki.... üç.
Hamı
toplara doğru qaçmağa başladı. Bir neçə saniyədən sonra isə düşmən yenidən
atışa başladı. Ətrafda mərmilər partlayıər, qəlpələr uçuşurdu. Gənclər tezliklə
Zəfər Qəhrəmanlını ötüb keçdilər. Belinə sürücünün nəşini almış qərargah rəisi
Zəfər Qəhrəmanlı ilə yan-yana qaçırdı. Zəfər Qəhrəmanlı onun üzünü görməsə də səsini
eşidirdi:
-Qaç,
qaç, ağsaqqal, igidlik ondur. Doqquzu qaçmaqdır. Amma, yaxşı olardı ki, düşmənin
üstünə qaçaydın. Ora da qaçarsan, inşallah.
Qərargah
rəisi istəsəydi qaçıb Zəfər Qəhrəmanlını keçə bilərdi, sadəcə olaraq onu arxada
qoyub qaçmağı öz zabit şərəfinə sığışdırmırdı.
Topların yanına çatan kimi qərargah rəisi həkimi
çağırdı. Həkim də sürücünün şəhid olduğunu təsdiqlədi. Digərlərinə elə də əhəmiyyətli
bir şey olmamışdı. Yalnız qəlpələrdən biri ən qabaqdan qaçan əsgərin sol qolunu
yüngülvari sıyırmışdı. Həkim axan qanı dayandırdıqdan sonra yaralının qolunu
sarıyırdı. Qərargah rəisi isə həkimin yaranı sarımasına baxa-baxa danışırdı:
-Hə, əsgər. Elə bilirsən bərk qaçmaq həmişə yaxşı
şeydir? Biz bilmirik, həyatda da bərk qaçıb özümüzə xeyirli bir şey elədiyimizi
düşünürük. Amma, bəzən bərk qaçmağımız bizə ziyan vurur. Bax, bayaq səndə
olduğu kimi. Sürətini bir qədər azaltsaydın yaralanmazdın.
Zəfər Qəhrəmanlı həmin gün hava qaraldıqdan sonra
üçüncü batareyanın komanda müşahidə məntəqəsinin yerini bilən bir əsgərə
qoşulub, xidmət yerinə yola düşdü. Qərargah rəisini bir daha görmədi, ancaq, cəmi
bir həftə radiostansiyadan onun səsini eşitdi.
Bir həftə sonra isə yenə həmin radiostansiyadan qərargah
rəisinin şəhid olmasını xəbər verən başqa bir səs eşitdi. Qərargah rəisi
topları irəlidəki mövqelərə çəkdirdikdən sonra yeni yerdə minaya düşüb şəhid
olmuşdu.
Zəfər
Qəhrəmanlını yaxın günlərin kədərdən cox qəhrəmanlıqlarla dolu olan xatirələrindən
batareya komandirinin səsi ayırdı:
-Ağsaqqal,
yaman fikrə getmisən.
-Səndən
bir şey öyrənim.
-Öyrən.
-Bizim
hərbi-hissədə təxminən elə sən yaşlarda, kapitan rütbəsində tabor zampaliti
olub?
-Bizim
hərbi hissənin bütün taborlarının zampalitləri elə mən yaşda olardılar, hamısı
da kapitan rütbəsində idilər.
-Niyə
görə keçmiş zamanda – “olardılar”, “idilər” deyirsən?
-Biri
şəhid oldu.
-İncəçayın
dərəsində?
-Yox.
Elə bizim indi olduğumuz əraziyə yaxın bir yerdə.
-Yox,
mən İncəçayın dərəsində şəhid ola biləcək zampaliti soruşuram.
-Necə
yəni “ola biləcək”?
-Yaralandığını
bilirəm, amma, sonra necə olduğunu bilmirəm. Şən bir adam idi, bir az da söyüşkən
idi.
