Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Vəkillər Kollegiyasının nümayəndələri ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib
Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli
şəraiti vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının
müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində
görülən işlərdən danışıb.
Görüşdə həmkarlar
ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata
keçirilən layihələr barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki,
Konfederasiyanın Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi tərəfindən müraciətçilərə
işçi hüquqları ilə bağlı ödənişsiz dəstək göstərilir, maarifləndirmə tədbirləri
təşkil olunur.
Vəkillər Kollegiyasının sədri
Anar Bağırov Azərbaycan qanunvericiliyində əmək hüquqlarını tənzimləyən mükəmməl
qanunvericilik bazasını vurğulayıb, əmək hüquqlarının müdafiəsi sahəsində AHİK
tərəfindən aparılan islahatları və tətbiq edilən yenilikləri yüksək dəyərləndirib.
Tədbirdə iki qurum
arasında əlaqələrin əhəmiyyətindən bəhs edilib, əməkdaşlığın istiqamətlərinə
dair fikir mübadiləsi aparılıb.
Görüşdə AHİK ilə Vəkillər
Kollegiyası arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.
Memorandum həmkarlar
ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsi, hüquqi
maarifləndirmə tədbirlərinin artırılması və bu sahədə birgə fəaliyyətin genişləndirilməsini
nəzərdə tutur.
Sənədə əsasən, tərəflər əmək
hüquqları üzrə elmi-praktiki araşdırmaların təşviqi, həmkarlar ittifaqı üzvləri
və vəkillər üçün seminar, təlim və konfransların keçirilməsi və s. sahələrdə əməkdaşlıq
edəcəklər.
Sonra Vəkillər Kollegiyasının nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq edilən yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.




