"Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.
2025-ci il 6-7 noyabr
tarixlərində təşkil olunan aksiyalar çərçivəsində Quba, Zərdab və Lənkəran
rayonlarında vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təşkil olunub.
Belə ki, Quba şəhərində
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında Milli Məclisin
deputatı Əlibala Məhərrəmzadənin, Zərdab rayon Heydər Əliyev Mərkəzində deputat
Jalə Əliyevanın, Lənkəran şəhəri Qəni Vəliyev adına Mədəniyyət Evində isə
deputat Fariz İsmayılzadənin təşəbbüsü və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz
hüquqi yardımın göstərilməsi təmin edilib.
Aksiyalarda Quba, Ağcabədi
və Lənkəran rayon Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə 40-dan çox
vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.
















