Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Yetkinlik yaşına çatmayanların mədəniyyət sahəsinə aid fəaliyyətdə, həmçinin zərərli informasiya kontentinin yaradılmasında iştirakının nəzəri və praktiki problemləri” - MƏQALƏ

22 noyabr 2025    427 share share

Vəkillər Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili Günay Abasovanın “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Yetkinlik yaşına çatmayanların mədəniyyət sahəsinə aid fəaliyyətdə, həmçinin zərərli informasiya kontentinin yaradılmasında iştirakının nəzəri və praktiki problemləri” adlı elmi məqaləsini təqdim edirik: 

Annotasiya

Məqalədə yetkinlik yaşına çatmayanların kino, teatr, sirk, konsert və sair mədəni-kütləvi tədbirlərdə aktyor, natura və sair qisimdə cəlb olunmasının hüquqi əsasları araşdırılmış və bu sahədə uşaq hüquqlarının təmin edilməsi məsələsi təhlil edilmişdir. Son zamanlarda Azərbaycanda istehsal olunan, zorakılığı, qəddarlığı  əks etdirən, 18+ yaş kateqoriyasına aid edilən kinofilmlərdə 14 yaşına çatmamış uşaqların aktyorluq etməsi müşahidə edilmiş və bu sahədə  əmək və mülki qanunvericilikdə hüquqi boşluqlar müəyyən olunmuşdur. Bundan əlavə, kino çəkilişində iştirak üçün uşaqların psixi və fiziki sağlamlığının uyğun olub-olmamasına dair tibbi müayinənin aparılmaması, uşaq hüquqlarının müdafiəsi ilə birbaşa məşğul olan dövlət orqanlarının bu proseslərə nəzarətinin həyata keçirilməsi üçün hüquqi alətlərin, mexanizmlərin olmaması təhlil zamanı aşkar olunmuşdur. Yetkinlik yaşına çatmayanların mədəniyyət sahəsinə aid fəaliyyətdə, həmçinin zərərli informasiya kontentinin yaradılmasında  İngiltərə, Almaniya, Rusiya qanunvericiliyi təhlil edilmiş və kino istehsalatda uşaq əməyinin tənzimlənməsində qabaqcıl nümunələr göstərilmişdir. Məqalənin sonunda uşaqların kino, teatr, sirk, konsert və sair mədəni-kütləvi tədbirlərdə aktyor, natura və sair qisimdə cəlb olunmasında əmək və mülki qanunvericiliyinin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsini həyata keçirən müvafiq dövlət orqanlarının iştirak etməsi üçün təkliflər verilmişdir.

Açar sözlər: yetkinlik yaşına çatmayan, uşaq hüquqları, mədəni fəaliyyət, mədəni-kütləvi tədbir, kino, zərərli informasiya, zorakılıq, qəddarlıq, qeyri-etik sözlər, media, valideyn, dövlətin pozitiv öhdəliyi.

 

I. Giriş

Kino yaradıcılığı sahəsində dövlət senzurası götürüldükdən sonra, “siyasi, ideoloji və mədəni kriteriyalar mahiyyətcə mənasızlaşdırıldı və atıldı. Yeganə və hər şeyi istehlak edən ölçü, mənəviyyatın itirilməsi bahasına olsa belə,  mənfəət oldu [9, s. 172 ].

Azərbaycan Respublikası (bundan sonra AR) Audiovizual Şurasının 2024-cü ilin hesabatına görə, il ərzində  “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun pozulmasına görə 17 dəfə (ümumi pozuntuların 5%-i) rast gəlinmişdir [4].

Dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya kanalında yayımlanan “Vətəndaş A” serialının yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsində müyyən olunmuş əxlaqdan kənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsinə dair tələb pozulmuşdur [1].

Sosioloji araşdırmalarda qeyd edilir ki, “bu gün uşaqlar ekranlarda əvvəlkindən daha çox zorakılığa məruz qalırlar. Ekran dedikdə, biz televizor, video, kompüter oyunları və interneti nəzərdə tuturuq. Araşdırmalar göstərir ki, uşaqlar 2 yaşından başlayaraq vaxtlarının həftədə 16-17 saatını televizor ekranları qarşısında keçirirlər.

Uşaqlarımız nəyə baxırlar?

• Proqramların 61%-i zorakılıqdan ibarətdir;

• Zorakılığın 26%-i silahla bağlıdır;

• Bütün musiqi videolarının 22,4%-i zorakılığın hansısa formasını ehtiva edir;

• Yeniyetmələr hər il sekslə bağlı təxminən 15.000 zarafat və eyham eşidirlər;

• İnternetdə çoxlu sayda pornoqrafik saytlar var.