-Ay
ağsaqqal, bütün hərbiçilər söyüşkəndirlər, çoxsu da şəndir. Söyüşkən və şən
olmasan hərbidə vaxt keçməz.
Zəfər
Qəhrəmanlı:
-Hə, bunu bir dəfə də mənə demisən. - deyib yenidən ötən günlərə qayıtdı.
Batareya komandiri bir az sükutdan sonra əlindəki durbini Zəfər Qəhrəmanlıya verib, əli ilə qarşıdakı təpəni göstərdi:
-Ağsaqqal,
al bax. Qarşımızdakı hündür təpəni görürsən?
Zəfər
Qəhrəmanlı durbini gözünə tutduqdan sonra cavab verdi:
-Görürəm.
-O
təpəyə yerləşməliyik. O təpədən bütün ərazi açıq-aydın görünür. Ora yerləşib,
düşməni gördüyümüz yerlərin koordinatlarını bizim toplara versək, ermənilər bu ərazidən
quş belə uçurda bilməyəcəklər.
-Təpənin
üstündə onların şərəfsizləri var axı.
-Onların arvadı ilə qızlarıdır da. Bayraqla bizə işarə verirlər ki gəlin, ha, ha, ha...
-Zarafatı
burax.
-Orda
erməni olmamalıdır. Əvvəllər var idi, sonra başlarına o qədər mərmi tökdük ki
qaçdılar. Bizim piyadalarımız hal-hazırda ondan sonrakı kiçik təpədədirlər.
Ona, görə də onlara maraqlı deyil ki, geri qayıdıb daha yüksək təpəyə yerləşsinlər.
Piyadalar belədir da, onlar ancaq irəli getmək barədə düşünürlər. Bizə isə ətrafı
müşahidə etmək üçün daha hündür yer lazımdır. Amma, baxdığın təpənin sağında,
solunda olan o biri təpələr düşmənin əlindədir. Onlarsa baxdığın təpəni nəzarətdə
saxlayırlar ki, bizimkilər ora yerləşməsin. Çünki, onlar da bilirlər ki, biz
ora yerləşdikdən sonra analarını...
-Dediyin
təpənin üstündə görünən qülləni bayraq asmaq üçün yerləşdiriblər?
-Yox,
gördüyün qüllə onların mobil operatorlarınındır. Hər nə zibilsədirsə...
-Dəqiq
orda adam yoxdur?
-Adam
deyəndə ermənini nəzərdə tutusan?
-Hə.
-Mənə
verilən məlumata görə yoxdur. Amma, ola da bilər. Hava qaralanda gedib
yoxlayacağıq. Sən qalarsan burda, mən əsgərlərlə gedəcəyəm.
-Mən
də gedəcəyəm.
-Qoca
kişisən, qaranlıqda sürünə-sürünə təpənin başına qalxacağıq. Nəfəsin çatmaz.
-Çatar.
Mənim tağımımın əsgərləri qabağa gedəcək, mən arxada qalacağam? Sonra necə
baxaram üzlərinə?
-Özün
bil. Gedəcəksənsə hazırlaş, hava qaralanda yola düşəcəyik.
Batareya
komandiri, Zəfər Qəhrəmanlı və tağımının yeddi nəfər əsgəri hava qaralandan
sonra silah-sursatlarını götürüb yola çıxdılar. Batareya komandirinin əmri ilə
yollarına işıq salmadan, mümkün qədər səssiz, bir-birlərindən aralı, ancaq görə
biləcəkləri qədər bir-birlərindən uzaqlaşmadan hədəfə doğru addımlayırdılar.
Ona
görə işıq salmadan səssiz gedirdilər ki, ətrafdakı düşmən onların yerini görməsin,
səslərini eşitməsin. Ona görə aralı gedirdilər ki, qabaqdakı minaya düşsə və ya
yaxınlıqlarında mərmi partlasa hamısı birdən ölməsin.
