Vəkillər Kollegiyasının üzvü, “HGNS Kaunsilor” Vəkil Bürosunun vəkili Esmira Tağıyevanın “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Şübhəli və təqsirləndirilən şəxslərin müdafiə olunmaq hüququnun bəzi xüsusiyyətləri” adlı elmi məqaləsini təqdim edirik:
Annotasiya
Müdafiə
olunmaq hüququ cinayət təqibinə məruz qalan hər bir şəxsə milli və beynəlxalq
hüquqla verilmişdir. Bu hüquq fundamental hüquqlardan biri olan ədalətli məhkəmə
araşdırması hüququnun tərkib hissəsi kimi çıxış edir. Bu hüququn əsas subyektləri
şübhəli və təqsirləndirilən şəxslərdir. Bununla yanaşı, müdafiə olunmaq
hüququndan səmərəli istifadə üçün prosesdə bəzən müdafiəçilərin, qanuni nümayəndələrin
və ya hüquq varislərinin də iştirakı vacib olur. Məqalədə qüvvədə olan cinayət-prosessual
qanunvericilik əsasında həm şübhəli və təqsirləndirilən şəxsin anlayışı məsələsinə
aydınlıq gətirilmiş, həm də bu subyektlərin əsas müdafiə hüquqlarının mahiyyəti
izah edilmişdir. Müəllif cari cinayət-prosessual qanunvericiliyin bəzi maddələrinə
tənqidi yanaşmış, onlarda mövcud olan problemləri əsaslandırmış və bu problemlərin
həll edilməsi üçün konkret təkliflər irəli sürmüşdür. Məqalədə qeyd edilir ki,
şübhəli şəxsin və təqsirləndirilən şəxsin leqal tərifləri natamamdır. Ədalətli
məhkəmə araşdırması hüququnun təminatı baxımından faktiki vəziyyətinə görə
cinayət təqibinə məruz qalan hər bir şəxs müdafiə hüququna malik olmalıdır.
Cari qanunvericiliyə görə isə bəzən faktiki vəziyyətinə görə cinayət təqibinə məruz
qalan şəxsin prosessual statusu qeyri-müəyyən olur. Bu boşluq ədalətli məhkəmə
araşdırması hüququnun təminatına ciddi xələl gətirir. Şübhəli və təqsirləndirilən
şəxslərin müdafiə hüquqlarının mahiyyəti izah edilərkən Avropa Məhkəməsinin
presedent hüququndan seçilmiş hüquqi mövqelərə istinadlar edilmişdir.
Açar sözlər: cinayət prosesi, müdafiə hüququ, şübhəli şəxs, təqsirləndirilən şəxs,
leqal tərif, presedent hüququ, təfsir, qanunvericilik, təkliflər.
I. Giriş
Cinayət təqibinə məruz qalan şəxslərin müdafiə olunmaq hüququ uzun
tarixi inkişaf yolu keçmiş və ən fundamental insan haqlarından biridir. Bununla
belə, bu hüquq təkcə cinayət təqibinə məruz qalan şəxslərin öz taleləri üçün
deyil, bütövlükdə dövlətin ədalət mühakiməsi sisteminin qanuni və səmərəli fəaliyyəti,
eləcə də cəmiyyətin maraqlarının təmin edilməsi üçün olduqca vacibdir, çünki ədalətli
məhkəmə araşdırması hüququnun tərkib elementi kimi çıxış edən minimal müdafiə
hüquqlarının təmin edilməsi səviyyəsi, ümumilikdə, ölkədə ədalət mühakiməsinin
keyfiyyət və səmərəlilik göstəricilərindən biri kimi çıxış edir və cəmiyyətin
demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir [9, s. 42-43]. Müdafiə
olunmaq hüququ əsas cinayət-prosessual funsksiyalardan biri olan müdafiə
funksiyasının əsas qayəsini təşkil edir. Məhz bu hüquqdan yararlanmaqla, şəxsə
qarşı irəli sürülmüş ittiham təkzib edilə bilir, ittihamın kəmiyyət (irəli
sürülən ittihamda nəzərdə tutulan əməllərin, yaxud epizodların sayı ilə əlaqədar
olaraq) və keyfiyyət (irəli sürülən ittihamda nəzərdə tutulan hüquqi tövsifin
mahiyyətcə yüngülləşmə istiqamətində dəyişdirilməsi ilə əlaqədar olaraq) göstəricilərində
cinayət təqibinə məruz qalan şəxsin xeyrinə dəyişikliklərə nail olmaq mümkünləşir.
Müdafiə fəaliyyəti ittiham fəaliyyətinə qarşı cavab olaraq realizə edilir [1,
s. 17]. Bu anlamda, cinayət təqibinə məruz qalan şəxslərin – şübhəli şəxslərin,
təqsirləndirilən şəxslərin müdafiə olunmaq hüququnun mahiyyətinin, məzmununun,
mümkün realizə formalarının və s. elmi cəhətdən tədqiq edilməsi hər zaman öz
aktuallığını qoruyub saxlamaqdadır. Bu amili nəzərə alaraq cari məqalədə qüvvədə
olan cinayət-prosessual qanunvericilik əsasında şübhəli və təqsirləndirilən şəxslərin
anlayışları məsələsinə aydınlıq gətirilməsinə, bu subyektlərin əsas müdafiə
hüquqlarının mahiyyətinin izah edilməsinə, cari qanunvericiliyin bəzi maddələrində
mövcud olan problemlərin həll edilməsi üçün konkret təkliflərin irəli sürülməsinə
cəhd göstərilmişdir.
II. Müdafiə hüququnun mahiyyəti və məzmunu
Şübhəli və / və ya təqsirləndirilən şəxslər
bilavasitə cinayət təqibinə məruz qalan subyektlər olduğu üçün onlar müdafiənin
əsas subyektləri hesab edilirlər. Bu subyektlərə keyfiyyətli hüquqi yardım göstərməklə
müdafiəni həyata keçirən əsas subyekt isə müdafiəçidir. Şübhəli şəxsin və / və
ya təqsirləndirilən şəxsin müdafiə olunma hüququnun xüsusiyyətlərini izah etmək
üçün, ilk növbədə, bu subyektlərin anlayışına diqqət yetirmək lazımdır. Cinayət
Prosessual Məcəllənin (CPM-in) 90.1-ci maddəsinin mənasına görə, fiziki şəxs o
zaman şübhəli şəxs qismində tanınır ki, ya onun barəsində ittihamın elan edilməsi
üçün tutulmasına dair qərar qəbul edilmiş olsun, ya bu şəxs cinayət törətməkdə
şübhəli olduğuna görə tutulmuş olsun, ya da bu şəxsin barəsində qətimkan tədbiri
(ev dustaqlığı, həbs və girov kimi qətimkan tədbirləri istisna hesab edilir,
çünki bu qətimkan tədbirləri yalnız təqsirləndirilən şəxs barəsində tətbiq edilə
bilər) seçilmiş olsun.
