Azərbaycan Respublikasının Ali Məhkəməsində "Femida Dialoq Platforması" çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə növbəti görüş baş tutub. Görüşdə vəkillərlə yanaşı, Ali Məhkəmənin hakimləri və Məhkəmə-Hüquq Şurasının üzvləri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları
salamlayaraq, bu görüşün məhkəmə hakimiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını
vurğulayıb. O, ikitərəfli müzakirələrin həm praktiki problemlərin aradan
qaldırılmasına, həm də birgə əməkdaşlığa mühüm töhfə verəcəyini qeyd edib.
Bildirilib ki, ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə
son illərdə həyata keçirilən islahatlar əsasən ədalət mühakiməsinə çatımlığın təmin
edilməsi, məhkəmələrin iş yükünün optimallaşdırılması, hakim korpusunun peşəkar
kadrlarla komplektləşdirilməsi, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması,
məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi və şəffaflığın artırılmasına
yönəlib. Qeyd edilib ki, məhkəmə-hüquq sahəsində aparılan islahatlara vəkillər
də öz töhfələrini verirlər. Həmçinin, vəkillərin qaldırdığı məsələlərin mütəmadi
şəkildə analiz edildiyi və onların həlli istiqamətində işlərin davam
etdirildiyi vurğulanıb.
Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında dialoqu yüksək qiymətləndirərək, bu müzakirələrin artıq silsilə xarakter daşıdığı bildirib. Sədr qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillik institutunun fəaliyyəti zamanı üzləşilən problemlərin araşdırılması, onların operativ şəkildə həlli və əməkdaşlıq mühitinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Bu təşəbbüsün vəkillərin peşə fəaliyyəti, eləcə də ədalət mühakiməsinə çıxış imkanlarının daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən sədr göstərilən diqqət və dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını ifadə edib. Eyni zamanda görüşün ədalət mühakiməsində xüsusi rolu olan vəkillik institutu üçün qarşıda duran məsələlərin birgə həlli baxımından təqdirəlayiq bir çağırış olduğu qeyd edilib. İlk görüşdə qaldırılan məsələlərin əksəriyyətinin artıq həll edildiyi diqqətə çatdırılıb və vurğulanıb ki, hazırda ölkəmizdə məhkəmə sahəsində baş verən müsbət dəyişikliklər artıq hiss olunmaqdadır. Vəkillərin məhkəmə-hüquq sisteminin inkişafında önəmli bir tərəfdaş olduğu və bu əməkdaşlığın hüquqi islahatların uğuruna birbaşa təsir göstərəcəyini vurğulayıb. Həmçinin, görüşlər nəticəsində əldə edilən tövsiyələr və irəliləyişlərin ölkəmizdə hüquqi sistemin daha da təkmilləşməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Sonra Ali Məhkəmənin Mülki
Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev son illərdə məhkəmə
sahəsində aparılan islahatlar, yeniliklər və qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra vəkilləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, konkret mövzular üzrə rəy və təkliflər səsləndirilib.