Əmrinə
əsasən ən qabaqda batareya komandiri özü gedirdi, sonra əsgərlər, daha sonra isə
Zəfər Qəhrəmanlı. Təyin edilmiş dağın yamacına çatdıqdan sonra batareya
komandirinin növbəti əmri ilə yerə uzanıb bir-birlərinin ardı ilə zirvəyə doğru
sürünməyə başladılar.
Nə
qədər süründüklərini bilmədilər. Zirvəyə az qalmış avtomat səsi gəldi. Atəş altında
qalmışdılar. Əsgərlərdən biri sol qolundan yaralanmışdı. Düşmən əsgərlərinin
sayları elə onlar qədər olardı, amma, qarşıdakılar həm yuxarıda idilər, həm də
səngərdə daldalanırdılar. Zəfər Qəhrəmanlı öz-özünə “bura qədər imiş” dedi.
Birdən
batareya komandiri yerindən qalxdı, bağıraraq:
-Ardımca!
-əmrini verib, avtomatından atəş aça-aça zirvəyə doğru qaçmağa başladı.
Zəfər
Qəhrəmanlı ilə əsgərləri, o cümlədən yaralı əsgər də onun arxasıycan düşmənə atəş
aça-aça yoxuş yuxarı qaçmağa başladılar.
Hamısı
sağından, solundan keçən güllələrin vıyıltısını çox aydın eşidirdilər. Buna
baxmayaraq sürətlə güllələr atılan yerə doğru qaçırdılar. Sanki, kimsə onların
ürəklərindən ölüm qorxusunu dartıb çıxarmışdı. Həmin kimsə batareya komandiri
idi.
Güllələrin
arasından keçib gələn batareya komandiri düşmənin ürəyinə vahimə saldı. Düşmən
qaçmağa başladı. Səngərdə yalnız bir nəfər düşmən əsgəri qaldı. Batareya
komandiri səngərə birinci çatdı və atəşi davam etdirən həmin əsgərin başına var
gücü ilə bir təpik vurdu. Düşmən yerə yıxıldı. Sonra onlar əlbəyaxa oldular.
Zəfər
Qəhrəmanlı səngərə çatanda batareya komandiri düşmənin başını yerdəki daşa
çırpırdı. Anidən düşmən müqaviməti dayandırdı, əlləri yanına düşdü. Bundan
sonra batareya komandiri onun başını əllərindən buraxdı, üzünə sıçramış düşmən
qanını qolları ilə sildi və yorulduğundan meyitin yanında yerə çökdü.
Zəfər
Qəhrəmanlı ətrafa baxmağa başladı. Batareya komandirinin öldürdüyü düşmən
zabitindən başqa səngərdə düşmənin iki əsgərinin də meyidi var idi. Digərləri
qaçıb getmişdilər. Əsgərlərdən biri batareya komandirinin öldürdüyü düşmənin
meyitinə bir təpik ilişdirdi:
-Əsgər,
vurma. Düşmən də olsa yaxşı zabit imiş. Qaçıb getmədi, sonadək döyüşdü. Həm də
biz erməni deyilik. Qadınlara, uşaqlara, qocalara və meyitlərə toxunmuruq.
Ağsaqqal, elə deyil?
Zəfər
Qəhrəmanlı:
-Elədir
ki var. – dedi və hamı zirvənin alınması münasibəti ilə qəhqəhə çəkməyə
başladı.
Səhər
açılmamış divizionun tibb xidmət məntəqəsinin həkimi və sanitarları hərbi tibb
maşını ilə gəlib yaralı əsgəri və düşmən meyitlərini apardılar.
Hava
işıqlanar-işıqlanmaz isə batareya komandiri əşya kisəsindən Azərbaycan
bayrağını çıxardı və onu öpüb boynuna bağladı. Sonra qülləyə çıxmağa başladı. Qüllənin
başına çatdıqdan sonra orada olan düşmən əskisini çıxardıb yerə atdı və yerinə
üçrəngli bayrağımızı sancdı. Sonra var gücü ilə bağırdı:
-Gördüyünüz
bütün zirvələr Qarabağdır! Qarabağ bizimdir!