Bununla belə, bizim fikrimizcə, CPM-də şübhəli şəxsə
verilmiş anlayış bir o qədər də tam deyildir və bu səbəbdən cinayət prosesində
faktiki vəziyyətinə görə şübhəli şəxs vəziyyətində olan bir qrup şəxs formal
mülahizələrə görə şübhəli şəxs hesab edilmir və nəticə etibarilə bu şəxslərin
müdafiə olunmaq hüququ əhəmiyyətli dərəcədə məhdudlaşır. Belə ki, CPM-in
90.1-ci maddəsindən göründüyü kimi, qanunverici orqan şübhəli şəxsin normativ
anlayışını, bir qayda olaraq, konkret şəxsə qarşı prosessual məcburiyyətin
(tutulma haqqında qərar, bilavasitə tutulma, bəzi qətimkan tədbirləri) tətbiqi
ilə bağlayır. CPM-in 90.1-ci maddəsinin formal təfsiri zamanı belə qənaətə gəlmək
olar ki, məhkəməyədək icraat zamanı konkret şəxs barəsində yetərli sayda
ifşaedici dəlillər müəyyən edilmiş olsa da, əgər bu şəxs barəsində qanunda
sadalanan prosessual məcburiyyət tədbirlərindən (tutulma haqqında qərarın
çıxarılması, şəxsin tutulması, yəni faktiki olaraq azadlığının məhdudlaşdırılması,
yaxud barəsində bəzi qətimkan tədbirlərinin seçilməsi) hər hansı biri tətbiq
edilməzsə, belə şəxs hələ prosessual anlamda şübhəli şəxs hesab edilməyəcəkdir.
Bu təfsirin əsas mənfi cəhəti ondan ibarətdir ki, belə yanaşmada faktiki olaraq
barəsində ifşaedici fəaliyyət aparılan şəxs cari qanunvericiliyin müddəaları mənasında
şübhəli şəxs statusu əldə etmədiyi üçün qanunla şübhəli şəxsə verilən
hüquqlardan və təminatlardan faydalanmaq imkanından məhrum qalır. Cari
qanunvericiliyin normalarını rəhbər tutsaq, belə çıxır ki, əgər hazırlanan,
yaxud artıq törədilmiş cinayətlər haqqında müvafiq ərizə və / və ya məlumatların
ilkin yoxlanması gedişatında hüquq-mühafizə orqanları konkret şəxsləri ifşa etmək
məqsədilə prosessual xarakterli fəaliyyət aparsalar da, lakin bu zaman faktiki
olaraq barəsində ifşaedici fəaliyyət apardıqları şəxsə qarşı hər hansı
prosesussual məcburiyyət tədbiri tətbiq etməsələr (məsələn, onu tutmasalar),
belə şəxs hələ də prosessual anlamda şübhəli şəxs statusu əldə etmiş
olmayacaqdır. Vəziyyətin abrusdluğu o həddədir ki, cari qanunvericiliyə görə, hətta
konkret şəxsin barəsində cinayət işi başlanılmış olsa, lakin onun barəsində
prosessual məcburiyyət tətbiq edilməmiş olsa (məsələn, o tutulmamış olsa, yaxud
onun barəsində qətimkan tədbiri seçilməmiş olsa), belə şəxs də, barəsində cinayət
işinin olmasına rəğmən, prosessual anlamda şübhəli şəxs statusu əldə etmir. Bu
anlamda, hüquq ədəbiyyatında ifadə edilmiş belə bir mövqeni ədalətli yanaşma
sayırıq ki, əgər cinayət işi hansısa konkret şəxs barəsində başlanılarsa, bu
hallarda həmin şəxs dərhal şübhəli şəxs statusu əldə etmiş sayılsın və bu
qaydanı nəzərdə tutan müddəa cinayət-prosessual qanunvericiliyə rəsmən daxil
edilsin [5, s. 95]. Başqa sözlə, şəxsin şübhəli şəxs statusu əldə etməsindən
ötrü onun faktiki vəziyyətinə önəm verilməlidir. Bu yanaşmaya əsasən, şəxsin
şübhəli şəxsin hüquq və vəzifələrindən istifadə etməsi üçün onun barəsində qəbul
edilmiş qərarların və tətbiq edilmiş tədbirlərin konkret növünün əhəmiyyəti
yoxdur, həmin qərar və tədbirlərlə şəxsin hansı faktiki vəziyyətə düşdüyü əhəmiyyətlidir.
Qeyd edək ki, İnsan Haqlarına dair Avropa Məhkəməsinin hüquqi mövqelərində də məhz
bu yanaşma, yəni şəxsin məhz faktiki vəziyyətinə görə onun ittihama məruz qalan
şəxs kimi qəbul edilməsi yanaşması doğru hesab edilir [6; 11; 12].
Hüquq ədəbiyyatında qeyd edilir ki, şəxsin barəsində CPM-in 207.1.2-ci
maddəsində nəzərdə tutulan prosessual fəaliyyət həyata keçirilərsə, yaxud şəxsə
münasibətdə o, tutulmadan və ya barəsində qətimkan tədbiri tətbiq edilmədən
cinayət işinin başlanılması haqqında qərar qəbul edilmiş olarsa, yaxud da şəxs
barəsində CPM-in 177.4.5-ci maddəsində nəzərdə tutulmuş məcburiyyət tədbiri tətbiq
edilmiş olarsa, onun prosessual statusu şübhəli şəxsin prosessual statusuna bərabər
tutulmalı və bu anlamda, o, həm beynəlxalq hüquqla, həm də milli hüquqla cinayət
təqibinə məruz qalan şəxslər üçün nəzərdə tutulmuş minimal müdafiə
hüquqlarından yararlanmaq imkanına malik olmalıdır [3; 8; 10].
Göründüyü kimi, CPM-in 90.1-ci maddəsində şübhəli şəxsə anlayışının
verilməsi üçün tətbiq edilən meyarlar tam olaraq uğurlu deyil, daha doğrusu,
kifayət qədər natamamdır. Hesab edirik ki, müdafiə subyekti olan şübhəli şəxsin
prosessual hüquqi vəziyyətinin daha dəqiq tənzim edilməsi və onun müdafiə
hüquqlarının daha səmərəli şəkildə təmin edilməsi üçün qanunvericiliyin qeyd
edilmiş boşluğu qısa bir zamanda aradan qaldırılmalıdır. Bu məqsədlə, təklif
edirik ki, CPM-in 90-cı maddəsinə növbəti məzmunda yeni bəndlər əlavə edilsin:
“90.1.4. barəsində bu Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş
qaydada ilkin yoxlama aparılan şəxs;
90.1.5. barəsində cinayət işinin başlanması haqqında qərar qəbul
edilmiş şəxs”.