Alkoqol, siqaret və ya narkotik maddələrin təsviri proqramların 70%-də, həmçinin ən populyar 40 filmdən 38-də və bütün musiqi kliplərinin yarısında mövcuddur” [8].

Azərbaycanda kino istehsalı, teatr tamaşaları, konsert, sirk və sair mədəni-kütləvi tədbirlərdə uşaq əməyinin hüquqi tənzimlənməsində və uşaqların zərərli informasiyadan qorunmasında aşağıda sadalanan problemlər vardır:

ü Uşaqların (aktyor, model, natura və s. qismində) mədəni fəaliyyətdə, həmçinin “18+” kateqoriyasında uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsullarının hazırlanmasında iştirak etmə qaydaları qanunvericilikdə müəyyən olunmamışdır, bu sahədə əmək və mülki  münasibətlər tənzimlənməmişdir;

ü Uşaqların (aktyor, model, natura və s. qismində) “18+” kateqoriyalı informasiya məhsullarının hazırlanmasında iştirak etməsi zamanı psixoloqun, pedaqoqun iştirakı qanunvericiliklə tənzimlənməmişdir, materialın hazırlanmasından sonra uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi, uşağın travma aldığı təqdirdə reabilitasiya qaydası müəyyən edilməmişdir;

ü Uşaqların (aktyor, model, natura və s. qismində) “18+” kateqoriyalı informasiya məhsullarının, kino, videomaterialı və sair yaradıcılıq əsərlərinin hazırlanmasına razılıq verən tərbiyə edən şəxsin hüquqi məsuliyyətə cəlb olunması qaydası müəyyən edilməmişdir[1]. “...Yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs” dedikdə yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi başa düşülməlidir” [9].

Qeyd edilməlidir ki, sadalanan problemlər insti­tu­sio­nal olduğu üçün onların maarifləndirilmə yolu ilə aradan qaldırılması və hazırkı qanunvericiliklə səmə­rə­li tənzimləmək müm­­kün deyil.

 

II. Beynəlxalq sənədlərdə uşaq hüquqlarının səmərəli vasitələrlə təmin edilməsi

Uşaq hüquqları haqqında Konvensiyanın 32.1-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın iqtisadi istismardan və onun sağlamlığı üçün təhlükə törədən və ya təhsil almasında əngələ çevrilə biləcək, yaxud onun sağlamlığına və fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına ziyan vura biləcək hər hansı işin yerinə yetirilməsindən müdafiə edilmək hüququnu tanıyırlar [11].

“Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünyagörüşünün inkişaf etməsindən, onun psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Bu pozitiv öhdəliyin icrasının təmin edilməsi üçün uşaqların üstün mənafelərinin müdafiəsinə yönələn səmərəli hüquq siyasətinin həyata keçirilməsi tələb olunur” [12].

“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lansarote Konvensiyası) 7-ci maddəsinə əsasən, “... hər bir Tərəf zəruri hallarda bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı əməli törədə biləcəklərindən ehtiyatlanan şəxslərin əməli törətmə təhlükəsini qiymətləndirmək və qarşısını almaq üçün nəzərdə tutulmuş səmərəli müdaxilə proqramları və ya tədbirlərindən istifadə etmək imkanını təmin edir” [10].

“Uşaq hüquqları haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən, AR-in normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir [15].

 

