Anar Bağırov “Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilib
8-9 noyabr 2025-ci il
tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar
Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının
(GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş “Hüquqşünasların (Vəkillərin)
Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli
vasitə” mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində
iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.
Səfərdə VK-nın sədr
müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi
Gözəl Hüseynzadə də iştirak ediblər.
Konfransda Avropa Vəkillər
Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq
Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin
Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq
təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri
iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən
GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq
tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda VK-nın sədri
Anar Bağırov “Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin
təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu” mövzusunda
çıxış edərək son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi
istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb.
Sədr bildirib ki, bu
islahatların nəticəsi olaraq vəkillərin sayında əhəmiyyətli dərəcədə artım
müşahidə olunur, həmçinin vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının,
dövlət hesabına həyata keçirilən hüquqi yardıma dair ayrılan büdcə və göstərilən
dəstəyin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.
Eyni zamanda Anar Bağırov
qeyd edib ki, VK bu gün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasında, Hakimlərin
Seçki Komitəsində və digər aidiyyəti dövlət qurumlarında öz nümayəndələri ilə təmsil
olunur. Sədr söyləyib ki, bu, vəkillik institutunun hüquq sistemində yalnız
müdafiə funksiyası ilə deyil, həm də məhkəmə hakimiyyətinin səmərəli fəaliyyətinə
töhfə verən tərəf kimi tanınmasının göstəricisidir.
Həmçinin Anar Bağırov
vurğulayıb ki, Kollegiya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində
baxılan bütün işlər üzrə mütəxəssis mülahizəsi təqdim edir. Sədr əlavə edib ki,
bu proses Kollegiyanın ölkənin hüquqi mövqeyinin formalaşmasına və hüquq tətbiqi
təcrübəsinin təkmilləşdirilməsinə müstəqil şəkildə xidmət etdiyinin göstəricisidir.
Sədr çıxışının davamında
son illər ərzində VK ilə GVK arasında formalaşmış dostluq və qarşılıqlı faydalı
əməkdaşlığın Azərbaycan vəkilləri tərəfindən yüksək qiymətləndirildiyini tədbir
iştirakçılarının diqqətinə çatdırıb
Konfransın sonunda
iştirakçılar üçün rəsmi ziyafət təşkil olunub. Ziyafət zamanı GVK-nın sədri
David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova “Gürcüstan Vəkillər
Kollegiyasının 20 illiyi” yubiley medalı təqdim edilib.
Öz növbəsində, Anar
Bağırov da David Asatianiyə Kollegiyanın “Fəxri vəkili” diplomunu və rəmzi vəkil
mantiyasını təqdim edib. Eyni zamanda GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri
təqdim olunub.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.