CPM-in 91.1-ci maddəsində isə, təqsirləndirilən şəxsin
anlayışı verilmişdir. Həmin maddənin mənasına görə, şəxsin təqsirləndirilən şəxsin
statusu əldə etməsi üçün onun barəsində müstəntiq, prokuror, yaxud məhkəmə tərəfindən
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında prosessual qərar çıxarılmış
olmalıdır. Müxtəlif icraat formaları daxilində təqsirləndirilən şəxs statusunun
əldə edilməsi prosedurlarının fərqli olması barədə hüquq ədəbiyyatında
bildirilmiş mövqeni haqlı hesab edirik. Belə ki, əgər məhkəməyədək icraat
ibtidai istintaq formasında aparılarsa, şəxsin təqsirləndirilən şəxs statusu əldə
etməsi üçün həqiqətən də onun barəsində məhz təqsirləndirilən şəxs qismində cəlb
etmə haqqında prosessual qərar çıxarılmış olmalıdır. Lakin belə icraat ibtidai
istintaq deyil, təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat formasında həyata
keçirilərsə, bu zaman cinayət təqibinə məruz qalan şəxs barəsində təqsirləndirilən
şəxs qismində cəlb etmə haqqında prosessual qərar qəbul edilmir. Belə bir qərar,
həmçinin xüsusi ittihamlı işlər üzrə də qəbul edilmir. Belə ki, qeyd edilən
birinci halda məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun
protokol adlanan prosessual sənəd cinayət təqibinə məruz qalan şəxsə təqdim
olunduğu andan, ikinci halda isə məhkəmənin hazırlıq iclasının nəticəsi olaraq
məhkəmə tərəfindən çıxarılmış xüsusi ittiham qaydasında şikayətin icraata qəbul
edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarın surəti, barəsində
şikayət verilmiş şəxsə təqdim edildiyi andan həmin şəxs təqsirləndirilən şəxs hesab
edilir [2, s. 243]. Qeyd edilən kontekstdə müşahidə etmək olur ki, təqsirləndirilən
şəxsə CPM-in 91.1-ci maddəsində verilmiş leqal tərif də kifayət qədər
natamamdır, çünki o, öz məzmununda, barəsində təqsirləndirilən şəxs qismində cəlb
etmə haqqında qərar qəbul edilmədən təqsirləndirilən şəxs statusu əldə edən
subyektləri ehtiva etmir. Bunu nəzərə alaraq, CPM-də təqsirləndirilən şəxsin
anlayışını təkmilləşdirmək məqsədilə təklif edirik ki, CPM-in 91.1-ci maddəsi
aşağıdakı yeni redaksiyada verilsin:
“91.1. Barəsində bu Məcəllənin 223.2-ci və ya 300.1.2-ci maddələrində
nəzərdə tutulmuş qərarlardan hər hansı biri qəbul edilmiş, yaxud bu Məcəllənin
296.1-ci maddəsində nəzərdə tutulmuş yekun protokolu tərtib edilmiş şəxs təqsirləndirilən
şəxs hesab edilir”.
Beləliklə, şübhəli şəxsin və təqsirləndirilən şəxsin
anlayışına dair məsələyə aydınlıq gətirildikdən sonra, şübhəli şəxs və / və ya
təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququnun xüsusiyyətlərini də izah etmək
olar. Qeyd etmək lazımdır ki, müdafiə olunmaq hüququ öz məzmununa görə kifayət
qədər geniş bir hüquqi kateqoriyadır. Müəyyən mənada müdafiə hüququ ümumiləşdirici
termin kimi çıxış edib, əslində müdafiə olunan şəxsin bir neçə hüququnu özündə
birləşdirir. Başqa sözlə, şübhəli və ya təqsirləndirilən şəxsin istənilən
hüququna ayrılıqda nəzər salsaq, həmin hüquq bu və ya digər dərəcədə, dolayısı
ilə də olsa, müdafiə hüququnun tərkib hissəsi kimi çıxış edəcəkdir. Milli hüquq
ədəbiyyatında, haqlı olaraq qeyd edilmişdir ki, müdafiə hüququ özündə cinayət təqibinə
məruz qalan şəxsə rəsmən elan olunmuş ittihamın təkzib edilməsi, yaxud bu şəxsi
gözləyən cinayət məsuliyyətinin yüngülləşdirilməsindən ötrü istifadə edilə biləcək,
qanunla nəzərdə tutulmuş bütün prosessual üsul və vasitələrin məcmusunu ehtiva
edir. Müdafiə hüququ müdafiə tərəfinin subyektləri – özəlliklə, cinayət təqibinə
məruz qalan şəxs və onun vəkili tərəfindən realizə edilir, cinayət prosesini
aparan səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri – məhkəmə
başda olmaqla, prokuror, müstəntiq və təhqiqatçı tərəfindən isə təmin edilir.
Sonuncular müdafiə hüququnun təmin edilməsinə dair onların üzərlərinə qoyulmuş
vəzifələri icra etməzlərsə, bu, kobud prosessual pozuntu kimi dəyərləndirilə
bilər [7, s. 335].
Bu anlamda, şübhəli və təqsirləndirilən şəxslərin
müdafiə olunmaq hüququnun mahiyyətini izah etmək üçün, əslində, onlara qanunla
verilmiş əksər prosessual hüquqlara ayrı-ayrılıqda toxunulmalı və onlar izah
edilməlidir. Elmi məqalənin həcm hüdudlarından daha səmərəli istifadə etmək
üçün, hesab edirik ki, şübhəli və təqsirləndirilən şəxslərin prosessual
hüquqlarına bir yerdə nəzər salmaq məqsədəuyğundur, çünki aşağıda veriləcək
izahlardan da aydın olacaqdır ki, qüvvədə olan qanunvericiliyə görə şübhəli və
təqsirləndirilən şəxslər, demək olar ki, tam mənada eyni hüquqlara malikdirlər.
Beləliklə, şübhəli və təqsirləndirilən şəxslərin
müdafiə olunmaq hüququnun tərkib hissəsi kimi çıxış edən prosessual hüquqların
sisteminə və məzmununa nəzər salaq. Şübhəli şəxsin nədə şübhələnildiyini bilmək,
təqsirləndirilən şəxsin isə nədə təqsirləndiyini bilmək hüquqları onların
müdafiə olunmaq hüququnun əsas tərkib hissələrindən biridir. Bundan başqa, bu
subyektlərin onların maraqlarına toxunan prosessual qərarların (məsələn, barəsində
həbs qətimkan tədbiri seçildikdə və s.) surətini almaq hüquqları da mövcuddur.
Prosessual hüquq kimi, ittihamın mahiyyətini bilmək özündə təqsirləndirilən şəxsə
elan edilmiş ittihamda şəxsə istinad edilən Cinayət Məcəlləsinin müvafiq maddələrində
nəzərdə tutulmuş cinayətin hüquqi tövsifi, iş üzrə müəyyən edilmiş konkret
epizodlar, şəxsə istinad edilən maddənin dispozisiyasının ayrı-ayrı elementlərinin
mənası, sanksiyasının növləri və hədləri və s. barədə məlumat almağı ehtiva
edir. Rəsmi ittihamın məzmunu təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında
qərarda, ittiham aktında və / və ya məhkəməyədək sadələşdirilmiş icraata dair
yekun protokolda (xüsusi ittihamlı işlər üzrə isə məhkəməyə ünvanlanmış xüsusi
ittiham qaydasında şikayətdə) əks olunur. Bunula belə, qeyd edilən prosessual
aktların surətlərinin şəxsə sadəcə olaraq təqdim edilməsi onun ittihamın mahiyyətini
bilmək hüququnun realizəsi üçün kifayət deyildir. Nəzərdən keçirilən hüququn səmərəli
realizə edilməsi üçün cinayət prosesini həyata keçirən orqan cinayət təqibinə məruz
qalan şəxsə ittihamın mahiyyəti və onun məhkəmə müdafiə edilməsinin nəticələri
barədə izahlar da verməlidir. İşin icraatı zamanı ittiham həcminə görə həm
azala, həm də çoxala, eləcə də, məzmununa görə dəyişə bilər. İttihamın hər bir
dəyişikliyi halında təqsirləndirilən şəxsin ittihamdakı dəyişikliyin nədən ibarət
olduğundan xəbərdar olmaq hüququ da ittihamın mahiyyətini bilmək hüququnun tərkib
hissəsi kimi təmin edilməlidir.