III. Hüquqi boşluqlardan əmələ gələn problemlər

1.  Təcrübədə kino, teatr, sirk, konsert və sair mədəni-kütləvi tədbirlərdə aktyor, natura, aparıcı, rəqqas, vokal və sair tədbiri həyata keçirən iştirakçı qismində 15 yaşı tamam olmuş şəxslərlə əmək müqaviləsi bağlanılır, lakin iştirak etdiyi mədəni tədbirin yaş kateqoriyalarına uyğun olub olmamasına, uşaq psixologiyasına zərər yetirib yetirməməsinə heç bir dövlət orqanı nəzarət etmir.  Məsələn, “18+” yaş kateqoriyasına aid edilən filmdə 15 yaşlı uşaq aktyor qismində əməyə cəlb olunur və onun yaş təsnifatına uyğun olmayan zərərli informasiya kontentində iştirakına uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarının icazə, nəzarət mexanizmi qanunvericilikdə müəyyən olunmamışdır. Belə ki, Uşaqların zərərli informasiyadan qorunması haqqında AR Qanunun 1.0.9-cu maddəsinə əsasən, “... uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumat...” [16] uşaqlar üçün zərərli informasiya hesab olunur. Uşaq əməyinin sadalanan bədii materiallarında, yaradıcılıq əsərlərində aktyor, natura qismində istifadə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar) icazəsi vasitəsilə həyata keçirilməsini mütləq hesab edirik. Həmin orqanın icazə qərarında uşaq əməyinin nədən ibarət olması, uşağa zərərli olan kino və sair bədii əsərin çəkilişi, hazırlanması zamanı psixoloqun, uşağın qanuni nümayəndəsinin iştirakının təmin olunması da müəyyən edilməlidir. İcazə sənədinin alınması üçün uşağın cəlb edildiyi səhnələrin ssenarisi oxunmalı və zərərliliyi dəyərləndirilməlidir. Həmçinin, icazənin verilməsi üçün uşağın psixoloji və fiziki sağlamlığının yoxlanılmasını təsdiq edən tibbi rəyin verilməsi də təklif olunur. Müvafiq icra hakimiyyəti orqanının ekspert rəyinin AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən verilməsini  məqsədəmüvafiq hesab edirik. Ekspert rəyinin verilməsi üçün bu orqana filmin, teatr tamaşasının və yaxud digər planlaşdırılan mədəni-kütləvi tədbirin ssenarisi təqdim olunmalıdır. Uşağın psixoloji gərginliyə tab gətirməsini müəyyən etmək və uşağa dəyəcək zərərin qiymətləndirilməsi üçün bu orqanın  psixoloq-pedaqoqunun rəy verməsi məntiqli və obyektiv hesab olunur. AR qanunvericiliyinə görə, İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasını da AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradır [14].

2.  Kino, teatr və digər yaradıcılıq əsərlərinin hazırlanması zamanı  uşaqla əmək müqaviləsi bağlanmadığı təqdirdə, onunla (qanuni nümayəndəsinin razılığı ilə) mülki müqavilə bağlanılır. Lakin uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumları (yəni yerli icra hakimiyyəti orqanı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yenə də bu proseslərdən kənar qalır və heç bir maneə, hüquqi çərçivə olmadan mülki müqavilə vasitəsilə uşağın bu və ya digər yaradıcılıq əsərində əməyindən istifadə olunur. Məsələn, Azərbaycanda çəkilən “Apatiya 2” filmi “18+” yaş kateqoriyasına [2] aid edildiyi halda, 10-11 yaşlı uşaqların zorakılıq və sair səhnələrdə aktyor qismində oynaması üçün hüquqi çərçivələr, qaydalar  mövcud olmadığına görə, heç bir dövlət orqanından icazə alınmamış, uşaqların filmdə oynamaq üçün psixoloji durumu dəyərləndirilməmişdir. Mülki münasibətlərdə uşaqların bu sahədə iştirakını tənzimləmək və dövlət nəzarətini artırmaq  üçün qanunvericilikdə müvafiq dəyişiklik edilməsini  zəruri hesab edirik.

 

IV. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (ərizə № 35582/15; 12.02.2019-cü il tarixli Qərarı ilə) “İ.V.T. Rumıniyaya qarşı” işində valideynin razılığı olmadan 14 yaşa çatmamış uşağın sinif yoldaşının ölümü ilə bağlı televiziya verilişində iştirak etməsini Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozulmasını müəyyən etmişdir [6]. Məhkəmə uşağın televiziya proqramında iştirakını nəzərdən keçirmiş  və presedent hüququ ilə bağlı ciddi tələblər qoymuşdur:

· Videoda iştirak edərkən uşağın yaşı, həssaslığı və şəxsiyyəti nəzərə alınmalıdır;

· Uşağın və onun qanuni nümayəndələri əvvəlcədən məlumatlandırılmalı və onların razılığı alınmalıdır;

· 14 yaşına çatmamış uşaqlara üzrlü səbəb olmadan cinayətlər və ya dramatik hadisələr nümayiş etdirmək qadağandır [10].

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (ərizə № 29392/95; 10.05.2001-ci il tarixli Qərarı ilə) “Z və digərləri Böyük Britaniyaya qarşı” işində uşağa qarşı pis rəftar təşkil edən alçaldıcı həyat şəraitindən qorumaq üçün müsbət öhdəliyi olan sosial xidmətlərin hərəkətsizliyini Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozuntu kimi qiymətləndirmişdir [7]. 

