2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.
Kollegiyanın inzibati
binasında təşkil olunan görüş zamanı Anar Bağırov vəkil köməkçilərini
salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik
edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, habelə son illərdə VK-da
aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata
keçirilən addımlar barədə məlumat verib.
Prezident İlham Əliyevin
Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə
və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə
imzaladığı sənədi yüksək qiymətləndirdiyini bildirən sədr vurğulayıb ki, qəbul
edilmiş dəyişikliklər vəkillik institutunun inkişafı baxımından mühüm mərhələ təşkil
edir. Xüsusilə, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş
stajının bir ilədək azaldılması gənc hüquqşünasların peşəyə daha tez təcrübə
toplamasına şərait yaradır, əlavə imkanlar açır, onların bu sahəyə keçid
prosesini sürətləndirir.
Vəkil köməkçiliyinin
hüquqşünasın peşəkar inkişaf yolunda xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən sədr
bildirib ki, bu mərhələ gələcəyin peşəkar vəkillərinin formalaşmasında mühüm
rol oynayır. Məhz vəkil köməkçisi kimi fəaliyyət göstərən gənclər həm nəzəri
biliklərini möhkəmləndirir, həm də praktiki təcrübə qazanaraq gələcək peşə fəaliyyətinə
daha hazırlıqlı şəkildə qədəm qoyurlar.
Anar Bağırov qeyd edib ki,
hüquq sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər
xüsusi missiya daşıyırlar. Bu baxımdan savadlı, məsuliyyətli və peşə etikası
qaydalarına sadiq olan hüquqşünaslara hər zaman ehtiyac olduğu diqqətə çatdırılıb.
Sədr vurğulayıb ki,
Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına hər zaman xüsusi
önəm verir, onların təcrübə mühitinə inteqrasiyası üçün əlverişli şərait
yaradır. Eyni zamanda sədr gənc hüquqşünasları aktiv olmağa, təcrübəli vəkillərlə
sıx əməkdaşlıq etməyə, bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyə çağırıb.
Həmçinin Anar Bağırov VK Rəyasət
Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarı ilə vəkil köməkçilərinə vəkilliyə
qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışaraq qeyd edib
ki, bu addım gənclərin vəkillik peşəsinə marağının artmasına, onların gələcək
karyera planlamasında daha əlverişli imkanların yaranmasına xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.