Şübhəli şəxs tutulduqda, nə üçün tutulduğunun əsasını bilmək; tutulma
anından (eləcə də, barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar ona
elan edildiyi andan) etibarən vəkil (müdafiəçi) yardımından istifadə etmək;
onun tutulmasını həyata keçirlmiş şəxs tərəfindən öz prosessual hüquqları barədə
yazılı qaydada məlumatlanmaq (müvafiq bildiriş almaq); tutulması, yaxud barəsində
qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarılmış olduqda, bu qərarların
surətini almaq; tutulması protokollaşdırılarkən müvafiq prosessual sənədin tərtibatı
başa çatdıqdan dərhal sonra onun məzmunu ilə tanış olmaq; tutulması haqqında
protokola əlavə edilməsi üçün öz qeydlərini bildirmək kimi hüquqlara malikdir.
Bənzər hüquqlara təqsirləndirilən şəxs də malikdir. Sadalanan hüquqlarla
yanaşı, cinayət təqibinə məruz qalan şəxslərin səmərəli müdafiəsi üçün öz vəkilini
(müdafiəçisini) müstəqil olaraq seçmək, müdafiəçisinin səlahiyyətlərini öz iradəsi
ilə xətm etmək, müdafiəçinin yardımından imtina edərək, özünü müstəqil (müdafiəçi
yardımından istifadə etmədən) müdafiə etmək, öz müdafiəçisi ilə söhbət sayna və
müddətinə məhduduyyət qoyulmadan konfidensial şəraitdə təklikdə görüşmək və məsləhətləşmək,
o cümlədən, dövlət hesabına göstərilən hüquqi yardımdan faydalanmaq kimi
hüquqların da böyük əhəmiyyəti vardır.
Cinayət təqibinə məruz qalan şəxs bu və ya digər
səbəbdən müdafiəçinin yardımından imtina edərsə, imtina anından etibarən o,
özünü müstəqil müdafiə edən hesab olunur. Odur ki, vəkil yardımı olmadan həyata
keçirilən müdafiənin səmərəliliyə xələl gəlməməsi üçün qanun belə hallarda
cinayət təqibinə məruz qalan şəxsə mümkün olan dərəcədə müdafiəçi üçün nəzərdə
tutulmuş prosessual hüquqlardan da istifadə imkanı verir (CPM-in 91.6-cı maddəsi).
Şəxsən müdafiə olunma və özünü müstəqil müdafiə etmə anlayışları çox yaxın
olsalar da, tam eyniyyət təşkil etmirlər. Şəxsən müdafiə olunma anlayışı daha
geniş anlayış kimi başa düşülməlidir. Çünki şəxsin müdafiəçiyə malik olması
onun müdafiəçi ilə yanaşı şəxsən özü tərəfindən öz müdafiəsini həyata keçirməsini
istisna etmir. Şəxsin özünü müstəqil müdafiə etməsi zamanı onun müdafiə
hüquqlarının təmin edilməsi üçün onun müdafiəçidən imtina etməsi qanuni və əsaslı
şəkildə həyata keçirilmiş olmalıdır. Məhkəməyədək icraatda müdafiəçidən imtina
etmiş şəxs öz mövqeyində dəyişiklik edərsə, cinayət təqibini həyata keçirən
orqan buna lazımi reaksiya verməlidir.
Müdafiə tərəfinin subyektləri kimi, həm şübhəli şəxsin,
həm də təqsirləndirilən şəxsin müdafiəçidən imtina etmək hüququ vardır (CPM-in
90.7.7 və 91.5.7-ci maddələri). Müdafiəçidən imtina yalnız leqal şərtlər, əsaslar
və prosedurlar daxilində yolverilən hesab edilir. Heç də müdafiəçidən imtinanın
bütün halları qəbuledilən hesab olunmur. Müdafiəçidən imtinanın qəbul edilə
bilməsi üçün, ilk növbədə belə imtina cinayət təqibinə məruz qalan şəxsin öz təşəbbüsü
olmalı (cinayət prosesini aparan dövlət orqanı, yaxud işdə iştirak edən hər
hansı digər subyekt cinayət təqibinə məruz qalan şəxsə müdafiəçidən imtina etməyi
və özünü müstəqil müdafiə etməyi tövsiyə etməməli, onu bu addımı atmağa sövq
etməməlidir) və bu təşəbbüs könüllü iradə ifadəsinə əsaslanmalıdır (müdafiəçidən
imtinaya məcbur edilmə istənilən formada qətiyyən yolverilməzdir). Müdafiəçidən
imtina prosedurunun özü, paradoksal səslənsə də, artıq təyin edilmiş, yaxud təyin
edilməsi nəzərdə tutulan vəkilin iştirakı olmadan həyata keçirilə bilməz. Bu
qayda prosessual təminat xarakteri daşıyır, müdafiəçidən imtinanın real vəkil
yardımının əlçatan olduğu şəraitdə könüllü və anlaqlı bir şəkildə baş tutduğuna
dəlalət edir. Müdafiəçidən imtina prosedurunun daha bir məcburi atributu onun
mütləq protokollaşdırılmalı olmasıdır. Müvafiq protokol müdafiəçidən imtinanın
yuxarıda sadalanan şərtlərə əməl edilməklə baş tutduğunu əks etdirmək üçün
vacibdir. Lakin nəzərə almaq lazımdır ki, müdafiəçidən imtina heç də bütün
hallarda cinayət prosesini aparan orqanlar tərəfindən qəbul edilməli və tətbiq
edilməli olan prosedur deyildir. Belə ki, cari cinayət-prosessual
qanunvericilik müdafiəçidən imtinanın qəbul edilməli olmadığı (bunun mümkün
olmadığı) halların sistemini müəyyən etmişdir (CPM-in 92.12-ci maddəsi). Bundan
başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in
92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il
tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqe ondan ibarətdir ki, əgər ədalət
mühakiməsinin maraqları bunu tələb edərsə, cinayət prosesini aparan dövlət
orqanları hətta CPM-in 92.3-cü maddəsində bilavasitə təsbit edilməmiş hallarda
da cinayət təqibinə məruz qalan şəxsə müdafiəçi təyin edə bilərlər.
İbtidai araşdırma zamanı müdafiəçidən imtina etmiş şəxsin mövqe dəyişikliyi
etdiyi hallarda cinayət təqibini həyata keçirən orqanın reaksiyası məsələsinə gəlincə,
qeyd edilməlidir ki, müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən
sonra cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə
haqlıdır (CPM-in 92.13-cü maddəsi), o cümlədən müdafiəçidən imtina etmiş şübhəli
və ya təqsirləndirilən şəxsə CPM-in 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi
təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını
məcburi edən hal deyil (CPM-in 92.5-ci maddəsi). Məhkəməyədək icraatda müdafiəçidən
imtina etmiş şəxsin bu məsələ ilə bağlı mövqe dəyişikliyi cinayət təqibi orqanı
üçün məcburidir, yəni cinayət təqibi orqanı belə hallarda müdafiəçinin iştirakını
təmin etmək vəzifəsi daşıyırlar. Odur ki, qeyd edilən halda şəxsin müdafiçi ilə
təmin edilməməsi onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir.