 

V. Mədəniyyət sahəsində uşaq

əməyindən istifadə qaydasına dair xarici ölkələrin təcrübəsi

 Almaniyada uşaqların kino, televiziya verilişləri və sair mədəni-kütləvi tədbirlərdə iştirak etməsi ilə əlaqədar əmək münasibətləri Gənclərin Məşğulluğunun Müdafiəsi Qanunu və Uşaq əməyinin mühafizəsi haqqında Qərarı ilə tənzimlənir [4]. Həmin normativ hüquqi aktlara görə, uşaqların kino və televiziya verilişləri  çəkilişlərində iştirak etməsi üçün valideynlərin razılığından əlavə Uşaqların müdafiə Xidmətindən icazə və uşağın sağlamlığını təsdiq edən həkimin rəyi tələb olunur. İcazə sənədi müəyyən müddətə verilir və geri çağırıla bilər.

İngiltərədə uşaqların kino, televiziya verilişləri və sair mədəni-kütləvi tədbirlərdə iştirak etməsi ilə əlaqədar əmək münasibətləri Uşaqlar və Gənclər Aktı, Uşaqlar (Performans və Fəaliyyətlər) İngiltərə Qaydaları ilə tənzimlənir. Həmin normativ hüquqi aktlara görə, uşaqların kino və televiziya verilişlərində iştirak etməsi üçün onun yaşayış yeri üzrə yerli icra orqanları yanında Təhsil və Rifah Departamentindən lisenziya alınmalı, dövlət nəzarətini həyata keçirən işçiyə çəkiliş meydançasına istədiyi vaxt baş çəkməyə şərait yaradılmalıdır. Lisenziyanın verilməsi üçün uşağın oxuduğu məktəbdən izin sənədi və sağlamlığını təsdiq edən tibbi rəy alınır [5].

 Rusiya Federasiyasında qeyd olunan məsələlər Əmək Məcəlləsinin 63-cü maddəsi ilə tənzimlənir: “kinoteatrlarda, teatr-konsert təşkilatlarında, sirklərdə valideynlərdən birinin (qəyyumun) razılığı və qəyyumluq və himayəçilik orqanının icazəsi ilə on dörd yaşına çatmamış şəxslərlə onların mənəvi inkişaflarına və sağlamlıqlarına zərər vurmadan əsərlərin yaradılmasında və (və ya) ifasında (sərgisində) iştirak etmək üçün əmək müqaviləsi bağlanıla bilər. Bu halda işçinin adından əmək müqaviləsi onun valideyni (qəyyum) tərəfindən imzalanır. Qəyyumluq və qəyyumluq orqanının icazəsi gündəlik işin icazə verilən maksimum müddətini və işin görülə biləcəyi digər şərtləri müəyyən edir” [13].

 

VI. Nəticə

Dövlət tərəfindən uşaqların hüquqlarının və üstün mənafelərinin səmərəli təmin edilməsi  məqsədi ilə onların inkişafına təsir edə biləcək neqativ təsirlərdən müdafiəsinə dair  müvafiq tənzimetmə və mexanizmlərin qanunvericilik qaydasında müəyyən edilməsi mütləqdir [12].

Beləliklə, AR-də yetkinlik yaşına çatmayanların mədəniyyət sahəsinə aid fəaliyyətdə, həmçinin zərərli informasiya kontentinin yaradılmasında hüquqi boşluğun, sadalanan digər problemlərin aradan qaldırılması və uşaq hüquqlarının təmin edilməsi üçün aşağıdakı qanunvericilik aktlarına dəyişikliklərin edilməsini təklif edirik:

1.    AR Əmək Məcəlləsinin 46.4-1-ci maddəsinə aşağıdakı  müddəa əlavə edilməsi:

“On beş yaşından on səkkiz yaşınadək olan şəxslərin öz yaşlarına uyğun olmayan kateqoriyaya aid kinofilmlərdə, teatr tamaşalarında, sirk və sair mədəni-kütləvi tədbirlərdə iştirak etməsi üçün əmək müqaviləsinin bağlanılması zamanı müvafiq icra hakimiyyəti orqanının icazəsi və müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi tələb olunur”.

2.    AR Mülki Məcəlləsinin 29.1-1-ci maddəsinə aşağıdakı müddəanın əlavə edilməsi:

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların öz yaşlarına uyğun olmayan kateqoriyaya aid kinofilmlərdə, teatr tamaşalarında, sirk və sair mədəni-kütləvi tədbirlərdə iştirak etməsi üçün mülki əqdlərin bağlanılması zamanı müvafiq icra hakimiyyəti orqanının icazəsi və müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi tələb olunur”.

