Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və sistemli şəkildə həyata keçirir. Bu istiqamətdə tam şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə əsaslanan ixtisas imtahanlarının təşkili təmin edilib.
2025-ci il noyabrın 20-dən
etibarən yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 65 nəfər vəkilliyə
namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
Təlim proqramı gələcək vəkillərin
peşə hazırlığının artırılması, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsi,
habelə vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin mənimsədilməsi məqsədi
daşıyır.
Təlimin ilk günündə
keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin
Əliyev vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb. Təlimin əhəmiyyətindən
danışan rektor nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin
vacibliyini dilə gətirib.
VK Rəyasət Heyətinin sədri
Anar Bağırov yeni təlim mərhələsinin açılışında çıxış edərək vəkilliyə namizədləri
təbrik edib, onlara uğurlar arzulayıb və bu mərhələnin peşə hazırlığının möhkəmləndirilməsi
baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Sədr diqqətə çatdırıb ki,
bu proqram yalnız nəzəri biliklərin artırılmasına deyil, həm də peşə
hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və
beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb. Təlim məzmunu müasir hüquqi
çağırışlara adekvat şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət
mühakiməsində rolunu daha da gücləndirmək məqsədi daşıyır.
Anar Bağırov vəkilliyə qəbul
prosesinə dair detallı məlumat verərək qeyd edib ki, test mərhələsi Kollegiya və
Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, geniş müşahidəçilik
imkanları altında - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları,
qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakıyla tam şəffaf və obyektiv
şəraitdə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması üçün
videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların təqdim
edilməsi prinsipi əsasında prosesin dürüstlüyü qorunub.
Eyni zamanda sədr
çıxışında təlimlərin tematik istiqamətlərindən söz açaraq insan haqlarının
müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlərin nüfuzlu
ekspertlərin iştirakı ilə keçirildiyini bildirib.
Anar Bağırov təlimə
başlayan 65 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət
olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların 27-si qadın, 38-i isə
kişidir. Namizədlərin 55 nəfəri, yəni 85 faizi 40 yaşadək olan şəxslərdir və bu
göstərici vəkillik institutunun daha da gəncləşdiyini nümayiş etdirir. Sədr əlavə
edib ki, təlim iştirakçılarının 90 faizi (58 nəfər) paytaxtdan, 10 faizi (7 nəfər)
isə regionlardan müraciət edən şəxslərdir.
Sədr çıxışında son illərdə
VK-da aparılan islahatlardan danışıb, eləcə də vəkil sayının artırılması,
institutun cavanlaşdırılması, tədris proqramlarının yenilənməsi və daha məqsədyönlü
hala gətirilməsi istiqamətində ardıcıl addımların atılması məsələsinə toxunub.
Anar Bağırov bildirib ki,
Ədliyyə Akademiyası ilə birgə hazırlanan təlim proqramları praktiki bilik və
bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə
sistemli, davamlı nəticələr əldə olunmasına şərait yaradır. Sədr təlimlərin
yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, göstərilən dəstəyə görə
Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını
ifadə edib, həmçinin ədliyyə orqanlarının qarşıdan gələn peşə bayramı münasibətilə
onları təbrik edib, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Eyni zamanda VK-nın beynəlxalq
nüfuzlu təşkilatlara üzvlüyü və yerli dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin
genişlənməsi, vəkillik institutunun təşəbbüslərinə dövlət tərəfindən göstərilən
tam dəstəyin göstəricisi kimi dəyərləndirilib.
Anar Bağırov nitqində vəkillərin
peşə fəaliyyətinin əsas prinsiplərinə də toxunaraq qeyd edib ki, hər bir vəkil
peşə borcunu vicdanla yerinə yetirməli, etik davranış kodeksinə ciddi əməl etməli,
vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə
və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər.
Sədr xüsusi vurğulayıb ki,
formal fəaliyyət və qeyri-prosessual davranışlar institutun nüfuzuna xələl gətirir
və Kollegiya bu cür hallara qarşı qətiyyətli mövqedədir.
Tədbirdə vəkillik
institutunun inkişafına yönəlmiş dövlət siyasətinə də geniş yer verilib. Anar
Bağırov xüsusilə Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il
tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini
vurğulayaraq, bu sənədin vəkillik fəaliyyətinin genişləndirilməsi və vəkil
sayının əhəmiyyətli dərəcədə artırılması baxımından dönüş nöqtəsi olduğunu qeyd
edib.
Həmçinin sədr Prezident
İlham Əliyevin Mülki Prosessual Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların
İcrası Məcəlləsi və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik
edilməsi barədə imzaladığı sənədi yüksək qiymətləndirib. Qeyd edilib ki, bu dəyişiklik
ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun
institusional baxımdan daha da möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv
təmin edilməsi istiqamətində mühüm addımdır. Anar Bağırov vurğulayıb ki, ölkə
başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı vəkillərin fəaliyyət
imkanlarının genişlənməsinə, onların peşəkar hazırlığının və nüfuzunun
artırılmasına xidmət edir.
Açılış mərasimi VK sədrinin “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzəsi ilə davam edib.