Özünə vəkil seçmək hüququna gəlincə, xatırlamaq istərdik ki, belə
hüquq yalnız o halda yaranır ki, təqsirləndirilən şəxsin öz vəkilinin haqqını
ödəmək üçün kifayət qədər maddi vəsaiti olmuş olsun. Bu tezisdən belə məntiqi nəticə
hasil olunur ki, pulsuz hüquqi yardım alan təqsirləndirilən şəxs özünə müdafiəçi
seçmək və ya bu məsələ barədə rəyini bildirmək hüququna malik deyil. Bununla
belə, özünə müdafiəçi seçmək hüququ da mütləq deyil. Dövlət vəkillərin məhkəmədə
iştirakını tənzimləmək və müəyyən hallarda konkret şəxsləri müdafiəni həyata
keçirməkdən kənarlaşdırmaq hüququna malikdir. Başqa sözlə, ibtidai araşdırma
zamanı, eləcə də, cinayət prosesinin digər mərhələlərində şübhəli və ya təqsirləndirilən
şəxsin özü üçün Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyətini həyata
keçirməyə hüququ olmayan şəxsi müdafiəçi kimi seçmək və ya haqqını ödəməyə
maddi imkanının olmadığı halda ödənişli vəkilin müdafiəçi kimi dəvət edilməsini
tələb etmək kimi hüquqları yoxdur. İbtidai araşdırmada cinayət təqibini həyata
keçirən orqan tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin seçdiyi vəkilin
cinayət prosesində iştirakını istisna edən hallar aşkar edilməsi səbəbindən işdən
kənarlaşdırması da şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun
pozulması hesab edilmir. Bu zaman nəzərə almaq lazımdır ki, müdafiəçinin işdə
iştirakını istisna edən halların dairəsi qanunla müəyyən edilmişdir (CPM-in
114.1.1-114.1.5-ci maddələri), qapalı siyahı xarakterlidir və cinayət təqibinin
mülahizəsinə görə genişləndirici şərhə məruz qala bilməz. Qanunda nəzərdə
tutulmayan hər hansı əsasla şübhəli və ya təqsirləndirilən şəxsin seçidiyi
müdafiəçinin cinayət prosesində iştirakının məhdudlaşdırılması isə, həqiqətən də,
müdafiə hüququnun kobud pozuntusudur.
Şübhəli şəxsin və təqsirləndirilən şəxsin pulsuz
hüquqi yardım almaq hüququ iki haldan asılıdır. Birincisi, təqsirləndirilən şəxsin
vəkilin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmamalıdır. İkinci hal isə
ondan ibarətdir ki, ədalət mühakiməsinin maraqları pulsuz hüquqi yardımın təmin
edilməsini tələb edə bilər. İkinci halda bir sıra amillər məcmu halında nəzərə
alınmalıdır. Belə ki, əvvəla, məhkəmə təqsirləndirilən şəxsin hüquqi yardım
almadan öz müdafiəsini həyata keçirmək qabiliyyətinə diqqət yetirməlidir. Cinayət
işi mürəkkəb məsələlərə aiddirsə və təqsirləndirilən şəxs müvafiq hüquqi
arqumentləri irəli sürmək və əsaslandırmaq üçün zəruri hüquqi hazırlığa malik
deyilsə, iş üzrə müdafiəni yalnız təcrübəli vəkil bacararsa, ədalət mühakiməsinin
maraqları həmin iş üzrə rəsmi qaydada vəkilin təyin olunmasını tələb edir (məsələn,
İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Hoanq Fransaya qarşı
iş, 29 avqust 1992-ci il tarixli qərar). İkincisi, məhkəmə hər hansı mümkün
sanksiyanın ciddiliyini nəzərə almalıdır. Söhbət azadlıqdan məhrum olunmaqdan
gedirsə, ədalət mühakiməsinin maraqları prinsipcə pulsuz hüquqi yardım tələb
edir (məsələn, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Benhem
Birləşmiş Krallığa qarşı iş, 10 iyun 1996-cı il tarixli qərar). Nəzərə almaq
lazımdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin
“c” bəndinin pozulduğunu müəyyən etmək üçün pulsuz hüquqi yardımın göstərilməməsinin
təqsirləndirilən şəxsə real ziyan vurduğunu sübut etməyə ehtiyac yoxdur, belə
sübut zəruri olsaydı, bu norma öz mahiyyətini əhəmiyyətli dərəcədə itirmiş
olardı. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndi vəkilin sadəcə təyin edilməsini
deyil, onun yardımından real istifadə edilməsini nəzərdə tutur, vəkilin sadəcə
olaraq təyin edilməsi təqsirləndirilən şəxsə səmərəli hüquqi yardımı təmin etmir
(məsələn, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Artiko
İtaliyaya qarşı iş, 30 aprel 1980-ci il tarixli qərar). Səlahiyyətli milli
orqanlardan tələb olunur ki, pulsuz hüquqi yardım göstərən vəkil tərəfindən səmərəli
hüquqi yardımın göstərilməməsi açıq-aşkar göz qabağındadırsa və ya bu onlara hər
hansı başqa bir üsulla məlum olubsa, o halda məsələyə müdaxilə etsinlər (məsələn,
İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Kamazinski Avstriyaya
qraşı iş, 19 dekabr 1989-cu il tarixli qərar) [4; 6; 12].
Cinayət təqibinə məruz qalmış şəxsin müdafiə hüququnun realizəsi üçün
onun ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, eləcə də, tərcüməçinin
köməyindən pulsuz istifadə etmək hüquqlarının da böyük əhəmiyyəti vardır. Yeri
gəlmişkən, qeyd edilməlidir ki, tutulmuş şəxs (o cümlədən, təqsirləndirilən şəxs)
hüquqi yardım almaq arzusunda olduğunu bildirərsə, bu şəxsdən o, belə hüquqi
yardımla təmin edilməyənədək hər hansı bir ifadə alınmamalıdır, əgər o, belə
bir arzusunun olduğunu artıq ifadə verməyə başladıqdan sonra bildirərsə, bu
zaman onun dindirilməsi dayandırılmalı və yalnız o, vəkillə təmin edildikdən
sonra, öz vəkilinin iştirakı ilə ifadə verməyə davam etməlidir. Tutulmuş şəxs
(o cümlədən, təqsirləndirilən şəxs) müdafiəçidən imtina etmədiyi təqdirdə,
müdafiəçisinin iştirakı olmadan öz təqsirini etiraf edən ifadələr vermiş olsa
da, belə ifadələrin məhkəmə tərəfindən ittihamı təsdiq edən sübut kimi qəbul
edilməsi artıq istisna ediləcəkdir. Qeyd edilən pozuntu ilə əldə edilmiş ifadələrdən məhkəmədə sübut kimi yalnız müdafiə tərəfinin
vəsatəti ilə istifadə edilə bilər (CPM-in 232.2-1, 232.2-2, 233.5-1 və
233.5-2-ci maddələri).