3.    AR Mülki Məcəlləsinin 30.1-1-ci maddəsi aşağıdakı redaksiyada əlavə edilməsi:

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların öz yaşlarına uyğun olmayan kateqoriyaya aid kinofilmlərdə, teatr tamaşalarında, sirk və sair mədəni-kütləvi  tədbirlərdə iştirak etməsi üçün mülki  əqdlərin bağlanılması zamanı müvafiq icra hakimiyyəti orqanının icazəsi və müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi tələb olunur”.

4.    “Uşaq hüquqları haqqında” AR Qanunun 24-cü maddəsinə aşağıdakı müddəanın əlavə edilməsi:

“Uşaqların öz yaşlarına uyğun olmayan kateqoriyaya aid kinofilmlərdə, teatr tamaşalarında, sirk və sair mədəni-kütləvi tədbirlərdə iştirak etməsi üçün əmək müqaviləsinin  və yaxud mülki əqdlərin  bağlanılması zamanı müvafiq icra hakimiyyəti orqanının icazəsi və müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi tələb olunur”.

 

REFERENCES (ƏDƏBİYYAT):

1.    Apa News Agency, ITV warned over “Citizen A” series, November 20, 2024. (in Azerbaijani/ Apa Informasiya Agentliyi, “Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq edilib, 20 noyabr 2024). 

URL:  https://apa.az/media/vetendas-a-serialina-gore-itv-ye-xeberdarliq-edilib-877140 (last access: 14.04.2025). 

2.       “Apathy 2” airs on January 14, 2025  (in Azerbaijani/ Apatiya 2” yayıma çıxır, yanvar 14, 2025)

URL: https://kinoinfo.az/apatiya-2-yayima-cixir/ (last access: 15.04.2025).   

3.    Audiovisual Council  of the Republic of  Azerbaijan - Report 2024 (in Azerbaijani / Azərbaycan Respublikası Audiovizual Şurasının 2024-cü ilin hesabatı)

URL: https://acra.gov.az/az/xeberler/1330 (last access: 14.04.2025). 

4.    Children and youth protection.

URL: https://handbookgermany.de/en/child-youth-protection?utm_source=chatgpt.com (last access: 14.04.2025). 

5.    Child perfomance.

URL: https://www.nncee.org.uk/page/485/what-is-child-performance?utm_source=chatgpt.com (last access: 15.04.2025).

6.    European Court  case “I.V.T. v. Romania”. (application No. 35582/15; Decision dated 12.02.2019).

URL: https://hudoc.echr.coe.int/ukr#{%22itemid%22:[%22001-215919%22]} (last access 15.04.2025).

7.    European Court case “Z and Others v. the United Kingdom” (application no. 29392/95; Decision dated 10.05.2001).

URL: https://hudoc.echr.coe.int/fre#{%22itemid%22:[%22001-59455%22]} (last access 14.04.2025).

8.    Psychological support for children who have experienced violence and abuse in the family. Editor-in-chief Coval. N.A Tambov – 2014, p. 10 (in Russian / Психологическое сопровождение детей, переживших насилие и жестокое обращение в семье: [отв. ред. Н.А. Коваль]. Тамбов – 2014, стр. 10).

9.    Zhabskiy M.I. Sociocultural drama of cinema. Analytical chronicle (1969–2005) Moscow 2009, p. 172. (in Russian/ Жабский М.И. Социокультурная драма кинематографа. Аналитическая летопись (1969–2005 гг.). Москва: 2009, с. 172.

10.The Convention on the Protection of Children against Sexual Exploitation and Sexual Abuse, signed in Lanzarote on 25 October 2007.

11.The Convention on the Rights of the Child was adopted by the UN General Assembly on November 20, 1989, by resolution 44/25. Azerbaijan acceded to the UN Convention on the Rights of the Child in 1992, and to the two additional protocols to the Convention in 2002. 

12.The Decision of the Constitutional Court of the Republic of Azerbaijan dated 06.05.2024 on the related interpretation of Articles 32.2, 84.1 and 170 of the Criminal Code of the Republic of Azerbaijan in terms of Parts IV and VI of Article 17 of the Constitution of the Republic of Azerbaijan.