Yerdəkilər
ona səs verdilər:
-Qarabağ
Azərbaycandır!
______________________________________________________________________
Zəfər
Qəhrəmanlını daldığı xatirələrindən şüşənin sınarkən çıxardığı səs oyatdı.
Kombat arağı içib qurtardıqdan sona butulkasını aşağı tullamışdı. Şüşə də təsadüfən
daşa çırpılmışdı.
Ötən
44 gündə baş verənlərin hamısı film lenti kimi Zəfər Qəhrəmanlının gözlərinin
önündən keçmişdi. Səhər açılırdı. Kombat səssiz-sədasız vətənin arxada qalan
torpaqlarına baxıb, nəsə düşünürdü. Zəfər Qəhramanlı ondan soruşdu:
-
Komandir, hara baxırsan? Bütün müharibə ərzində mən sənin ancaq qabağa
baxdığını görmüşəm, ilk dəfədir arxaya baxırsan.
-Müharibə
qurtardı. Artıq arxaya da baxmaq lazımdır. Arxaya... analarımız, bacılarımız
arxada qalıb, uşaqlarımız arxada qalıb, şəhidlərimiz arxada qalıb, elə
torpaqlarımızın da çox hissəsi arxada qalıb. Bax, o işıqları görürsən?
-Hansını?
-Ən
çox işıq olan yeri.
-Görürəm.
-Mingəçevirdir.
Mən Mingəçevirdə böyümüşəm. Mənim babalarımın, nənələrimin, atamın qəbri
ordadır. Mən orda doğulmuşam, birinci sinfə getmişəm, sevmişəm, evlənmişəm,
uşaqlarım orda doğulub. Bilirsən nə fikirləşirəm?
-Bilmirəm.
-Bu
murdarlar indi dayandığımız yerdən baxıb mənim bütün sevincimi, kədərimi izləyirlərmiş.
Bəlkə də atamın qəbrinin üstündə ağlamağımı da görüblər. Bəlkə də deyiblər ki
istəsək ananı da öldürərik. Toyumda oynayanda bəlkə də deyiblər ki, istəsək sənin
toyunu yasa çevirərik. Uşağım doğulanda... Nə isə. Bütün məhrəmimi görüblər naməhrəmlər.
Geridə qalan ömrümdən iyrənirəm. Ayağımın altındakı torpaqdan isə utanıram.
Yarılsa böyük məmnuniyyətlə içinə girərəm otuz il düşmən tapdağında saxladığım
üçün. Nə olsun ki, mənim elə otuz yaşım var? Atamın ayıbı elə mənim də
ayıbımdır.
-Komandir,
keçmişdən nəticə çıxarmq yaxşı şeydir. Amma, bütün insanlar keçmişdən indiyə gəlib
gələcəyə gedirlər. Bunun əksini edən insan hələ ki dünyaya gəlməyib. Biz indi
üzbəüz oturmuşuq. Sən enişə, gəldiyimiz yerlərə baxırsan, mən yoxuşa, gedəcəyimiz
yollara. Sən keçmişi görürsən və kədərlənirsən, mən gələcəyi görüb sevinirəm. Gəl
yerimizi dəyişək, kefin açılsın. – Zəfər Qəhrəmanlı bunu deyib, oturduğu yerdən
qalxdı.
-Vəkil
ki vəkil. Yerimi dəyişdiyim üçün kefim niyə açılsın ki?
-Tərslik
etmə, dur ayağa, keç mənim yerimdə otur.
Batareya
komandiri:
-Yaxşı.
– deyib ayağa qalxdı. Keçib Zəfər Qəhrəmanlının bayaq oturduğu daşın üzərində əyləşdi.