CPM-in 26.1-ci maddəsinin mənasına görə, mühakimə
icraatının dili dövlət dilidir, lakin hər hansı bir ərazidə yaşayan əhalinin müəyyən
hissəsi çoxluq təşkil edərsə, mühakimə icraatı həmin əhalinin dilində də
aparıla bilər. Adı çəkilən maddə hüquq ədəbiyyatında doktrinal təfsir edilərkən
göstərilmişdir ki, bu maddədə “məhkəmələrində” sözünün işlədilməsi məqsədəuyğun
deyildir, çünki əks tədirdə, səhvən belə nəticə çıxarmaq olar ki, qanunverici
orqan mühakimə icraatının dili ilə bağlı prinsipi yalnız məhkəmədəki icraatla
bağlamışdır, halbuki, cinayət mühakimə icraatı yalnız məhkəmədəki icraatı
deyil, məhkəməyədək icraatı da ehtiva edir. CPM-in 26-cı maddəsinin digər müddəaları
da (məsələn, CPM-in 26.2.2-ci, 26.4-cü maddələri) ona dəlalət edir ki, mühakimə
icraatınn dili prinsipindən irəli gələn təminatlar (məsələn, ibtidai araşdırma
mərhələsində tərcüməçi yardımından dövlət hesabına istifadə etmək hüququ;
ibtidai araşdırmada tərtib edilən prosessual sənədlərin maraqlı şəxslərə
onların ana dilində, yaxud bildikləri digər dildə təqdim edilməli olması
haqqında qayda və s.) təkcə məhkəmədəki icraata deyil, məhkəməyədək icraata da
aiddir [7, s. 507-508]. CPM-in 26-cı maddəsi cinayət mühakimə icraatının
aparıldığı dili bilməyən təqsirləndirilən şəxslər üçün onların məhkəməyədək
icraatda yararlana biləcəyi bir sıra spesifik hüquqlar nəzərdə tutmuşdur ki, bu
hüquqların pozuntusu müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir (məsələn,
ana dilindən istifadə edə bilmək imkanı barədə məlumatlandırılmaq, tərcüməçi
xidmətlərindən ödənişsiz, yəni dövlət hesabına yararlanmaq; icraat başa
çatdıqda onun materialları ilə tam həcmdə tanış olmaq; surəti (məsələn,
maraqlarına toxunan prosessual qərarlar və s.), yaxud orijinalı (məsələn,
hüquqlar haqqında bildiriş və s.) ona verilməli olan prosessual sənədlərin onun
ana dilinə, yaxud bildiyi digər dilə tərcümə edilmiş variantı almaq).
Cinayət təqibinə məruz qalan şəxsin dil bilgisi və onun müdafiə hüququ
arasındakı korrelyasiya kontekstində qeyd edilməlidir ki, mühakimə icraatının
dilini bilmək bu dildə sərbəst şifahi ünsiyyət qurmaq, dialoqa girmək, konkret
məsələyə dair (məsələn, ittihamın mahiyyəti, özünü təqsirli, yaxud təqsirsiz
bilməsi və s.) öz fikrini və mövqeyini aydın ifadə etmək, zəruri hallarda ona
qarşı yönəlmiş neqativ mülahizələrə qarşı öz etirazını bildirmək bacarıqlarına
malik olmanı ehtva edir. Konkret dil bilgiləri çərçivəsində məhz bu bacarıqlar
müdafiə hüququnun səmərəli realizə edilməsi üçün sine qua non şərtlərdir. Bu anlamda, konkret, yəni mühakimə
icraatının aparıldığı dilə münasibətdə sadalanan bacarıqlara malik olmayan şəxs
mühakimə icraatının aparıldığı dili bilməyən şəxs hesab edilməlidir.
Cinayət təqibinə məruz qalan şəxsin dil bilgiləri
və onun müdafiə hüququnun qarşılıqlı əlaqəsi ilə bağlı, həmçinin qeyd edilməlidir
ki, mühakimə icraatının dilini bilməyən təqsirləndirilən şəxsə ittiham aktının
onun ana dilinə, yaxud bildiyi digər dilə çevrilmiş surətinin verilməməsi də
müdafiə hüququnun kobud pozuntularındandır. Cinayət mühakimə icraatının
aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ittiham aktı bütünlükdə onun
ana dilinə, yaxud bildiyi digər dilə çevrilərkən yazılı sənəd formasında təqdim
edilməlidir, ittham aktının məzmunun təqsirləndirilən şəxs üçün yalnız şifahi şəkildə
tərcüməsi yolverilməzdir. Məzmununa görə tərcümə edilmiş ittiham aktı ilə cinayət
mühakimə icraatının aparıldığı dildə tərtib edilmiş ittiham aktları bütün
prinsipial məsələlərdə üst-üstə düşməlidir. Şübhəli və təqsirləndirilən şəxslərin
müdafiə hüququnun tərkib hissəsi kimi çıxış edən daha bir kompleks xarakterli
hüquq müvafiq izahatların və ifadələrin verilməsi, eləcə də, onların verilməsindən
imtina edilməsi (susmaq hüququ) hüquqları ilə bağlıdır.
CPM-in 91.5.22-ci maddəsində təqsirləndirilən şəxs üçün icraat
materiallarının əlçatanlığını təmin edən, bununla da, müdafiə hüququndan daha səmərəli
istifadə edilməsi üçün zəmin yaradan hüquqlar nəzərdə tutulmuşdur. Həmin maddəyə
əsasən, təqsirləndirilən şəxs ibtidai araşdırmanın qurtarması (o cümlədən,
cinayət işi üzrə icraata xitam verilməsi) anından etibarən, cinayət işinin
bütün materialları ilə tanış ola bilər, həmçinin, cinayət işinin
materiallarında ona aid olan bütün sənədlərin surətini çıxara bilər. Bu
anlamda, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olmaq
hüququnun realizəsində yaradılmış hər hansı bir maneə və ya yol verilmiş qanun
pozuntusu, eyni zamanda, həm də təqsirləndirilən şəxsin müdafiə hüququnun
pozulması mənası verəcəkdir. Qeyd edilən kontektsdə cinayət işinin materialları
ilə tanışlıq prosedurları hüdudlarında növbəti pozuntular eyni zamanda müdafiə
hüququnun pozuntusu sayıla bilər: təqsirləndirilən şəxsin və / və ya onun
müdafiəçisinin ibtidai istintaqın başa çatmış olması barədə məlumatlandırılmaması;
təqsirləndirilən şəxs və / və ya onun müdafiəçisi üçün cinayət işinin
materialları ilə tanışlıq imkanının yaradılmaması; müdafiəçinin üzrlü səbəblərdən
cinayət işinin materialları ilə tanış olmaqdan ötrü təyin edilmiş vaxtda gəlmədiyi
hallarda materiallarla tanışlıq vaxtının qanunla müəyyən edilmiş hədlərdə (beş
günədək) təxirə salınmaması; materiallarla tanışlıq vaxtının qanunla müəyyən edilmiş
hədlərdə təxirə salınmasına rəğmən, müdafiəçinin materiallarla tanışlıq üçün gələ
bilmədiyi / gəlmədiyi hallarda təqsirləndirilən şəxsin başqa müdafiəçi ilə təmin
edilməsinə yönəlmiş tədbirlərin (aidiyyətli vəkil qurumundan yeni vəkilin təyin
edilməsi, yaxud başqa vəkillə müqavilənin bağlanması üçün şərait yaradılması)
görülməməsi; materialların tanışlıq üçün natamam təqdim edilməsi, özəlliklə, iş
üzrə maddi sübut qismində tanınmış əşyaların, o cümlədən, ayrı-ayrı istintaq hərəkətlərinin
protokollarına edilmiş əlavələrin (sxemlər, video, yaxud foto çəkiliş nəticələri,
surəti çıxarılmış izlər və s.) tanışlıq üçün əlçatanlığının təmin edilməməsi;
çoxcildli cinayət işlərinin eyni vaxtda bütün cildlərinin əlçatanlığının təmin
edilməməsi, başqa sözlə, çoxcildli cinayət işlərinin ayrı-ayrı cildlərinin
cinayət prosesi aparan vəzifəli şəxsin
mülahizəsi əsasında növbəlilik əsasında tanış olmaq üçün təqdim edilməsi; cinayət
işinin materialları ilə tanış olan təqsirləndirilən şəxsin və / və ya onun
müdafiəçinin prosessual hüquqdan sui-istifadə etmədiyi, yəni tanışlıq müddətini
bilərəkdən uzatmadığı təqdirdə materiallarla tanış olmaq üçün verilən vaxtın məhdudlaşdırılması;
materiallarla tanışlıq prosesinin gedişatı və nəticələrinin
protokollaşdırılmaması (təhrif edilməklə protokollaşdırılması); təqsirləndirilən
şəxsin və / və ya onun müdafiəçinin materiallarla tanışlıqdan sonra verilmiş vəsatətlərinin
qanunla müəyyən edilmiş qaydada həll edilməməsi; materiallarla tanışlıqdan
sonra verilmiş vəsatətlərin təmin edildiyi təqdirdə, bu vəsatətlərin təqsirləndirilən
şəxs və / və ya onun müdafiəçi, yoxsa cinayət prosesinin başqa bir iştirakçısı
tərəfindən verilib-verilməməsindən asılı olmayaraq, təqsirləndirilən şəxsin və
/ və ya onun müdafiəçinin materialların təmin edilmiş vəsatətə dair hissəsi ilə
tanış edilməməsi.