13.The Labor Code of Russian Federation dated by 30.12.2001, № 197-FL (in Russian / Трудовой Кодекс Российской Федерации от 30.12.2001 г. № 197-ФЗ).

14.The Regulations of the Expert Council on conducting age classification of information products (in Azerbaijani / İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi).

URL: https://e-qanun.az/framework/45591 (last access: 14.04.2025).

15.The Law on Childrens Rights. The Republic of Azerbaijan No. 499-IQ dated May 19, 1998 (in Azerbaijani / “Uşaq hüquqları haqqında” № 499-IQ nömrəli 19 may 1998-ci il tarixli AR Qanunu).

16.The Law on the Protection of Children from Harmful Information. The Republic of Azerbaijan No. 1310-VQ dated October 30, 2018 (in Azerbaijani / “Uşaqların zərərli informasiyadan qorunması haqqında” № 1310-VQ nömrəli  30 oktyabr 2018-ci il tarixli AR Qanunu).

 

THEORETICAL AND PRACTICAL PROBLEMS

OF MINORS’ PARTICIPATION IN CULTURAL ACTIVITIES,

AS WELL AS IN THE CREATION OF HARMFUL INFORMATION CONTENT

 

GUNAY ABASOVA[2]

 

 

Abstract

The article examines the legal basis for involving minors as actors, models and other performers in films, theater, circus, concerts and other cultural events, and also analyzes the issue of ensuring children’s rights in this area. Recently, in Azerbaijan, there have been more frequent cases of involving children in films with scenes of violence and cruelty, as well as those related to the age category 18+, in which children under 14 years of age were participated. The article identifies legal gaps in labor and civil legislation in this area. In addition, the analysis revealed the absence of medical examination of children to determine their mental and physical health  for participation in filming, as well as the absence of legal instruments and mechanisms for control by government agencies directly involved in protecting children’s rights over these processes. The article analyzes the legislation of England, Germany and Russia regulating the activities of minors in the cultural sphere, as well as the creation of harmful information content, and provides examples of regulating child labor in film production. In conclusion, the article formulates proposals for regulating labor and civil legislation in the sphere of involving children in film, theater, circus, concerts and other cultural events as actors, in kind and in other roles, as well as for the participation of relevant state bodies protecting children’s rights.

Keywords: minor, children’s rights, cultural activities, cultural events, cinema, harmful information, violence, cruelty, unethical statements, mass media, parent, positive obligation of the state. 

 

 

ТЕОРЕТИЧЕСКИЕ И ПРАКТИЧЕСКИЕ ПРОБЛЕМЫ УЧАСТИЯ

НЕСОВЕРШЕННОЛЕТНИХ В КУЛЬТУРНОЙ ДЕЯТЕЛЬНОСТИ,

А ТАКЖЕ В СОЗДАНИИ ВРЕДНОГО ИНФОРМАЦИОННОГО КОНТЕНТА

 

ГЮНАЙ АБАСОВА[3]

 

 

Резюме

В статье рассматриваются правовые основы привлечения несовершеннолетних в качестве актеров, натурщиков и других исполнителей в кино, театре, цирке, концертах и других культурных мероприятиях,  а также анализируется вопрос обеспечения прав детей в этой сфере. В последнее время в Азербайджане участились случаи привлечения детей в кинофильмах со сценами насилия и жестокости, а аткже относящихся к возрастной категории 18+, в которых участвуют дети в возрасте до 14 лет. В статье выявляются правовые пробелы в трудовом и гражданском законодательстве в этой сфере. Кроме того, в ходе анализа выявлено отсутствие медицинского обследования детей на предмет пригодности их психического и физического здоровья для участия в съемках, а также отсутствие правовых инструментов и механизмов контроля со стороны государственных органов, непосредственно занимающихся защитой прав детей, за этими процессами. В статье проанализировано законодательство Англии, Германии и России, регулирующее деятельность несовершеннолетних в сфере культуры, а также создание вредного информационного контента, приведены примеры регулирования детского труда в кинопроизводстве. В заключение статьи сформулированы предложения по регулированию трудового и гражданского законодательства в сфере привлечения детей к участию в кино, театре, цирке, концертах и других культурно-массовых мероприятиях в качестве актеров, в натуре и иных ролях, а также по участию в этом соответствующих государственных органов, защищающих права детей.

Ключевые слова: несовершеннолетний, права детей, культурная деятельность, культурно-массовое мероприятие, кино, вредная информация, насилие, жестокость, неэтичные высказывания, средства массовой информации, родитель, позитивное обязательство государства.