2025-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (VK) Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan
VK sədri Anar Bağırov qonaqları salamlayaraq Kollegiyanın tarixi, son illərdə görülən
işlər, həyata keçirilən islahatlar və inkişaf istiqamətləri barədə məlumat
verib.
Sədr Azərbaycan Qiymətləndiricilər
Palatasının fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın möhkəmləndirilməsinin
hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb.
Anar Bağırov bildirib ki,
məlumat mübadiləsinin genişləndirilməsi, ekspert rəylərinin vahid standartlara
uyğun hazırlanması kimi təşəbbüslər həm vəkillik institutunun, həm də qiymətləndirmə
sektorunun inkişafına töhfə verəcəkdir. Sədr əlavə edib ki, Kollegiya bu sahədə
qarşılıqlı əməkdaşlıq təşəbbüslərini hər zaman dəstəkləməyə hazırdır.
Azərbaycan Qiymətləndiricilər
Palatasının sədri Nüsrət İbrahimov çıxışında Palatanın fəaliyyətindən, qiymətləndirmə
sektorunda mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən danışıb, tərəflər
arasında əməkdaşlıq imkanlarının vacibliyini qeyd edib.
Görüş zamanı qiymətləndirmə
sahəsində aparılan islahatların mahiyyəti, şəffaflığın təmin olunması, qiymətləndirmə
fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlıq
imkanları ətraflı müzakirə olunub. Həmçinin qanunvericiliyin tətbiqi zamanı təcrübədə
yarana biləcək çətinliklərin həlli yolları nəzərdən keçirilib.
Eyni zamanda tərəflər bu sahədə müvafiq tənzimləmələrin həyata keçirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb, qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılığa gəlib və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