Yuxarıda sadalanan hüquqlardan başqa, cinayət təqibinə məruz qalan şəxslərə
onların müdafiə hüququnun təmin edilməsi üçün qanunla bir sıra digər hüquqlar
da verilmişdir. Məsələn, prosessual hərəkətlərin, eləcə də istintaq hərəkətlərinin,
o cümlədən, onun öz vəsatəti əsasında aparılan prosessual və istintaq hərəkətlərinin
həyata keçirilməsində şəxsən və müdafiəçinin yardımından istifadə etməklə
(müdafiəçinin də iştirakı ilə) iştirak etmək, yaxud onlarda iştirakdan imtina
etmək; özündə olan sübutları, yaxud başqa materialları cinayət prosesini aparan
orqana təqdim edərək onların cinayət işinin materiallarına əlavə edilməsini, eləcə
də, məhkəmədə tədqiq edilməsini tələb etmək; təqsirini etiraf etmək, yaxud təqsirsiz
olduğunu iddia etmək və s. bu kimi hüquqlar hər biri müstəqil məzmun və mahiyyətə
malik olan prosessual hüquq olmaqla yanaşı, eyni zamanda, həm də müdafiə
hüququnun səmərəli şəkildə həyata keçirilə bilməsi üçün zəmin yaradır.
III. Nəticə
Beləliklə, cari elmi məqalə hüdudlarında aparılmış tədqiqatın əsas nəticələri
qismində qeyd etmək lazımdır ki, şübhəli və təqsirləndirilən şəxslərin
hüquqlarının səmərəli realizə və müdafiə edilməsi üçün, ilk növbədə, bu
subyektlərin özlərinin normativ anlayışları dəqiqləşdirilməlidir. Çünki qeyd
edilən subyektlər müvafiq prosessual statusu əldə etmədən qanunla cinayət təqibinə
məruz qalan şəxslər üçün nəzərdə tutulmuş müdafiə hüquqlarından istifadə edə
bilməzlər.
Qüvvədə olan cinayət-prosessual qanunvericiliyin müvafiq maddələrinin
tənqidi qiymətləndirilməsi isə ona dəlalət edir ki, hazırda nə şübhəli şəxsə, nə
də təqsirləndirilən şəxsə CPM-də verilmiş anlayışlar təkmil hesab edilə bilər.
Bununla əlaqədar olaraq, müəllif tərəfindən cari cinayət-prosessual
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aşağıdakı təkliflər irəli
sürülür:
1. Şübhəli şəxsin leqal tərifinin təkmilləşdirilməsi üçün CPM-in 90-cı
maddəsinə aşağıdakı redaksiyada yeni bəndlərin əlavə edilməsi:
“90.1.4. barəsində bu Məcəllənin 207-ci maddəsində
nəzərdə tutulmuş qaydada ilkin yoxlama aparılan şəxs;
90.1.5. barəsində cinayət işinin başlanması
haqqında qərar qəbul edilmiş şəxs”.
Qeyd edilən qanunvericilik təklifinin
reallaşacağı təqdirdə əldə ediləcək müsbət nəticə ondan ibarət olacaqdır ki, təcrübədə
barəsində ilkin yoxlama, yəni faktiki olaraq ifşaedici fəaliyyət aparılan şəxslərin,
eləcə də, prosessual məcburiyyət tədbiri tətbiq edilmədən barəsində cinayət işi
başlanılmış şəxslərin prosessual-hüquqi statusundakı qeyri-müəyyənlik aradan
qalxacaq və onların hər bir şübhəli şəxsin malik olduqları hüquqlardan istifadə
etmək, eləcə də müvafiq vəzifələri daşımaq imkanı əldə edəcəklər.
2. Təqsirləndirilən şəxsin leqal tərifinin təkmilləşdirilməsi üçün
CPM-in 91.1-ci maddəsinin aşağıdakı yeni redaksiyada verilməsi:
“91.1. Barəsində bu Məcəllənin 223.2-ci və
ya 300.1.2-ci maddələrində nəzərdə tutulmuş qərarlardan hər hansı biri qəbul
edilmiş, yaxud bu Məcəllənin 296.1-ci maddəsində nəzərdə tutulmuş yekun
protokolu tərtib edilmiş şəxs təqsirləndirilən şəxs hesab edilir”.
Eynilə bu qanunvericilik təklifinin də reallaşacağı təqdirdə əldə ediləcək
müsbət nəticə ondan ibarət olacaqdır ki, təqsirləndirilən şəxsə cari cinayət-prosessual
qanunvericilikdə verilmiş leqal tərif təkmilləşdirilmiş olacaqdır, o cümlədən,
təcrübədə cinayət təqibinə məruz qalan şəxsin hansı andan etibarən təqsirləndirilən
şəxsin hüquqlarından istifadə edə bilməsi və vəzifələrinin daşımalı olması
haqqında dəqiq təsəvvür yaranacaqdır. Bundan başqa, məqalədə əsaslandırılmışdır
ki, müdafiə olunmaq hüququ öz məzmununa görə kifayət qədər geniş bir hüquqi
kateqoriya olub, ümumiləşdirici termin kimi çıxış edir və əslində özündə çox
sayda fərqli hüquqları birləşdirir.