Yerlərini
dəyişdikdən sonra Zəfər Qəhrəmanlı batareya komandirindən soruşdu:
-Hə,
komutan, kefin açıldı?
-Açıldı.
-Niyə?
-Çünki,
yoxuşun zirvəsində bir qüllə görürəm. Onun da zirvəsində dalğalanan üçrəngli
bayrağı.
-Bax,
o gördüyün gələcəkdi. Gələcək həmişə şirindi. İnsanı yaşadan keçmişin acıları və
gələcəyin şirinliyidir. Keçmişin acılarından dərs al, amma, yüz yaşın olsa da gələcəyin
xəyalını qur. Yalnız keçmişlə yaşayan, gələcəyin xəyalını qura bilməyən iyirmi
yaşlı insan artıq gənc deyil, yüz yaşında xəyal qura bilirsənsə, deməli işin hələ
bitməyib.
Zəfər
Qəhrəmanlı son cümləsini bitirdikdən sonra qəflətən soyuqdan titrədi. Ona görə
də ayağa durdu:
-Yaxşı,
gedək sığınacağa. Soyuqdur. Boş-boş danışmağıma baxma, qoca elə qocadır, üşüyürəm,
- deyib gülümsədi.
-Sən
get, mən bir az da oturum, gəlirəm. – Kombat da gülümsünərək ona cavab verdi.
Zəfər
Qəhrəmanlı ayağa durub, sığınacağa tərəf qalxmağa başladı. Beş addım getməmişdi
ki, kombatın səsi gəldi:
-Əsgərlərə
deyərsən bayrağı dəyişərlər. Dünəndən “bayrağı dəyişək, bayrağı dəyişək” deyirsən.
Elə bilirsən bayrağı niyə təcili dəyişmək istədiyini bilmirəm?
Zəfər
Qəhrəmanlı geri dönüb soruşdu:
-Parça-parça
olub, ona görə dəyişmək istəyirəm. Niyə görə dəyişmək istəyəcəm ki?
-Dəyişəndən
sonra köhnəsini neynəyəcəksən? Atacaqsan?
-Bayrağı
atarlar? Atmayacağam. Aparıb uşaqlarıma, doğmalarıma, dostlarıma göstərəcəyəm.
“Şanlı bayraq, şanlı bayraq” deyirik həmişə. Sözgəlişi. Niyə şanlı olduğunu heç
fikirləşmirik. Bizim bayrağın vəziyyətini görəndə başa düşəcəklər “şanlı”
sözünün mənasını.
-Elə
onu deyirəm da. Yadigar saxlamaq üçün dəyişmək istəyirsən bayrağı. Mən də
müharibədən xatirə kimi götürmək istəyirdim onu. Bilirdim ki, sən də buna görə
bayrağı dəyişmək istəyirsən. Sənin xətrinə dəymək istəmirdim, ona görə də dəyişməyə
qoymurdum. Amma, indi fikirləşdim ki, sən götürsən daha düzgün olar. Qoca kişisən.
Kimdi səni bundan sonra müharibəyə çağıran? Görüb-görəcəyin bu olacaq. Bir də
hardan tapacaqsan belə şanlı bayrağı. - Kombat bic-bic gülümsəməyə başladı və əlavə
etdi: - Mən isə cavan oğlanam, hələ qabaqda Zəngəzur, Göyçə, İrəvan var!
Zəfər
Qəhrəmanlı bu dəfə “qoca” sözünə hirslənmədi. Əksinə fəxr etdi ki, “qocalıq”
çağında olsa da bu şanlı bayrağın uğrunda vuruşmaq ona qismət olmuşdu.
Ayaqlarını cütləyib, fərəqət vəziyyətini aldı, yarı zarafat, yarı ciddi
komandirinə əsgəri salam verib qışqırdı:
-Sağ
ol, komutan! Şanlı bayraq mənimdir! Qarabağ Azərbaycandır!