2025-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər
və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas
imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim
proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib.
Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair
and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim
edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Bundan əlavə, iclasda “Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və digər
normativ aktlara edilmiş son dəyişikliklər müzakirə olunub. Bu dəyişikliklərin
vəkillik institutunun fəaliyyətinə gətirdiyi yeniliklər diqqətə çatdırılıb. Həmçinin
Rəyasət Heyəti Vəkillərin İxtisas Komissiyasına vəkil üzvlərin təyin edilməsi məsələsinə
baxıb. Müzakirələrdən sonra Kollegiya üzvləri - Akif Əlizadənin və Gülnar
Qurbanovanın Komissiyaya vəkil üzvləri qismində təyin olunması barədə qərar qəbul
edilib.
Eyni zamanda iclasda bəzi
vəkillərin digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə
xitam verilməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım
göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə
olunaraq müvafiq qərarlar qəbul olunub.
Bundan başqa, bir neçə vəkilin
vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunamüvafiq
olaraq təsdiqlənib.
Həmçinin iclasda VK üzvü,
“Arbitrium” Vəkil Bürosunun vəkili Kənan İsmayılovun “Azərbaycan Vəkili”
elmi-praktik hüquq jurnalının 2025-ci il üçün “Konstitusiya və Suverenlik İli”nə
həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Cinayət prosessual hüquqda müdafiə
aktı – tərəflərin hüquq bərabərliyinin və çəkişmənin təmin edilməsinin vacib
elementi kimi” adlı elmi məqaləsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı məqalənin
elmi-praktik əhəmiyyəti, müdafiə institunun inkişafı baxımından verdiyi töhfələr
yüksək qiymətləndirilib, bir sıra təkliflər səsləndirilib. Rəyasət Heyəti məqalə
üzrə müzakirələrin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun hesab edib.
İclasın davamında intizam
xarakterli məsələlər də müzakirə olunub. Yol verdiyi ciddi intizam pozuntusu ilə
bağlı aparılan araşdırmanın nəticələri nəzərə alınaraq, bir vəkilin fəaliyyətinə
xitam verilməsi və onun Kollegiya üzvlüyündən xaric edilməsi barədə qərar qəbul
edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.