REFERENCES (ƏDƏBİYYAT):
1.
Abbasova, F.M. Criminal procedure.
Textbook. General part. Baku, Law Publishing House, 2021, 464 p. / (in Azerbaijani / Abbasova,
F.M. Cinayət prosesi. Dərslik. Ümumi hissə. Bakı: Hüquq Yayın Evi, 2021, 464 s.)
2.
Commentary on the Criminal
Procedure Code of the Republic of Azerbaijan. Editors J.H. Movsumov, B.J.
Karimov, A.H. Huseinov. Baku, Digesta, 2016, 1336 p. / (in Azerbaijani / Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin kommentariyası / red. C.H.
Mövsümov, B.C. Kərimov, Ə.H. Hüseynov. Bakı: Digesta, 2016, 1336 s.)
3.
Chayan, G. Right to a fair
trial. İstanbul, Legal publishing, 2016, 312 p. / (in Turkish / Çayan, G. Adil yargılanma hakkı. İstanbul,
Legal Yayıncılık, 2016, 312 s.)
4.
Dijk, P., Hoof, F., Rijn, A., Zwaak,
L. Theory and practice of the European Convention on Human Rights. Antwerpern,
Oxford, Intersentia, 2006, 1190 p.
5.
Gafarov, M.S. Legal status of
a person in the criminal process of the Republic of Azerbaijan: theoretical and
practical issues. Baku, Law, 2008, 340 p. (in Azerbaijani / Qəfərov, M.S. Azərbaycan
Respublikasının cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti: nəzəri və təcrübi
məsələlər. Bakı: Qanun, 2008, 340 s.)
6.
Goss, R. Criminal fair trial rights.
Article 6 of the European Convention on Human Rights. Oxford, Hart Publishing, 2014,
224 p.
7.
Ibaev, V.A. Commentary on the
Criminal Procedure Code of the Republic of Azerbaijan. Tasks, basic principles
and conditions of criminal proceedings. Articles 8-36. Baku, Law, 2004, 769 p.
(in Azerbaijani /
İbayev, V.Ə. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
kommentariyası. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri.
Maddələr 8-36. Bakı: Qanun, 2004, 769 s.)
8.
İnceoglu, S. The
right to a fair trial in the decisions of the European Court of Human Rights.
İstanbul, Beta, 2013, 420 p. / (in Turkish /
İnceoğlu, S. İnsan Hakları Avrupa Mahkemesi kararlarında adil yargılanma hakkı.
İstanbul: Beta, 2013, 420 s.)
9.
Khalilov, F.Y. Lawyer
investigation in criminal proceedings. Baku, Law Publishing House, 2018, 396 p.
(in Azerbaijani / Xəlilov, F.Y. Cinayət
mühakimə icraatında vəkil araşdırması. Bakı: Hüquq Yayın Evi, 2018, 396 s.)
10.
Khalilov, F.Y. For
whom does the third paragraph of Article 6 of the European Convention on Human
Rights specify minimal rights? In materials
of the international practical-practical conference on the subject of “Integration of the Republic of
Azerbaijan into the international community and trends in the modern
development of legal science in the establishment of a legal state”, dedicated
to the 90th anniversary of Baku State University. Baku State University, Baku,
14 December 2018, p. 365-367. / (in Azerbaijani / Xəlilov,
F.Y. İnsan hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsi
kimlər üçün minimal hüquqlar müəyyən edir? Bakı Dövlət Universitetinin 90 illik
yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə
inteqrasiyası və hüquqi dövlət quruculuğunda
hüquq elminin müasir inkişafı tendensiyaları” mövzusunda Beynəlxalq
elmi-praktik konfransın materialları. Bakı Dövlət Universiteti, Bakı, 14 dekabr
2018-ci il, s. 365-367.)
11.
Leanza, P., Pridal, O. The right to a
fair trial: Article 6 of the European Convention on Human Rights. Kluwer Law
International, 2014, 276 p.
12.
McBride, J. Human rights and criminal
procedure. The case law of the European Court of Human Rights. Strasbourg,
Council of Europe
Publishing, 2009, 399 p.
SOME
FEATURES OF THE RIGHT TO PROTECTION
OF
THE SUSPECTS AND THE ACCUSED
ESMIRA TAGHIYEVA[1]
Abstract
The right to protection is granted to every
criminally prosecuted person by both national and international law. This right
is an integral part of the fundamental right to a fair trial. The main subjects
of this right are the suspect and the accused. At the same time, sometimes
participation in the process of a defender, legal representative or legal
successor becomes necessary for the effective realization of the right to
protection. The article examined the issues of legal definitions of the suspect
and the accused, as well as explained the basic elements of the right to
defense under the current criminal procedure legislation. The author attempted
to critically analyze some articles of the current legislation, identified and
substantiated some problems in the norms under consideration and made specific
proposals to solve the identified problems.
The article notes that the legal definitions of the suspect and the
accused are incomplete. In the context of ensuring the right to a fair trial,
every person actually criminally prosecuted should have the right to defense.
But under current law, sometimes the procedural status of the person actually
prosecuted remains uncertain. This gap adversely affects the degree to which
the right to a fair trial is ensured. In clarifying the nature of the right to
defence, reference was made to the case law of the European Court of Justice.
Keywords: criminal process, right to defense, suspect,
accused, legal definition, case law, interpretation, legislation, proposals.
НЕКОТОРЫЕ ОСОБЕННОСТИ
ПРАВА НА ЗАЩИТУ
ПОДОЗРЕВАЕМЫХ ЛИЦ И
ОБВИНЯЕМЫХ
ЭСМИРА ТАГИЕВА[2]
Резюме
Право на защиту предоставлено каждому уголовно
преследуемому лицу как национальным, так и международным правом. Данное право
выступает в качестве составного элемента фундаментального права на справедливое
судебное разбирательство. Основными субъектами данного права являются
подозреваемый и обвиняемый. Вместе с тем, порой участие в процессе защитника,
законного представителя или правопреемника становится необходимым для
эффективной реализации права га защиту. В статье были рассмотрены вопросы
легальных дефиниций подозреваемого и обвиняемого, а также разъяснены основные
элементы права на защиту по действующему уголовно-процессуальному
законодательству. Автор предпринял попытку критического анализа некоторых
статей действующего законодательства, выявил и обосновал некоторые проблемы в
рассматриваемых нормах и выступил с конкретными предложениями по решению
выявленных проблем. В статье отмечается, что легальные дефиниции подозреваемого
и обвиняемого являются неполными. В контексте обеспечения права на справедливое
судебное разбирательство каждое фактически уголовно преследуемое лицо должно
иметь право на защиту. Но по действующему законодательству иногда процессуальный
статус фактически преследуемого лица остается неопределенным. Данный пробел
пагубно влияет на степень обеспечения права на справедливое судебное
разбирательство. При разъяснении сущности права на защиту были сделаны ссылки
на прецедентное право Европейского Суда.
Ключевые слова: уголовноый процесс,
право на защиту, подозреваемый, обвиняемый, легальная дефиниция, прецедентное
право, толкование, законодательство, предложения.
Məqalənin redaksiyaya daxil olma tarixi: 27.03.2025
Çapa qəbul tarixi: 17.09.2025