"Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika üzrə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı” günü keçirilib.
Noyabrın 7-də təşkil
olunan aksiya çərçivəsində “Pro Bono”, “Mərkəz”, Bakı şəhəri 38 saylı və Gəncə
Regional, Şəki Regional və Şirvan Regional Vəkil bürolarının vəkilləri vətəndaşlara
pulsuz hüquqi yardımlar göstəriblər.
Görüşlər zamanı vətəndaşlar
tərəfindən cinayət, inzibati və mülki işlər, mülkiyyət hüquqlarının müdafiəsi,
hüquqi faktların müəyyən olunması, pensiya təminatı, kredit və mənzil mübahisələri,
habelə digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər daxil olub.
Vəkillər hər bir vətəndaşın
müraciətinə fərdi yanaşma göstərərək, hüquqi məsləhətlər verib, ərizələrin və
digər sənədlərin hazırlanmasında köməklik göstəriblər. Bundan başqa, sakinlərə
hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi
istiqamətində lazımi addımlar atılıb.
Aksiya çərçivəsində ümumilikdə 100-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
























